Redaktor
"Nvidia" GeForce RTX 50 videokartlarında "aqressiv endirimlər"ə hazırlaşır
"Nvidia" və onun partnyorları GeForce RTX 50xx seriyasına aid videokartların qiymətlərində "aqressiv endirimlər" tətbiq etməyə hazırlaşır. Gözlənilir ki, endirimlər artıq avqust ayında qüvvəyə minəcək.
Valyuta.az xəbər verir ki, "BoardChannels" və "Chiphell" platformalarının məlumatına görə, bu qərarın əsas səbəbi yeni nəsil GeForce RTX modellərinə tələbatın zəif olması və anbarlarda məhsul ehtiyatının yığılmasıdır. Xüsusilə bəzi regionlarda təchizat tələbatı əhəmiyyətli dərəcədə üstələyib.
Qiymət korreksiyası ASUS, MSI, Gigabyte və digər partnyor istehsalçılar üçün maya dəyərinə də təsir edəcək. Məqsəd – satış hədəflərinə çatmaq və bazarda likvidliyi qorumaqdır.
KİV-in yazdığına görə, bəzi partnyorlar artıq iyul ayının sonunda RTX 50 modellərinin qiymətlərini azaltmağa başlayıblar. Məsələn, GeForce RTX 5070 modelinin “Amazon” platformasında qiyməti 580 ABŞ dollarına qədər enib. Bu, müşahidələr tarixi ərzində ən aşağı qiymət hesab olunur.
Təxminlərə görə, yaxın həftələrdə GeForce RTX 50 seriyasına daxil olan bir çox model üzrə oxşar endirim kampaniyaları keçiriləcək. Lakin bu endirimlərin əsasən müvəqqəti aksiyalar olduğu bildirilir və qiymətlərin tam şəkildə yenidən qiymətləndirilməsi planlaşdırılmır.
Qeyd edək ki, əvvəlki məlumatlara görə, genişləndirilmiş yaddaşa malik RTX 50 Super seriyası 2025-ci ilin sonunda satışa çıxarılacaq. Məsələn, RTX 5080 Super 24 GB, RTX 5070 Super isə 18 GB yaddaşla təchiz olunacaq.
Bu arada "Nvidia" "Maxwell", "Pascal" və "Volta" arxitekturalı videokartlar üçün dəstəyini dayandırır. Bu siyahıya GeForce GTX 1060 və GTX 1080 Ti kimi populyar modellər də daxildir.
Paşa Məmmədli