Dağ kombaynlarının mexanizatorlarına sertifikatlar verilib - AQROSERVİS
"Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlara sertifikatlar təqdim edilib".
Bu barədə Valyuta.az-a məlumat verən “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, 2021-ci il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlər davam etdirilir.
Onun sözlərinə görə, indiyə qədər düzən sahələrdə biçin aparacaq kombayn mexanizatorları üçün təlimlər keçirilib.
“Aprelin 5-dən etibarən “Aqroservis” ASC və “New Holland” şirkəti tərəfindən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində “New Holland 5.90 Hillside” markalı innovativ taxılyığan kombaynları idarə edəcək mexanizatorlar üçün ödənişsiz təlimlərə start verilib və bu gün yekunlaşıb” – ASC sədri qeyd edib.
E.Rəhmanov təlimin məqsədi barədə də məlumat verib:
“Məqsədimiz MDB məkanında ilk dəfə Azərbaycan Respublikasına gətirilən və çətin relyefli sahələrdə biçin aparan yeni nəsil bu texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaqdır. Həmçinin, onların kombyanlara düzgün texniki xidmət göstərməsi, istismar zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması və təhlükəzlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır”.
Sədr, təlimdə 4 qrupdan ibarət olmaqla ümumilikdə 40 mexanizatorun iştirak etdiyini və sonda imtahanlardan uğurla keçmiş 35 mexanizatora sertifikatlar təqdim edildiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, təlimlər “New Holland” şirkətinin yüksək ixtisaslı mütəxəssisləri və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur:
“Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir. Təlimlərdə karantin rejiminin tələblərinə ciddi əməl olunur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay