Narın qiyməti yenidən artacaq?
Ölkədə mövsümi meyvələrdən biri olan narın qiyməti artıb.
Belə ki, bazarlarda narın qiymətinin bir kiloqramı 1,50-8 manat arası təşkil edir.
Satıcılar deyirlər ki, bahalaşma məhsulun qıt olması ilə bağlıdır və qiymət bir az da artacaq.
Hazırda mövsümü olan narın qiyməti niyə artır?
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Oxu.Az-a açıqlamasında narın qiymətinin artması barədə danışıb:
“Bu il nar meyvəsinin qiymət artımının əsas səbəbi yağıntının bol olması, yay aylarında günvurmanın müşahidə edilməsi, partlama və çürümənin olması kimi qiymətləndirilir. Satışa yararlı narın az olması qiymət artımına səbəb olub.
Topdansatış zamanı qiymət artımı müşahidə edilib, bazarlarda meyvənin bir kiloqramının qiyməti bu gün üçün 5-8 manat arasındadır. Bu isə demək olar ki, ötənilki qiymətlərlə eynidir. İllər üzrə təcrübə göstərir ki, nar meyvəsi, əsasən, yanvar və fevral aylarında özünün ən yüksək qiymət artımı dövrünü keçirir.
Bu zaman el arasında “sellofan narı” kimi adlanan meyvə 25-30 manat civarında satılır. Bu qiymət Bakı şəhərində yerləşən bazarlarda müşahidə edilir”.
Sədr əlavə edib ki, bu il nar meyvəsinin yığımı hələ də davam edir:
“Bu səbəblə biz istehsal və ixrac rəqəmləri ilə bağlı dəqiq bir məlumat verə bilmərik, lakin 2022-ci il üçün ölkə üzrə ümumi istehsal həcmi 187 000 ton olaraq qeyd edilib. Nar çaxırı ilə bağlı isə illər üzrə fərqlənən rəqəmlərlə rastlaşırıq, lakin orta hesabla 600-800 min standart şüşə qablaşdırma ilə çaxır istehsal edilir”.
İqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, bütün məhsulların yığımı bitdikdən sonra tələbatın qüvvədə qalması, lakin bazara təklif olunan məhsulun həcminin azalması qiymət artımına səbəb olur:
“Hər il bu vəziyyət müşahidə edilir. Hazırda nar istehsalının həcmi azalıb. Eyni zamanda, daha keyfiyyətli məhsulun ixracı mümkün qədər genişləndirilib. Nəticədə bazarlarda narın qiyməti artıb”.
© Oxu.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay