Aqrar Məşğulluğun Artırılması Layihəsi çərçivəsində panel görüş keçirildi (FOTO)
Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində panel görüş keçirilib. Görüşdə müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, gənclərin aqrar sektorda məşğullluq səviyyəsinin artırılması və regionlarda layiqli iş şəraitinin, o cümlədən aqrar sektorda rəqabətqabiliyyətli mühitin yaradılması, məhsuldarlığın artırılması məqsədilə icra edilən AMAL layihəsinin uğurla icrası koordinasiyalı şəkildə səmərəli fəaiyyətinin nəticəsidir: “Hesab edirəm ki, əlaqəli fəaliyyətin və sıx kommunikasiyanın davam etdirilməsi müvafiq istiqamətlərdə inkişafı daha da sürətləndirəcək. Həmçinin, gənclərin aqrar sektorda iştirak səviyyəsini artırmağa, fermerlərin yaradıcı və innovativ potensialının üzə çıxarılmasına və müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinə töhfə verəcək”.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov AMAL layihəsini regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olan gənclərin bu sahədə biznes ideyalarının reallaşması və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verən mühüm layihə adlandırıb. Bu layihənin gənclər arasında sahibkarlıq mühitinin stimullaşdırılması, yeni nəsil biznes təşəbbüslərinin dəstəklənməsi və gənc fermerlərin öz arzularının gerçəkləşdirməsi üçün aqrar sektorda əlverişli bir imkan yaratdığını deyən Orxan Məmmədov vurğulayıb ki, birgə fəalyyət aqrar sahədə yeni nəsil fermerlərin inkişaf etməsi və gələcəkdə yeni layihələr üçün stimul yaradacaq.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, layihə ölkədə aqrar sektorda gənclərin iştirak səviyyəsinin artmasına, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqətin artırılmasına önəmli töhfələr verir.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli müasir dövrdə əmək bazarının transformasiyaya uğradığını, strukturunun dəyişdiyini, fermerlərin bu çağırışlara uyğunlaşmasının zəruri olduğunu vurğulayıb. Kənd təsərrüfatı sahəsinin əmək tutumlu sahə olduğunu deyən Mustafa Abbasbəyli aqrar sektorda belə layihələrin davamlı icrasının zəruri olduğunu qeyd edib.
Təmsil etdiyi qurumun AMAL layihəsinə dəstək verməkdə maraqlı olduğunu deyən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bu layihənin regionlarda icrasının genişləndirilməsinin vacibliyinə diqqət çəkib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan hökuməti arasında Tərəfdaşlıq Proqramının (FATP) idarəetmə mütəxəssisi Namiq Məmmədov AMAL layihəsi çərçivəsində görülən işlərə toxunub, layihənin nəticələri barədə təqdimatla çıxış edib.
Görüş panel müzakirələrlə davam etdirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay