Redaktor
Şirkət üçün faydalı, işçi sağlamlığı üçün yox - Ayaq üstü iş necə olmalıdır?
Son vaxtlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan mövzulardan biri də bəzi iş yerlərində əməkdaşların uzun müddət ayaqüstə işləməsidir. Xüsusilə, marketlərdə kassada çalışan işçilərlə bağlı mövzu müzakirə mövzusu olur. Bu yanaşma bir tərəfdən iş rejiminin intizamını və sürətini artırmaq məqsədi daşısa da, digər tərəfdən işçilərin sağlamlığı və uzunmüddətli iş performansı baxımından suallar doğurur. Bu, nə dərəcədə düzgün yanaşmadır? Şirkətlər belə halların qarşısını almaq və iş mühitini yaxşılaşdırmaq üçün hansı tədbirləri görməlidir?
Mövzu ilə bağlı Valyuta.az-a danışan İnsan Resursları üzrə ekspert, karyera və liderlik üzrə holistik kouç Nərgiz Seyidzadə bildirib ki, ümumilikdə, insan resursları idarə edilməsində iş şəraitinin yaxşılaşdırılması vacib məsələlərdəndir: “İş mühiti nə qədər optimal və insan yönümlü olarsa, əməkdaşların məhsuldarlığı və işə bağlılığı da bir o qədər yüksək olur. Ona görə də, ən düzgün və balanslı yanaşmalardan biri, işçilərə həm oturaq, həm də ayaqüstə işləməyə imkan yaradan mühitin qurulmasıdır”.
Uzun müddət ancaq oturaraq işləmək də sağlamlığa ziyandır
Ekspert bildirib ki, uzunmüddətli oturaq işin nə qədər fəsadlarının olması artıq sübut olunub. Onun sözlərinə görə, işçilər öz sağlamlığını düşünməlidir: “İşçilər də özlərində hər iki vəziyyətdə işləmək bacarığını inkişaf etdirməlidirlər. Bu, eynilə su içmək vərdişi kimidir: bəzən ehtiyac hiss etməsək də, bu, orqanizm üçün vacibdir və zamanla vərdişə çevrilməlidir”.

Yalnız ayaq üstə işləmək şirkətlər üçün əlavə xərc və resurs itkisinə gətirib çıxara bilər
Ekspertin fikrincə, ancaq iş yerində yalnız ayaq üstə iş rejiminin tətbiqi, oturaq iş şəraitinin olmaması əməkdaşlar tərəfindən şəraitsizlik kimi qiymətləndirilə bilər, hətta onların işdən ayrılmasına səbəb ola bilər: “İşçi dövriyyəsi insan resurslarının idarə olunmasında əsas meyarlardan biridir və dövriyyənin artması şirkətlər üçün göstərici olacaq. Yalnız ayaq üstə iş şirkətlər üçün əlavə xərclər və resurs itkisinə gətirib çıxara bilər.
Ayaq üstü işlərin məhsuldarlığa müsbət təsir etməsi hallarına rast gəlindiyindən şirkətlər bunu praktika edirlər. Xüsusilə istehsalat sektorunda daha çox müşahidə olunur”.
Xaricdə bu sahədə müxtəlif təcrübələri müşahidə etmək olur
Ekspertin sözlərinə görə, xaricdə bu sahədə müxtəlif təcrübələr mövcuddur: “Almaniyada bir zavodda bir qrup işçi yalnız ayaqüstə işləyirdi. Lakin orada bu vəziyyətin yaratdığı diskomfortun qarşısını almaq üçün bir sıra tədbirlər görülmüşdü: işçilərin ayaqları üçün rahatlıq yaradan xüsusi döşəmələr, gözləri yormayan işıqlandırma sistemləri, səs-küyü minimuma endirən mühit və növbəli, qısaldılmış iş rejimi tətbiq olunmuşdu. Bu yanaşma əsasən istehsalatda, kommersiya sahələrində, məhsul ilə birbaşa təmasda olan əməkdaşlara tətbiq olunur”.
Əmək bazarı zamanla özünü tənzimləyir
N.Seyidzadə sonda qeyd etdi ki, əmək bazarı zamanla özü üçün optimal balansı tapır və özünü tənzimləyir: “Şirkətlər təcrübə əsasında nəyin faydalı, nəyin zərərli olduğunu müəyyənləşdirirlər. İş şəraitində edilən dəyişikliklərin real nəticələri çox keçmədən üzə çıxır. İnsan resursları baxımından baxdıqda, ən vacib hədəf uyğun işçini cəlb etmək, inkişaf etdirmək və onu şirkətdə saxlamaqdır. Bu məqsədə çatmaq üçün isə iş şəraiti və əmək mühiti əsas faktorlardan biridir. Şirkət görəndə ki, tətbiq etdiyi təcrübələr bu məqsədə xidmət etmir yanaşmasını çevik dəyişməli olacaq”.
Həkim terapevt Məlahət Abbasova bildirdi ki, uzun müddət ayaq üstə dayanmaq ayaq damarlarında gərginliyin artmasına və nəticədə aşağı ətrafların varikoz genişlənməsi - yəni varikoz xəstəliyinin yaranmasına səbəb ola bilər: "Yaş artdıqca, varikoz damarlarında tromboz - yəni damarlarda qan laxtasının əmələ gəlməsi riski yüksəlir. Tromboz isə ciddi fəsadlara, o cümlədən ağciyər və ürək damarlarının trombla tutulmasına və nəticə etibarilə ani ölümə səbəb ola bilər".

Çox ayaq üstə çalışmaq orqanları sıradan çıxarır
Həkim qeyd etdi ki, ayaq üstə uzun müddət qalmaq, daxili orqanların sallanmasına gətirib çıxara bilər: "Bu isə mədə, bağırsaq və böyrək xəstəliklərinin, eləcə də uşaqlıq sallanması kimi problemlərin yaranmasına səbəb ola bilər. Bundan əlavə, bu cür fiziki gərginlik sinir sisteminə də mənfi təsir göstərir. Nəticədə, insanlarda nevroz, psixi gərginlik kimi problemlər ortaya çıxır. Uzun müddət ayaq üstə dayanmaq onurğa sütununun əyilməsinə - skoliozun inkişafına da yol aça bilər".
Sərvanə Rəmixanova