Redaktor
"Renault" hərbi sifarişlərdən gəlirləri məhdudlaşdıracaq
“Renault” avtomobil konserni pilotsuz uçuş aparatları və digər hərbi layihələrdən əldə edilən gəlirləri ümumi dövriyyənin 5%-i səviyyəsində məhdudlaşdırmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri mənbələrə istinadən məlumat yayıb. Mənbələrdən birinin sözlərinə görə, “Renault” hərbi istehsala keçidlə bağlı “konservativ yanaşma” sərgiləyir.
FT yazır ki, bu limitin tətbiqi qismən kreditləşmə və investisiya sahəsində ekoloji, sosial və idarəetmə prinsiplərinin pozulmaması məqsədi daşıyır. Həmçinin şirkət “istehlakçı yönümlü avtomobil konserni kimi öz kimliyini qorumağa” çalışır.
Məlumata görə, “Renault” silah və zirehli texnika istehsalçıları ilə tərəfdaşlıq üzrə danışıqlar aparır. Xüsusilə şirkət Belçikanın “John Cockerill” və zirehli texnika istehsalçısı “Arquus” ilə dron istehsalı imkanlarını müzakirə edir, lakin bu danışıqların nəticəsiz qalma ehtimalı da var.
Yanvar ayında “Renault” Ukrayna üçün dron istehsalı ilə bağlı Fransa şirkəti “Turgis Gaillard” ilə müqavilə bağlamışdı. İstehsalın “Renault”un Le-Man şəhərindəki zavodunda həyata keçirilməsi planlaşdırılırdı; həmin müəssisədə “Renault”, “Dacia” və “Alpine” markaları üçün avtomobil hissələri də istehsal olunur. Tərəflər ilin sonunadək pilotsuz uçuş aparatının prototipinin hazırlanması üçün Fransa Müdafiə Satınalmaları Agentliyi “DGA” ilə razılığa gəlmişdi. Aylıq 600-ə qədər dron istehsalının təşkili nəzərdə tutulurdu.
2025-ci ildə Fransa hökuməti ölkənin müdafiəsinin gücləndirilməsi, Ukraynaya dəstək və silah tədarükündə geriliyin aradan qaldırılması məqsədilə “Renault”dan hərbi dron istehsalına qoşulmağı xahiş etmişdi. Lakin şirkət daxilində bu təşəbbüs birmənalı qarşılanmayıb. Mümkün problemlər sırasında zavodların təhlükəsizliyi və istehsalın kiberhücumlardan qorunması məsələləri qeyd olunub.
Paşa Məmmədli