Redaktor
"Tesla"dan İlon Maska 29 milyard dollarlıq mükafat - Amma şərtlər var
"Tesla" şirkət səhmlərinin dəyərini artırdığı üçün baş direktor İlon Maska 29 milyard dollar dəyərində səhm mükafatı ayırıb.
Valyuta.az xəbər verir ki, bununla belə, bu yeni mükafat paketinin Maskın hesabına dərhal keçmədiyi və əldə olunması üçün müəyyən şərtlərin yerinə yetirilməsi tələb olunduğu açıqlanıb. Qeyd edək ki, Maskın 2018-ci ildə əldə etdiyi daha böyük bir mükafat paketi isə hələ də məhkəmə prosesindədir.
Yeni 29 milyard dollarlıq paketə əsasən, İlon Maskın bu ödənişi tam şəkildə qazanması üçün azı iki il daha "Tesla"nın baş direktoru vəzifəsində qalması və müəyyən performans meyarlarını yerinə yetirməsi tələb olunur.
"Tesla"nın İdarə Heyətinin səhmdarlara ünvanladığı məktubda deyilir: "İlon Maskın sahibkarlıq təşəbbüslərinin, maraq dairəsinin və vaxtını və diqqətini tələb edə biləcək digər potensial fəaliyyətlərin – "xAI", "SpaceX", "Neuralink", "X Corp." və "The Boring Company"dəki liderlik rolları da daxil olmaqla - çoxşaxəli və geniş olduğunu qəbul edirik. Bununla belə, bu mükafatın onu "Tesla"da qalmağa, özünəməxsus liderlik qabiliyyətlərini səhmdarların maraqlarına yönəltməyə, şirkətin səhmlərinin dəyərini artırmağa və "Tesla"ya istedad cəlb etməyə və onları qoruyub saxlamağa təşviq edəcəyinə əminik. Aydın şəkildə bildiririk ki, İlonun itkisi təkcə onun bacarıqlarının itirilməsi deyil, həm də "Tesla"da istedadlı kadrların cəlbi və saxlanılması üçün cazibədar liderin itirilməsi deməkdir".
"Tesla"nın İdarə Heyətinin mesajı aydındır: "Başqa şirkətlərlə də məşğul ol, amma ən çox diqqətini "Tesla"ya ver, səhmlərimizin dəyərini artır, bizi zəngin et, biz də sənə bu 29 milyard dollarlıq mükafatı verək".
Eyni zamanda, İlon Maskın ən azı iki il daha baş direktor vəzifəsində qalması tələb olunur. Bu isə hər iki tərəf üçün olduqca sərfəli bir razılaşma kimi görünür.
Paşa Məmmədli