Redaktor
Avropada bu il ən çox hansı avtomobil markası satılıb?
Avropa İttifaqı (Aİ) ölkələrində 2025-ci ilin yanvar–iyun aylarında ən çox avtomobil satışı həyata keçirən marka, 11,3 faizlik bazar payı və 630 min 868 ədəd satışla “Volkswagen” olub.
Valyuta.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatlarına əsasən, iyun ayında Aİ-də yeni avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq 1 milyon 10 min 201 ədəd olub.
Birlik ölkələrində satılan yeni avtomobillərin 33,8 faizi hibrid, 27,7 faizi benzinli, 16,7 faizi tam elektrikli, 9,3 faizi “plug-in” hibrid, 9 faizi dizel və 3,4 faizi isə digər yanacaq növləri ilə işləyən nəqliyyat vasitələri təşkil edib.
İyun ayında tam elektrikli avtomobil satışları illik müqayisədə 7,8 faiz artaraq 168 min 488 ədədə çatıb. Hibrid, tam elektrikli və “plug-in” hibrid modellərin birgə bazar payı 59,8 faiz olub.
2025-ci ilin ilk yarısında isə Aİ-də ümumi avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq 5 milyon 576 min 568 ədədə düşüb.
Həmin dövrdə satılan yeni avtomobillərin 34,8 faizi hibrid, 28,4 faizi benzinli, 15,6 faizi tam elektrikli, 9,4 faizi dizel, 8,4 faizi “plug-in” hibrid və 3,3 faizi digər yanacaq növləri ilə işləyib.
2025-ci ilin ilk 6 ayında modellər üzrə satışlara baxıldıqda, “Volkswagen” 11,3 faizlik bazar payı və 630 min 868 ədəd satışla lider olub. İkinci yeri 7,7 faizlə “Toyota” (427 min 500 ədəd), üçüncü yeri isə 6,4 faizlə “Renault” (355 min 650 ədəd) tutub.
“Skoda” 354 min 536 satışla dördüncü, “BMW” 324 min 667 ilə beşinci, “Peugeot” 311 min 112 ilə altıncı sırada qərarlaşıb. Bu markaları 288 min 196 satışla “Dacia”, 276 min 936 ilə “Mercedes”, 263 min 459 ilə “Audi” və 210 min 846 ilə “Hyundai” izləyib. Beləliklə, bu markalar ilk onluqda yer alıb.
İlk onluğu izləyən digər markalar isə bunlardır:
* “Kia” – 203 min 731
* “Citroen” – 179 min 131
* “Ford” – 162 min 605
* “Opel” – 156 min 83
* “Fiat” – 143 min 309
* “Cupra” – 130 min 432
* “Volvo” – 126 min 890
* “Nissan” – 113 min 133
* “SAIC Motor” – 107 min 171
* “Seat” – 99 min 825
2024-cü ilin yanvar–iyun aylarında Aİ-də 125 min 606 ədəd “Tesla” satılmışdı. 2025-ci ilin eyni dövründə bu rəqəm 43,7 faiz azalaraq 70 min 655-ə enib. Şirkətin AB-dəki bazar payı isə 2,2 faizdən 1,3 faizə düşüb.
Bu ilin ilk yarısında, ötən ilin eyni dövrü ilə müqayisədə benzinli avtomobillərin qeydiyyatı 21,2 faiz azalıb. Ən böyük azalma 33,7 faizlə Fransada qeydə alınıb. Digər əsas bazarlarda isə Almaniyada 27,8, İtaliyada 17,2, İspaniyada isə 13,4 faizlik azalma müşahidə edilib.
Eyni dövrdə elektrikli avtomobil satışları 22 faiz artaraq 869 min 271-ə çatıb və AB bazarının 15,6 faizini təşkil edib.
Paşa Məmmədli