Regionların aqrar potensialını necə üzə çıxartmaq olar? - Bu addımlar hələ də effekt vermir
“Əmək qabiliyyətli əhalinin 40 faizdən çoxu kənd təsərrüfatı üzrə ixtisaslaşan regionlarda yaşayır. Lakin aqrar sahənin, kənd təsrrüfatının çox inkişaf etməməsi səbəbindən yeni iş yerlərinin, məşğulluğun ciddi problem olduğu həmin ərazilərdə yaşayan əhali iş üçün sənaye şəhərlərinə, ya da ölkədən kənara üz tutur.”
Bu sözləri Valyuta.az-a iqtisadçı Pərviz Heydərov “bölgələrin aqrar potensialını necə üzə çıxarmaq olar” sualına cavab verərkən deyib.
İqtisadçı bildirib ki, Azərbaycanın iri sənayə şəhərləri, Bakı, Sumqayıt, Gəncə və digərlərində istehsal sahələri ilə ixtisaslaşıb. Zavod, fabrik, idarə, təşkilat və müəssələr bu şəhərlərdə yerləşir. Amma aqrar sahə üçün yararlı zonalar isə regionlarımız, bölgələrimiz sayılır:
“Lakin indi urbanizasiya daha çoxdur. Çünki keçmişdə arqar sahə daha çox çeşidli, geniş xarakter daşıyırdı. Hazırda ölkə iqtisadiyyatı birtərəfli inkişaf edir. Neft-qaz sektorunun ölkə iqtisadiyyatının aparıcı qolu olduğunu nəzərə alsaq, bununla aqrar sektorda dövlətin də gördüyü tədbirləri unutmasaq, yenə də real mənzərə ondan ibarətdir ki, məşğulluq səviyyəsini regionlarda şəhərlərdəki kimi həll etmək hələ də bizə müəssər olmayıb. Bunun da kökündə duran əsas səbəb regionlarda görülən tədbirlərin hələ tam mənada effekt verməməsidir. Bu sovet dövründə də, müstəqillik əldə edəndən sonra da belə idi”.
Pərviz Heydərov deyib ki, əvvəllər daha çox vətəndaşlarımız işləmək üçün Rusiyaya üz tuturdusa, indi orda da vəziyyət gərgin olduğu üçün həmin şəxslər Bakıya qayıdır:
“Bununla da ölkədə məşğulluq sahəsində problemlər yaranır”.
İqtisadçı bildirib ki, 90-cı illərdə kolxoz sisteminin dağıdılaraq torpaqların əhaliyə verilməsi çox mütərəqqi addım idi:
“Amma torpaqların vətəndaşlara paylanması ilə ortaya ağır mənzərə çıxdı. Çünki həmin vətəndaşlar öz torpaq sahələrinə bir istehsal vasitəsi kimi yanaşmadılar. Onlar torpaq sahələrini dəyər-dəyməzinə necə gəldi ya satdı, ya da icarəyə verərək, özləri iş dalınca şəhərlərə üz tutdu. Bununla da aqrar sektorda təmərküzləşmə, inhisarlaşma müşahidə olunmağa başladı”.
Pərviz Heydərov deyib ki, bu sahədə görülən işlər hələlik istənilən effekti vermir:
“Bir misal çəkim. Rayonlarımızın əksərində müasir tipli meyvə-tərəvəz emalı konser zavodları var. Bu zavodların təşkili əslində əhali üçün olduqca zəruri xarakter daşıyır. Çünki onlar öz sahələrindən əldə etdiyi meyvə-tərəvəzi lazımi qiymətə həmin zavodlara təhvil verə bilərlər. Bu da elə onların olduqları yerdə işlə təmin olunması deməkdir. Bununla da məşğulluq problemi həllini tapardı. Lakin belə olmadı. Həmin zavodların bir çoxu kənardan gələn xammalla işləyir. O zavodlara sərf etmir ki, qapı-qapı düşərək həmin fermerlərdən məhsul alsınlar. Onlara sərf edir ki, xammalı bir dəfəlik alaraq kütləvi şəkildə istehsal ilə məşğul olsunlar. Burda da zəncir qırılır. Digər bir problem taxılçılıqla bağlı olan problemdir. Xırda torpaq sahəsi olan fermerlərin taxılçılıqla məşğul olmasının heç bir səmərəsi yoxdu. Taxıl istehsalı ilə o şəxslər məşğul ola bilər ki, hektarlarla sahəsi olsun. Buna görə də torpaqdan əli çıxan kəndli üzünü şəhərə tutur”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay