BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
33452

Bakalavr təhsilini başa vuranda “Bəsdir, bundan sonra təhsil almaq istəmirəm” deyir. Ardınca magistr təhsili alır, hazırda isə doktorantura oxuyur. Bəs necə olub ki, fikrini dəyişib? Təhsil və karyera yolu haqqında danışdığımız müsahibimizə bu sualı da ünvanlamışıq.

Söhbət Cənubi Koreyada Seul şəhər İcra Hakimiyyətinin “Gangnam Qlobal Mərkəzi”nin direktoru, Koreya Ədliyyə Nazirliyinin imiqrasiya, inteqrasiya üzrə konsultantı Nihat Xəlilzadədən gedir.

N.Xəlilzadə eyni zamanda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin tərcüməçisi, Koreya İmiqrasiya Startap Mərkəzinin konsultantı və s. kimi bir sıra dövlət vəzifələrində çalışır.

- Nihat bəy, bugünkü uğurunuzun təməli hardan başlayır?
- Masallı rayonunda - Təzə Alvadı kəndində doğulmuşam. 4-cü sinfə kimi həmin kənddə oxumuşam. Çox güman ki hər şey ordan başlayır. Həmin dövrdə o məktəbdə oxuyan şagirdlərin demək olar ki, hamısının yaxşı karyeraları var. 4-cü sinfi bitirəndən sonra Bakıya gəldim, əmim uşaqları ilə bir yerdə “Ankara məktəbi” məktəb-liseyində oxudum.

- Masallıdakı orta məktəbdə necə mühit var idi?
- Direktorumuz Göyçək xanım bizə həm müəllim, həm də valideyn kimi yanaşırdı. Əlindən gələni edirdi ki, oxuyaq. “Oxuyun ki, sabahınız daha parlaq olsun” fikrini aşılayırdı. Təhsilə maraq yaratdılar. O yanaşma da gələcəyimizin təməlini yaxşı qoydu.

- Bəs 5-ci sinifdən sonra Bakıya gəlişiniz necə oldu?
- Yanvarın 13-ü doğum günümdür. 2000-ci il idi - 8 yaşım tamam olurdu. Atam məndən soruşdu ki, doğum günü hədiyyəsi nə istəyirsən? Dedim ki, Bakıya getmək istəyirəm. Daha yaxşı təhsil almaq üçün bunu istədiyimi dedim. Düşünürdüm ki, 5-ci sinifdən sonra daha da güclü təhsil olan yerlərə getməliyəm. 10 gün sonra atam məni Bakıya göndərdi. Bakıda evimiz olmadığı üçün gəlib əmimgildə qaldım, bir müddət sonra valideynlərim də Bakıya köçdü.

- Bakıda liseydə oxumağa başladınız. 8 yaşlı Nihatın Bakıya, liseyə öyrəşməsi necə oldu?
- Mən 5 yaşımda 1-ci sinfə getmişəm. Liseydəki sinif yoldaşlarımdan 2 yaş kiçik olacaqdım. Ona görə ilk dərs günü direktorun müavini sinfə gəlib soruşdu ki, Xəlilzadə Nihat kimdir? Ayağa qalxdım, dedi ki, ay oğul, sən otur, Xəlilzadə Nihat qalxsın. Çünki yaşım az idi, düşünmüşdü ki, balaca bir uşaq görəcək. Yaşın azdırsa, sinifdəki şagirdlərdən çox kiçik görünsən, sinif yoldaşlarınla uzlaşmaya, bulinqlə məruz qala bilərsən. Üstəlik də rayondan gəlmisən, ona görə mənə çətin olacağını düşündülər. Boy cəhətdən gördü ki, çox ciddi fərq yoxdur, oxumağa davam etdim. Düzdür, rayondan gəldiyim üçün uyğunlaşmaq bir az çətin olsa da, öyrəşdim.

“Ya o uşaqlardan uzaq dur, ya da məktəbdən çıx”

- Bakıda necə mühitə düşdünüz?
- Rayondakı kimi Bakıda da düşdüyüm təhsil mühiti çox yaxşı oldu. Müəllimlərlə yaxşı ünsiyyətimiz yaranmışdı. Həyatımda rolu olan müəllimlərim oldu. Mən nə qədər yaxşı oxusam belə, davakar şagird olmuşam. Məktəbdə çox dava etdiyim üçün direktorumuz valideynimi məktəbə dəvət etmişdi. Direktorumuz Səmayə xanım anama dedi ki, hiss edirəm ki, oğlunuzun enerjisi çoxdur, onu idmana filan yazdırın.

- Məktəbdəki şagirdlər adətən iki qrupa bölünür: davakarlar və yaxşı oxuyanlar. Yaxşı oxuyan, amma davakar şagird necə olur?
- (Gülür) Söhbət 7-9-cu siniflərdən gedir. Heç nəyi qəbul etmək istəmirsən, vurum, qırım, dağıdım kimi düşüncə çox aktiv olur. Yeniyetməliyin keçid dövrü idi. Həmin vaxt direktorumuz anama “Uşağı idmana yazdırın, səhv istiqamətə gedə bilər” – məsləhətini verməsəydi, bəlkə də oxuma tempim yavaş-yavaş aşağı düşəcəkdi. Ətrafımda müəyyən uşaqlar var idi. Direktorumuz mənə dedi ki, ya o uşaqlardan uzaq dur, ya da məktəbdən çıx. Məni o uşaqlardan uzaqlaşdırdığı üçün dərslərə daha çox fokuslandım. Yaxşı oxuyan uşaq idim, amma yeniyetməlik dövrü düzgün idarə olunmasa, təhsildən uzaqlaşma da ola bilir.

- Müəllim valideynlərinizi məktəbə çağıranda, valideynlərin reaksiyası necə oldu?
- Anam sərt davranırdı, amma getdi. Atam isə mənə deyirdi ki, sənin yaratdığın problemə görə məktəbə getməyəcəm. Özün o vəziyyətdən çıxmalısan. Atamın o yanaşması da mənə çox şeylər öyrətdi. Bu günə qədər hər hansı işi görəndə, kiməsə güvənib addım atmıram. Özümə əmin olanda, addım atıram.

- Universitetlərə qəbul imtahanında nə qədər bal topladınız?
- 563 idi deyəsən, tam dəqiq yadımda deyil.

- İxtisas seçimini niyə özünüz deyil, atanız etdi?
- Məktəbi bitirəndə, 16 yaşım var idi, o yaşda insan dünyanı vecinə almır. Ona görə düşündüm ki, valideynim qərar versə, daha yaxşı olar. Daha səmimi cavaba gəlincə (Gülür), düşünürdüm ki, əsas universitetə qəbul olum, sonra çox oxumayacam, diplom almaq üçün oxuyaram, bəs edər. Ona görə hansı ixtisas olması da çox fərq yaratmırdı.

- 600-ə yaxın bal toplamışdınız, niyə elə düşünürdünüz?
- 1990-92-ci il doğumlular məni yaxşı başa düşər. Universitetlərə qəbul balları yüksək idi. Hər kəs ixtisasdan daha çox, nə olur-olsun təki universitetə qəbul olum deyə düşünürdü. Universitetə qəbul üçün hazırlıq dövrü çox gərgin olurdu. O qədər çox oxumuşdum ki, bir növ oxumaqdan bezmişdim. Deyirdim ki, qəbul olum, sonra rahat olacam.

- Atanız sizin üçün Qafqaz Universitetinin təhsili ingilis dilində verən riyaziyyat və informatika ixtisasını seçdi.
- İlk gün şokda idim. Ödənişsiz olduğunu bilirdim, amma təhsilin ingilis dilində olacağını universitetdə bildim. Düzdür, yüksək səviyyədə ingilis dili biliyim yox idi, amma narahat olmadım. Mənə görə həyatda nə baş verirsə, bir səbəbi var. Ya sizi irəli aparır, ya da hansısa çətinlikdən qoruyur. Baş verən hər hadisədən dərs çıxarmağa çalışıram. Oxuya-oxuya ingilis dilini öyrəndim. Özüm öyrənirdim, eyni zamanda Azərbaycanda yaşayan Kevin adlı əcnəbi dostumla danışırdım. Onun mənə çox köməkliyi oldu. Çünki dili təkbaşına öyrənmək çətindir. İnsanlarla danışmalısan.

“Sosiska-çörək, corab, kalqotka satırdım”

- Universitet dövrünü necə keçirdiniz?
- Mənimlə eyn vaxtda universitetimizdə oxuyan tələbələr yaxşı xatırlayar. Dərslər başlayandan qısa müddət sonra universitet daxilində sosiska çörək satırdım. Evdə hazırlayıb aparırdım. Bir dövr oldu ki, corab, kalqotka satırdım.

- Valideynlərinizin sizə görə Bakıya köçməsi məndə ailənizin maddi durumunun yaxşı olması təəssüratı yaratmışdı. Ailənin maddi durumu yaxşı deyildi deyə, bunu edirdiniz?
- Orta imkana sahib ailə idik. Nə varlı idik, nə də acından ölürdük. Valideynlərim mənim xərclərimi qarşılaya bilərdilər. Elə çox xərcim də yox idi. Nəqliyyat və bir də nahar üçün pul çıxardı. Nahar üçün yeməyi də evdən apara bilirdim. Özüm pul qazanmaq istəyirdim. Ağıllı telefonların bizdə yeni ortaya çıxan vaxtı idi. Özümə telefon aldım. Tələbə vaxtı özümə Almaniyadan kompüter sifariş etdim. Evdən heç bir dəstək almadan bunu edə bildiyim üçün xoşbəxt olurdum.

- Bir tələbə universitetdə bu kimi satışlar edəndə, ətrafda ona pis baxan, həvəsdən salan, utandıran universitet yoldaşları da ola bilir. Bu cür reaksiyalar olurdu?
- İlk vaxtlar utana-utana edirdim. Bu, sadəcə başlanğıc üçün olan reaksiyam idi. Zamanla artıq utanmadım. Sualınızın cavabına gəldikdə, 3 cür insan var: biri dəstək verir, biri qarşı çıxır, biri də boş-boş danışır. Yanaşmam belədir: Dəstək olanlar varsa, təşəkkür edirəm. Qarşı çıxanlar varsa, arqumentlərini dinləyərəm. Doğru arqumentləri varsa, bəlkə nə isə öyrənərəm. Boş-boş danışanlara fikir vermək isə vaxt itkisidir. Dünyanın hər yerində boş-boş danışanlar olacaq, onlara fikir vermirəm.

- Və universiteti bitirdiniz...
- Mən universiteti bitirmədim (Gülür). Universitetdə oxuya-oxuya xarici universitetlərə müraciət edirdim. Cənubi Koreya Dövlətinin təqaüdünü qazandım, ona görə Azərbaycandakı təhsilimi yarımçıq qoyub gəldim.

- Təhsili yarımçıq qoyub getmək üçün hansı əsasınız var idi?
- Mən həmin vaxt rektorumuzla da danışdım. Dedilər ki, getməyini istəmirik. Dedim ki, bu universiteti bitirsəm, nə edəcəm? Dedilər kompüter mühəndisi işləyə, universitetdə müəllim ola bilərsən. Dedim nə qədər qazana bilərəm? O vaxt manatın səviyyəsi yüksək idi, dedilər 800 manat maaş alacaqsan. Qafqazı bitirənlərin aldığı ən yaxşı maaş o idi. Koreyada isə təkcə yaşayış üçün 800 dollar təqaüd qazanmışdım. Təhsil haqqımı ayrıca verirdilər. Müqayisədə gördüm ki, Koreyada olmaq mənim üçün daha məntiqlidir.

- Koreyada hansı ixtisas üzrə təhsil aldınız?
- Koreyada ixtisasım eyni olsa da, adı kompüter elmləri gedirdi. Düşündüm ki, Koreyaya gəlirəmsə, bizneslərlə də məşğul olmalıyam. Koreya dilini öyrənə-öyrənə biznes cəhdləri də edirdim. Dil öyrədirdim, restoranlarda işləyirdim və s. Məqsəd işləri öyrənmək və sonra o istiqamətdə biznes qurmaq idi. Elə tələbə vaxtı “Bakı” restoranını açdım. İki ilə yaxın işlətdim, sonra bağladım. Çünki yaşım az idi, biznes səhvlərim çox olurdu. İndi açsam, yüzdəyüz uğur qazanaram, amma indi əlimdə işlər çoxdur. İxracla məşğul olan şirkət qurmuşdum, o da yaxşı qazanırdı. Fərqli sahələrdə biznes cəhdlərim oldu.

“İşləyə-işləyə startaplar, kiçik bizneslər qurdum”

- Tələbəlik dövrünüz biznes cəhətdən aktiv keçib...
- Bəli, amma bir müddət sonra gördüm ki, fikrim ancaq biznesə yönəlir. Mən universiteti də bitirməli və ailə qurmalı idim. Bizneslərdən uzaqlaşdım və dərslərə fokuslandım. Universiteti bitirəndən sonra Bakıya qayıdıb evləndim və yenidən Koreyaya qayıtdım.

- Yenə biznes qurmağa başladınız?
- Ailə qurub Koreyaya qayıdandan sonra həyata baxışım dəyişdi. Mən çox risk götürən adam idim, amma risk etməyi azaltdım. Artıq təkbaşına deyildim, məsuliyyətim var idi. Kompüter mühəndisi olaraq bir şirkətdə işə başladım. Televiziyada işlədim, Azərbaycan mətbəxi nümunələri hazırlayıb festivallarda satırdıq, universitetlərdə Azərbaycan dilinin tədrisi və s. işlərlə məşğul olurdum.

- Biznesiniz olmadı?
- (Gülür) İşləyə-işləyə startaplar, kiçik bizneslər qurdum. 5 il əvvəl Koreya dövlətindən təklif gəldi ki, bizim qlobal mərkəzin direktoru olmağını istəyirik. Razılaşıb ora fokuslandım. İşlərin hamısını həyat yoldaşıma yönəltdim, o idarə edir.

- Mərkəzin fəaliyyət istiqaməti nədən ibarətdir?
- Koreyaya gələn əcnəbilərin Koreya mədəniyyətinə uyğunlaşması, koreya dilini öyrənməsi, Koreya daxilində iş tapması üçün məşğulluq seminarlarının təşkili, həmçinin startap, biznes qurmaları və s. üçün köməklik göstərir.

- Maraqlıdır, Koreya dövləti niyə sizi dəvət etdi?
- Belə təcrübə olmamışdı ki, qlobal mərkəzi bir əcnəbi idarə etsin. Koreyada böyük cəhdləri dövlət edir. Sistemi qurur, sonra onu vətəndaşlara verir ki, idarə edin. Biznesləri belə dövlət qurur, hazır olduqdan sonra məhsul və ya xidmətin satışa çıxarılması üçün vətəndaşlara müraciət edir ki, kim bunu satışını edə bilərsə, boynuna götürsün. Həmin qlobal mərkəzi dövlət 2008-ci ildə qurub. Məndən əvvəl 4 nəfər gəlib, heç birində uğurlu olmamışdı. Sonda məni çağırdılar, “nə etsən, sən edəcəksən” dedilər. 5 ildir burdayam, şükür ki işlərimiz əla gedir. Bir ay olar birbaşa Koreya prezidentinin idarə etdiyi tədbirdə ölkənin xarici siyasəti ilə bağlı məruzə etdim, təkliflər səsləndirdim.

- Təklifiniz nə idi?
- Tədbir “Tənzimləyici İnnovasiya Strategiyaları Görüşü” adlanırdı. Bu görüşü birbaşa prezident idarə edir. Baş nazir, nazirlər toplanır, mövcud problemdən çıxış yolu olaraq nələr edilə biləcəyini müəyyənləşdirməyə çalışırlar. Bunun üçün də təklifləri dinləyirlər. Koreyada xarici yönümlü siyasətin hansı formada aparılması ilə bağlı məruzə etdim. Hazırda Koreyada gənc nəsil evlənmək, uşaq sahibi olmaq istəmir, yaşlı nəslin sayı artır. Siyasət dəyişməlidir. Təkmillətli dövlətdirsə, çoxmillətli ölkə olmalıdırlar. Viza, iş, yaşayış və s. sistem hamısı dəyişməli, yenidən qurulmalıdır. Yenidən qurulması üçün təkliflər verdim.

“10 il könüllü olaraq Azərbaycan dili dərsləri verdim”

- Koreya mühitinə bu qədər yaxşı uyğunlaşmağınız necə oldu?
- Mənim Koreyada görmədiyim iş qalmadı. Fərqli sahələrdə işlədim, yaxşı əlaqələr qurdum. Çox ünsiyyətdə oldum deyə, qısa müddətdə həm ölkəni, həm insanlarını, həm də mədəniyyətlərini mənimsədim. Bizim qlobal mərkəzdə nahar vaxtı işçilər yeməyə çıxır, mən işdə oluram, hansısa işlərimi görürəm. Ofisə gələn zəngi özüm açıram, koreya dilində danışırıq. Sonra həmin şəxslər ofisə gəlirlər. Məni görəndə, deyirlər ki, bayaq koreyalı oğlanla danışdıq. Hər gün ən azı iki dəfə bu baş verir (Gülür). Dili tam öyrəndim, ana dilim səviyyəsində danışıram. Az müddət deyil, 13-14 ildir burdayam.

- Könüllü olaraq Koreyada Azərbaycan dili dərsləri də vermisiniz. Ümumilikdə, Azərbaycanın təbliğatı istiqamətində aktiv olmusunuz. İndiki vəzifədə nələr edirsiniz?
- 10 il könüllü olaraq Azərbaycan dili dərsləri verdim. Bu gün Koreyanın hansısa dövlət qurumu Azərbaycanla əlaqə qurmaq, nə isə layihə həyata keçirmək istəsə, birinci əlaqə saxladıqları adam mənəm. Konsultasiya verirəm, köməklik göstərirəm. İndi ölkələrimiz arasında əlaqələrin qurulması istiqamətində işlərə cəhd edirəm.

Burada vəzifəmin artması ölkələrimiz arasında əlaqələrin qurulması üçün yaxşıdır. Təsəvvür edin ki, prezidentimiz, nazirlərimiz oturub, başqa ölkənin vətəndaşı bizim prezidentə ölkəmizlə bağlı məruzə edir. Təbii ki o adam kimdirsə, artıq ölkədə hər kəs həmin şəxsin hansı ölkədən olması ilə maraqlanacaq. Bunun özü böyük təbliğatdır. Prezident qarşısında təqdimatdan sonra bir televiziya kanalında çıxışda dedim ki, Azərbaycandanam. Həmin gün Koreyada axtarış saytlarında adım ilk yerdə çıxırdı. Hamı axtarıb ki, Nihat Xəlilzadə kimdir? Çünki koreyalıları o qədər yaxşı bilməyim onlarda o təəssüratı yaratmışdı.

Çalışıram ki, burada təhsil alan, özünü doğruldan azərbaycanlılara dəstək olum, özlərini inkişaf etdirsinlər, mənim onları gətirə biləcəyim vəzifələrə rahatlıqla gedəcək kadr olsunlar.

- Bəs Azərbaycandan ora işləmək üçün gəlmək istəyənlər nələri bilməlidir?
- Koreya yaşamaq, işləmək üçün məsləhətli ölkələrdəndir. Bura gəlmək üçün çox müraciətlər olur. Gəlib iş tapım işləyim, qaçqın kimi gəlim və s. kimi yanaşmalar qətiyyən düzgün fikir deyil. Koreyada imiqrasiya iki cür olur: ya təhsillə, ya da eviliklə. Təhsillə gəlsən, sənə qapı açıqdır. Koreyalı ilə evilik də dünyaya qapıların açılması deməkdir (Gülür). Dünyanın ən yaxşı pasportlarından birinə sahib olursunuz. Dünyanın istənilən ölkəsinə rahatlıqa gedə bilərsiniz. Kimsə bura işləmək üçün gəlmək istəyirsə, öz sahəsi üzrə ən azı bir il təcrübəsi olmalıdır. İkincisi, o sahə onun ixtisası olmalıdır. Üçüncüsü, sahəsi ilə bağlı Koreyadakı şirkətlə müqaviləsi olmalıdır. O zaman işləyə bilər. Bu, o qədər də asan məsələ deyil. Təhsilin, təcrübən və burada çalışmaq istədiyin sahə eyni olmalıdır.

- Nihat bəy, bakalavr təhsilini formal olaraq almaq istəyən gənc bu gün doktorantura oxuyur. Yanaşmalarınızda nə dəyişdi?
- Bakalavr təhsilini alanda, dedim ki, bəsdir, bundan sonra təhsil almaq istəmirəm. Bakalavr bitdi, ailə qurdum, işə başladım, amma magistratura oxudum. İndi uşaqlar da var, mən doktorantura təhsili alıram. Sadəcə başa düşdüm ki, təhsil ömür boyu gedir, bitmir.

- Burada Koreya mühitinin rolu var?
- Yəqin ki var. Koreya çox dinamik ölkədir. Azərbaycanda çox savadlı dostlarım var, amma baxıram ki, stabil həyata öyrəşirlər. Bir işə başlayandan sonra rahatlayıb “yavaş-yavaş vəzifəm qalxacaq” kimi düşünənləri çoxdur. Özlərini inkişaf etdirməyi o qədər də düşünmürlər. Mən bura gələn azərbaycanlılara arada pulsuz seminarlar verirəm ki, aktiv olsunlar. 5 ildir bu vəzifədəyəm, vəzifədə otursam, stabil gəlirim olacaq. Magistr, doktorantura etdim ki, gələcəkdə geri qalmayım. Eyni vəzifədə olan koreyalılarla böyük fərqim var. Yeni vəzifəyə kimisə götürəndə, ilk ağıla gələn siz olmalısınız. Bunun üçün özünüzü davamlı inkişaf etdirməlisiniz.

Aygün Asimqızı // VALYUTA.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin