"Xırda təsərrüfatların iri korporasiyalarda birləşməsinə böyük ehtiyac var" - Ekspert
Azərbaycanda uzun müddətdir kənd təsərrüfatı sahəsində ixtisaslaşmış kiçik fermer təsərrüfatlarının iri korporasiyalarda birləşdirilməsinin vacib olduğu təbliğ edilir. Çünki təcrübə göstərir ki, iri təsərrüfat subyektləri kənd təsərrüfatı sahəsindəki problemlərin aradan qaldırılması, daha yüksək nəticə əldə etməyin əsas yoludur. Ən azından İsrail təcrübəsini buna misal göstərmək olar. Amma buna baxmayaraq, hələ də ölkəmizdə, kiçik istisnaları çıxmaq şərtilə, xırda təsərrüfat sahibləri iri koorporasiyalarda birləşməyə meyl göstərmir.
Valyuta.az-a açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, iri təsərrüfatların geniş yayılmasına nail olmaq üçün stimullaşdırıcı addımların atılmasına ehtiyac var:
“Ölkəmizdə xırda təsərrüfatların iri korporasiyalarda birləşməsinə böyük ehtiyac var. Bunun üçün ilk növbədə dövlət qurumları da onların birləşməsində maraqlı olmalıdır. Pay torpağı almış kəndlilərin heç də hamısı eyni həcmdə maliyyə resurslarına malik deyillər. Aldıqları pay torpaqları da bir-birindən fərqlənir. Bəzi əkin sahələri suya yaxın olsa da, digərlərində uzaq məsafədə olduğundan su ilə təminatda ciddi çətinliklərlə üzləşir. Bəzi xırda təsərrüfat sahiblərinin kifayət qədər təcrübəsi olduğu halda, digərləri belə bacarığa malik deyillər. Ona görə də kiçik təsərrüfat sahiblərini iri təsərrüfatlarda birləşməyə maraqlandırmaq lazımdır.
Hökumət elə siyasət aparmalıdır ki, fermer birləşməkdə maraqlı olsun. Bu istiqamətdə proqram qəbul edilməlidir. İri təsərrüfatlarda şəraitin daha cəlbedici olması, ucuz kredit resursuna çıxış, su ilə təminatın kollektiv olaraq təmin edilməsi, istehsal etdikləri məhsulun bazarda satışına imkan yaradılması, ucun texnikanın əldə edilməsi və fermerlərin bilik və bacarıqlarının artırılması ilə bağlı yerlərdə təlimlər keçirilməsi kimi stimullaşdırıcı addımlar atıldığı təqdirdə, təsərrüfatlarını iri korporasiyalarda birləşdirməkdə maraqlı olacaqlar”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay