Azərbaycanda ilk dəfə superintensiv texnologiya əsasında fındıq bağları salınır (FOTO)
Azərbaycanda ilk dəfə yeni superintensiv texnologiya əsasında fındıq bağlarının salınmasına başlanılıb.
Bağların salınması prosesində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri Xorvatiya, Ukrayna, Böyük Britaniyadan olan həmkarları ilə birgə fəaliyyət göstərir.
Meyvəçilik və Çayçılıq ETİ-nin direktoru İlham Qaraqurbanlı bildirib ki, fındıq bitkisinin superintensiv texnologiya əsasında becərilməsi tinglərin sıxlaşdırılmış əkini hesabına torpaqdan daha səmərəli istifadəyə imkan verir. “Bu texnologiya üzrə fındıq bağlarının salınmasında əsasən 3x0,6m və 3x0,7m əkin sxemlərindən istifadə olunur. Qeyd olunan əkin sxemləri bir hektar sahəyə 4700-5500 ədəd fındıq tingi əkilməsinə və hektardan məhsuldarlığın 8-10 tona çatdırılmasına imkan yaradır”, - deyə İlham Qaraqurbanlı vurğulayıb.
Bu məqsədlə ölkəmizdə ilk dəfə müasir fındıq tingliyi yaradılıb. Ölkəyə yeni fındıq sortları gətirilib. Yeni üsulla salınan fındıq bağlarında quruma faizi demək olar ki, sıfıra endirilib.
Quba və Zaqatalada “Fındıq bitkisinin becərilməsində müasir yanaşmalar” elmi-praktiki seminarlarda fermerlərə superintensiv texnologiya əsasında fındıq bağlarının salınmasına dair geniş məlumat verilib.
Qeyd edək ki, respublikamızda fındıq bağlarının ümumi sahəsi 2015-ci ilə nisbətən 47,7 min hektar artaraq 2021-ci ildə 80,4 min hektar təşkil edib. Ümumi məhsul istehsalı 67,6 min ton olmaqla, hektardan məhsuldarlıq 1,9 sentner artaraq 13,7 sentnerə çatıb. Lakin respublikanın ayrı-ayrı bölgələrinin fındıqçılıq üzrə ixtisaslaşdırılmış təsərrüfatlarında müxtəlif kompleks aqrotexniki qulluq tədbirləri tətbiq etməklə 17-28 s/ha və daha çox məhsul əldə edilir. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda fındıq bağlarının gübrələnməsi və cavanlaşdırılması üzrə aparılmış təcrübələrin nəticələri göstərir ki, məhsuldarlıq kəskin sürətdə artır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay