Ayrılan kreditlər kənd təsərrüfatını dirçəldibmi? – EKSPERT PROBLEMLƏRİ SADALADI
İqtisadiyyat Nazirliyi (İN) yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2023-cü ildə 3276 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 193,8 milyon manat dəyərində güzəştli kredit ayrılıb. Bu barədə SİF İdarə Heyətinin sədri Osman Xaliyev ötən ildəki fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, investisiya layihələrinin ümumi dəyəri 459,9 milyon manatdır. Bu kreditlər sayəsində 3 mindən çox yeni iş yeri açıldığını dilə gətirən O.Xaliyev ayrılan kreditlərin 46,4 faizinin kənd təsərrüfatı məhsullarının istehsalına, 43 faizinin sənaye məhsullarının istehsalı və emalına, 5,5 faizinin xidmət sahəsinə, 4,5 faizinin isə turizmin inkişafı üzrə layihələrə yönəldiyini diqqətə çatdırıb. Bildirib ki, ötən il güzəştli kreditlərin 72 faizi bölgələrə, 28 faizi Bakı və Abşeron iqtisadi rayonuna yönəlib.
Bu kreditlər kənd təsərrüfatı sahəsində özünü doğruldubmu? Bu sahədə məhsuldarlığın artmasına, daxili tələbatın ödənməsinə, idxaldan asılılığın azalmasına ciddi təsir göstəribmi?
Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan “Aqrar İslahatlara Dəstək” İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli bildirib ki, ayrılan vəsaitlər aidiyyatı üzrə düzgün xərclənməyib.
İqtisadçının sözlərinə görə, məhz bu səbəbdən kənd təsərrüfatı sahəsində problemlər hələ də qalmaqdadır: “İndiyə qədər həyata keçirilən regional inkişaf proqramları çərçivəsində bölgələrin tərəqqisi üçün 110 milyard dollar vəsait ayrılıb. Əgər bu vəsait birbaşa regionların, o cümlədən kənd təsərrüfatının, emal müəssisələrinin, sənayenin inkişafına, yeni iş yerlərinin yaradılmasına yönəlsəydi, Azərbaycan daha da çiçəklənər və sürətlə inkişaf edərdi. Konkret ötən il kənd təsərrüfatı sahəsinə ayrılan kreditlərə gəlincə, bu sahədə çox ciddi problemlər qalmaqdadır. Bəzi problemlər öz həllini tapmasa, miqdarından asılı olmayaraq ayrılan maliyyə resursları sadəcə qeyri-səmərəli biznesi müflisləşməkdən qoruyacaq. Misal üçün, fermərlərin su çatışmazlığı problemi hər il ölkədə təkrarlanır. Suvarma suyuna olan ehtiyac ödənilməlidir. Bu cür ciddi problem həll olunmadan istədiyimizə nail ola bilmərik. Əgər bizim bir neçə il öncə suvarılan ərazimiz 1.4 milyon hektar idisə, indi bütün əraziləri suvarmağa ehtiyacımız var. Azərbaycanda əvvəllər yağış davamlı olaraq normal yağırdısa, indi intensiv yağır. Bu yağıntılar da kənd təsərrüfatına fəsadlar yaradır. Yəni, sel suları əmələ gətirir, daşqınlar yaradır, fermerlərə, kəndçilərə ciddi ziyan vurur”.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Azərbaycanda uzun müddətdir seleksiya ilə məşğul olunmadığını da dilə gətirib. Qeyd edib ki, ölkəmizin regionlarına uyğun, yeni və stress amillərə dözümlü sortlar yetişdirilmir: “Bu vəziyyət uzun müddətdir davam edir. Taxılçılıq, kartofçuluq və sair bu kimi sahələrdə seleksiya, suvarma problemləri öz həllini tapmalıdır. Bu problemlər həllini tapmadan məhsuldarlığı artıra, keyfiyyəti yaxşılaşdıra bilməyəcəyik. Bizim kəndlilər, fermerlər kapital qoyuluşu həyata keçirəcək, amma gəlirləri artmayacaq. Nəticədə onların bu sahəyə marağı get-gedə azalacaq. Bundan başqa, ölkəyə keyfiyyəti aşağı olan dərman preparatları, gübrələr gətirilir. Kəndlilərimiz əlavə xərc çəkərək bunlardan istifadə edirlər, lakin məhsuldarlıq artmır. Son 10 ilin statistikasına baxsaq görərik ki, Azərbaycanda kartof istehsalı azalıb, taxıl istehsalı son 2-3 il bundan öncə ilə müqayisədə 15 faizdən çox azalıb. Bir sözlə, bu sahələrdə irəliləyiş yoxdur. Ölkəyə kəsim üçün xeyli diri heyvanlar gətirilir. Keçən ilin 11 ayı ərzində ölkəyə 104.7 milyon dollarlıq diri heyvan gətirilib. Əgər yekun statistika yayımlansa görəcəyik ki, 2023-cü il ərzində bu rəqəm 120 milyon dollara çatıb. Bununla yanaşı, 2023-cü ildə əvvəlki illərlə müqayisədə daha çox, yəni 78 milyon dollarlıq ət idxal olunub. Eyni zamanda ölkəyə bitki yağı, şəkər idxalı da artıb”.
Məhərrəmli vurğulayıb ki, Azərbaycan özünü adları sadalanan məhsullarla təmin edə bilmir və 90 faiz idxaldan asılıdır. İqtisadçının fikrincə, bu məsələdə ən böyük yük yenə kəndlilərin üzərinə düşür: “Aidiyyəti qurumlar statistik məlumatları yaymaqla guya iş gördüklərini, kredit ayırdıqlarını göstərmək istəyirlər. Əksər dövlətlərdə, xüsusən də qonşu ölkələrdə fermerlər üçün verilən kredit resursları 5 faizə qədərdir. Azərbaycanda isə bu rəqəm iki dəfə yüksəkdir. Əsaslı işlər görmədən kənd təsərrüfatı sahəsinə kredit resursu ayırmaqla yalnız kəndliləri pis vəziyyətdə qoyurlar. Halbuki ilk növbədə kəndliləri düşünmək lazımdır. Onlar sonradan aldıqları maliyyə resursunu qaytarmaqda çətinlik çəkəcəklər. Çünki, məhsuldarlıq aşağı düşdükcə, kəndlilərin gəlirləri də getdikcə azalır. Səbəblər də bir qədər əvvəl vurğuladığım kimi, gübrə, dərman preparatlarının keyfiyyətsizliyi, fermerlərimizin toxum materialından istifadə etməməsidir. Onlar adi ərzaq kimi hazırlanıb əldə edilən məhsuldan toxum kimi istifadə edirlər və su problemi ilə üzləşirlər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay