16 yaşda iş həyatı, 22-də biznes, 25-dən çox qlobal şirkətlə əməkdaşlıq - Müsahibə

Redaktor

04.08.2025 09:54
1,783

16 yaşda iş həyatı, 22-də biznes, 25-dən çox qlobal şirkətlə əməkdaşlıq - Müsahibə

Maraq və enerji onu brendinq sahəsinə gətirib. Brendinq, dizaynı və texnologiyanın bir araya gəldiyi sahədə 7 il sonra “Jeyhun İmanov Studio”nun təməlini qoyur. Bu rahat olmur, qonşulardan, dostlardan kompüter taparaq 1 gündə ofisini qurur. 

Bu gün onun rəhbərlik etdiyi komanda təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində layihələrə imza atır. Birkart, Bolkart, aparıcı banklar və daha nələr... 

Söhbət Valyuta.az-la həmsöhbət olan Dizayn və brendinq sahəsi üzrə ekspert, sahibkar, “Jeykhun Imanov Studio” (JIS) innovasiya agentliyinin kreativ direktoru və təsisçisi Ceyhun İmanovdan gedir. 

- Ceyhun bəy, yaşınızdan çıxış etsək, biznesə erkən yaşda başlamısınız. İlk addımlarınızı neçə yaşınızda atmısınız?

- İlk işimə 16 yaşımda başlamışdım. Ailəm mənə kompüter almışdı, o dövrdə bu, nadir hal idi. Marağım var idi, proqramlar öyrənməyə başladım və təxminən bir il evdən çıxmadan öz üzərimdə çalışdım. Dizayna marağım yarandı – əvvəlcə kasetlərin üz qabıqlarını dizayn formatında hazırlayırdım, tez-tez çap mərkəzlərinə gedirdim.

Bir gün həmin mərkəzlərdən birinin rəhbərindən iş istədim, razılaşdılar və dizayner kimi başladım. Bir dəfə 5 saat işləyib 50 qəpik aldım. Etiraz etdim, onda rəhbər dedi ki, mən bu işi 2 dəqiqəyə edə bilərəm. O vaxt anlamasam da, indi başa düşürəm: bu, təcrübənin, sürətin və bacarığın dəyəri idi. Mən isə hələ yolun başlanğıcında idim.


 
- Elə bir hadisə varmı ki, o olmasaydı, siz bugünkü siz olmazdınız?

- Yollar öz-özünə açılır. Mənim ikinci işim bir qədər təsadüflə başladı. Tanışım jurnal hazırlayırdı, bir gün sənədləri verib dedi ki, bunlar son fayllardır, hər şey bunun içindədir. Amma həmin disket kompüterdə yoxa çıxdı. Mən də məsuliyyəti üzərimə götürüb, dedim ki, sənədləri silmişəm, amma gəlin bu işi pulsuz işləyim. O da təklifimi qəbul etdi. Bir az da pul verirdi. Sonra işlər bir-birini əvəz etdi. Hər yeni situasiya məni başqa bir sahəyə aparır, yeni insanlarla tanış edirdi. Bir tanışım başqa bir tanışı gətirirdi və  çevrəm getdikcə genişləndi. Təxminən 5 il ərzində 4-5 fərqli dizayn studiyasında çalışdım. Hər birində fərqli təcrübələr qazandım. Bu illər mənim 22 yaşlarıma təsadüf edirdi.

- 22 yaşında biznes qurmaq qərarı nə qədər planlı və impulsiv idi? Bu yaşda addım atmağınıza səbəb nə oldu?

- Hər şey mərhələli şəkildə başladı. 22 yaşımda dizayn sahəsində artıq tanınırdım, müştərilər agentliyə xüsusi mənim üçün gəlirdi. Bir gün onlardan biri “Niyə öz studiyanı açmırsan?”- deyə təklif etdi. Bir dəfə müştərimiz studiyanın neçə ildir fəaliyyət göstərdiyini soruşanda “bir ildir” dedim, halbuki hələ ofisimiz belə yox idi. Müştəri gəlmək istəyirdi. Görüşə qədər bir gündə dostlardan kompüterlər topladım, kiçik bir otaq icarəyə götürüb ofisə çevirdik. Müştəri gəldi, baxdı, şərait sadə idi, amma yanaşmamızı bəyəndi və müqaviləni bizimlə bağlamaq qərarı verdi. Elə həmin komanda ilə də studiyanı qurduq və inkişaf etdirdik.

- 20 ildir ki, fəaliyyət göstərirsiniz. Bu qədər uzunmüddətli davamlılığı necə qorudunuz?

- Düzünü desəm, dayanmırdıq, daima yeni ideyalar axtarırdıq. Dizaynlarımız həmişə fərqlənib, bu gün də bizi məhz yaradıcılıq və müasirlik üzərindən seçirlər. Biz ilk gündən məqsəd qoymuşduq ki, bu sahədə ən yaxşı olmalıyıq. Deyə bilərəm ki, o məqsədə 5 il əvvəl çatdıq.


 
- 5 il sonra nə baş verdi?

- 2016-cı ildə BP ilə əməkdaşlığımızın ilk ilindən sonra dünyada bu şirkətlə işləyən ən yaxşı tərəfdaş seçildik. Bu nöqtəyə asan çatmadıq. İlk vaxtlar, məsələn, bir caz festivalında pulsuz dizayn xidməti göstərdik, sadəcə loqomuzun görünməsi qarşılığında. Zamanla loqomuz tanındı, bununla da müştəri bazamız formalaşmağa başladı.
Sonradan fəaliyyət sahəmiz genişləndi. Artıq yalnız qrafik və veb dizaynla deyil, həm də reklam kommunikasiya, süni intellekt və biznes avtomatlaşdırması kimi sahələrlə də məşğul olduq. Komandamız böyüdü, bacarıqlarımız artdı.

- Şirkətiniz fəaliyyətə başlayanda bazarda sizinlə yanaşı rəqabət aparan güclü şirkətlər var idimi?

- Biz başladığımız dövrdə şirkətlərin sayı az idi. Rəqabət demək olar ki, yox səviyyəsində idi. Heç kim Avropa və ya Gerb standartlarında keyfiyyətli iş təqdim edə bilmirdi. O dövrlərdə dizayn sahəsi bugünkü qədər geniş deyildi. Bazar boş, amma keyfiyyətə tələbat yüksək idi. Buna görə də biz işimizlə seçilirdik. İndi komponentlər çoxalıb, rəqabət var, seçim imkanları çoxdur.Amma o vaxt İngiltərədən və ya digər xarici agentliklərdən nümayəndələr gələndə, bazarda demək olar ki, yalnız biz olurduq. İngiltərə və ABŞ-dən olan agentliklərlə birbaşa əməkdaşlıq edirdik. 

- Dizayn sahəsində biznes qurmağa sizi nə motivasiya etdi?

- Gənc yaşda insan maksimalist olur, içində daimi enerji və özünü sübut etmək istəyi olur. Mənim də motivasiyam təkcə pul qazanmaq yox, iz qoymaq idi. İllər keçdikcə anlayırsan ki, o vaxtkı güc və istək başqaymış. O zaman hər işə canla-başla girişirdik, hər şeyə “hə” deyirdik. Gecə saat 3-ə qədər ofisdə qalırdıq, amma yorulmurduq. Çünki bizi irəli aparan güclü bir səbəb vardı.

- İlk biznesinizi tək qurmuşdunuz, yoxsa o zaman artıq bir komandanız var idi?

- Rəsmi olaraq biznesi təkbaşına qurmuşdum, amma ətrafımda daim dəstək olan insanlar vardı. İlk iş otağımda tək deyildim, yanımda dostlarım, həmfikirlərim, birgə çalışan tərəfdaşlarım olurdu. Hər kəs öz bildiyini, bacardığını ortaya qoyurdu. Elə o ruhla da ilk studiyanı formalaşdırdıq.


 
- Ceyhun bəy, adətən gənclər biznes qurmaq istəyəndə ailələr tərəddüd edir. Vaxt və pul itkisi kimi baxanlar olur. Sizin evdə bu məsələyə münasibət necə idi? 

- Açığı ailəmin mənə olan dəstəyi çox yüksək idi. Mənim maşınım var idi və o vaxt düşündüm ki, bəlkə bir neçə ay ofisi idarə etmək üçün onu satım. Amma iş elə gətirdi ki, pula ehtiyac olmadı, sadəcə maşın arada getdi (Gülür). O vaxt çalışdığım işdə maaşım kifayət qədər yüksək idi – təxminən 2000 manata yaxın. Bu, 20 il əvvəl üçün  yüksək maaş idi. Çox dostum dedi ki, o qədər maaşı buraxma, amma ailəm dedi ki, necə istəyirsən elə də elə. Bu mənim üçün çox önəmli idi.

- Siz 20 il əvvəl biznes qurmusunuz. O dövrlə bu gün arasında biznes qurmaq baxımından hansı əsas fərqlər var?

- Hər dövrün öz çətinliyi var. Biz 20 il əvvəl də loqotiplər hazırlayırdıq, amma bu gün brendinq layihələri daha çoxşaxəlidir. Vaxtilə sadə bir vizual ilə başlanğıc etmək mümkün idi. İndi isə yalnız bir məhsulla və ya bir ideya ilə uğurlu biznes qurmaq çox çətindir - rəqabət qat-qat güclüdür. Eyni zamanda texnologiya dəyişir, imkanlar artır. Bu gün müxtəlif üsullarla süni intellektdən (AI) tutmuş, rəqəmsal analitikaya qədər məhsullar yaratmaq, prosesləri avtomatlaşdırmaq mümkündür.

- Biznes qurmaq çətin və məsuliyyətli prosesdir. Elə bir məqam olubmu ki, “dayanmaq vaxtıdır” deyə düşünmüsünüz?

- Uğurun böyük hissəsi komandadan asılıdır. Təkbaşına hər şey mümkün deyil. Komandada biri yıxılanda, digəri onu ayağa qaldırır. İllərlə bizimlə çalışan əməkdaşlarımız artıq şirkətin ruhunu yaşadır.


 
- Ceyhun bəy, 20 il əvvəl brendinq sahəsi bu qədər inkişaf etməmişdi. Siz isə məhz bu istiqamətə yönəldiniz. Bu uzaqgörənlik idi, yoxsa sadəcə maraq?

- Hər şey maraqla enerjinin birləşməsindən başladı. İnsan maraqsız yaşaya bilməz. Nə qədər pul qazansan da, işinə marağın yoxdursa, o pul xoşbəxtlik gətirmir. Təbii ki, maraq təkbaşına yetmir, pul da olmalıdır. Amma əsas enerji mənbəyi məhz maraqdır. Enerji hiss etmədiyim işlərə baxanda anlayıram ki, o işə maraqla başlamamışam. Hazırda bir çox AI sahəsində eksperimentlər aparıram. Ola bilsin ki, indi oradan böyük qazanc gəlmir, amma bilirəm ki, bu maraq gələcəkdə nəticə verəcək. Ofisdə belə deyirik: “Dünənki pul, bugünkü pul, sabahkı pul” – yəni qazanmaq davamlı bir prosesdir.

- Qlobal miqyasda hansı istiqamətlər üzrə işləyirsiniz?

- Qlobal səviyyədə üç əsas istiqamətdə fəaliyyət göstəririk. Birincisi, brendinqdir. "Şuşa" loqotipi, məşhur bankların vizual kimliyi - “Birkart”, “Rabita Bank”, "Bolkart" və.s brendlər və daha bir çox tanınmış layihələr komandamızın işidir.

İkinci istiqamət veb saytlar və rəqəmsal həllərdir. Həm yerli, həm də beynəlxalq müştərilər üçün korporativ saytlar, istifadəçi təcrübəsinə əsaslanan interfeyslər və “e-commerce” platformaları hazırlayırıq.

Üçüncü istiqamət isə biznesin avtomatlaşdırılması və süni intellekt həlləridir. Bu sahədə dünyanın aparıcı tərəfdaşları ilə əməkdaşlıq edirik. Məqsədimiz təkcə dizayn yox, eyni zamanda müştərilərə texnoloji üstünlük və effektivlik təqdim etməkdir.

- BP ilə ilk əməkdaşlığınızdan sonra Azərbaycanın bir çox aparıcı şirkətləri ilə də işlədiniz. Bu şirkətlər sizi necə kəşf etdirdilər?

- Burada vacib məqam var: bacarığınızı və iş keyfiyyətinizi göstərməlisiniz. İstəyiniz çox ola bilər, ortaya qoya bilmirsinizsə, sizi heç kim tanımayacaq. Bayaq qeyd etdiyim Caz festivalı buna yaxşı nümunədir. Biz orada işimizi pulsuz təqdim etdik, sadəcə logomuzun görünməsini istədik. Fərq etməz, nə edirsiniz, əsas məsələ bacardığınızı nümayiş etdirməkdir. Yaxşı iş görünəndə, müştəri özü gəlir. Birinci razı qalır, ikincini gətirir, o da başqasını. Beləliklə, etibar dairəsi qurulur və böyüdükcə bazarda yeriniz möhkəmlənir. Əsas məsələ işinizin görünməsi və bacarığınızı doğru yerdə göstərməkdir.

- Ceyhun bəy, sosial şəbəkələrdə səyahətləriniz diqqət çəkir. Ölkə gəzmək biznesinizə necə təsir edib?

- Bir müddət sonra anladıq ki, təlimlər və kitablarla öyrənmək bir yerə qədərdir – beyin dolur, amma ruh yenilik axtarır. Elə bu ehtiyac bizi dünya səyahətinə çıxardı. Britaniyada dizayn məktəbində oxuyanda Den adlı rus dostumla tanış oldum. O, səyahətləri planlı şəkildə təşkil edirdi. Məsələn, Yaponiyaya gedəndə 10 agentliklə görüş təyin edirdi və biz bir həftədə onlarla görüşürdük. 7-8 il ərzində 22 ölkədə 120-dən çox agentliklə tanış olduq. Bu görüşlər bizə öz səviyyəmizi, markamızın güclü və zəif tərəflərini aydın göstərdi. Və ən əsası biz başa düşdük ki, dünya səviyyəsində heç kimdən geri qalmırıq. Bu güvənlə daha da irəlilədik.

Bu səviyyələri keçdikdən sonra anladıq ki, yeni addımlar atmaq, irəliləmək lazımdır. Bu artıq süni intellekt (AI) və biznesin avtomatlaşdırılması mərhələsi idi.

- Siz xarici şirkətlərin içində olmuş, onların biznes idarəetməsini yaxından görmüş birisiniz. Bəs bu təcrübələrdən Azərbaycana hansı yenilikləri gətirdiniz?

- 7 il ərzində 120-dən çox agentliklə görüşmək təkcə bilik deyil, dəyərli insanlar qazandırdı. Əvvəlcə 3 nəfərlik komanda idik, sonra bu proses bizi beynəlxalq bir şəbəkəyə çevirdi. Tanışlıqlar dostluğa, dostluqlar isə əməkdaşlığa çevrildi. Bu təcrübə bizi biznesin avtomatlaşdırılması mərhələsinə apardı. Çağrı mərkəzləri, marketinq və HR texnologiyaları üzərində işləməyə başladıq. İndi 25-dən çox qlobal şirkətlə əməkdaşlıq edirik və süni intellekt əsaslı həllər təqdim edirik. Əməkdaşlıqlar artdıqca, biznesimiz də qlobal miqyasda böyüyür.

- Xarici bazarlarla işləmək təcrübəniz necə formalaşdı? 

- Xarici bazarlarla işlədikcə fərqlər aydın görünür. Məsələn, hazırda gəlirimizin 5-10%-i Qazaxıstandan gəlir, amma orada işləmək çətindir - sistemi anlamaq, orada yaşamaq lazımdır. 

İndiyə qədər 10-15 ölkədə, o cümlədən Nyu-York, İrlandiya, Fransa kimi bazarlarda fəaliyyət göstərmişik. Bu əlaqələrin əksəriyyəti isə xaricdəki azərbaycanlı mütəxəssislərin şəbəkəsi vasitəsilə qurulub. Məsələn, bir şirkət üçün sayt hazırlayırıq, nəticə bəyənilir və tövsiyə ilə yeni müştərilər gəlir. Keyfiyyət görünür və dəyərləndirilir. Buna görə də xarici şirkətlər bizim müştərilərimizə çevrilir.

- Ceyhun bəy, uğurlarınızı nəyə borclusunuz?

- Uğurun əsas sirri maraqdır. İşi sevərək, maraqla görürsənsə, nəticə qaçılmazdır. Amma uğur təkcə nəticə deyil, ətrafında sənin enerjini bölüşən bir komanda qurmaqdır. Mənim üçün qazandığım ən böyük dəyər məhz komandamdır. Biz lider şirkətlərlə işləyirik və bu, bizə həm təcrübə, həm də yeni baxış bucaqları qazandırır. Maraqlı insanlarla tanış olur, hər gün yeni biliklər qazanırıq. Uğur da məhz bu davamlı öyrənmə və paylaşma prosesindən doğur. İkinci əsas amil istəkdir. Biz dünyanın ən yaxşı dizayn studiyadan birini yaratmaq istəyirdik. Bu istək bizi irəli apardı və eyni məqsədi daşıyan insanlarla yollarımız kəsişdi.

- Brendinq sahəsində çalışmaq istəyənlərə, dizayna marağı olan gənclərə nə tövsiyə edərdiniz?

- Mənim əsas tövsiyəm: keçmişə deyil, gələcəyə baxın. Artıq süni intellekt, biznesin avtomatlaşdırılması və texnoloji yanaşmalar ön plandadır. Keçmiş uğurları təkrar etməklə gələcək qurmaq mümkün deyil. Əvvəllər özümü sadəcə qrafik və veb dizayner sayırdım. Fikirləşdim ki, dizayner hər şeyi yarada biləndir. İndi təkbaşına AI ilə çalışan tətbiqlər, Chat botlar, maliyyə məsləhətçiləri hazırlayıram. Əvvəllər bunun üçün komanda lazım idi, indi bir iki nəfər yetərlidir. AI-dən istifadə etmək lazımdır. Bu, təkbaşına böyük işlər görmək fürsətidir. Gənclər maraqlarını kəşf etməli, təcrübə toplamağa çalışmalıdır. Bir də çox “niyə” düşünməyin – sadəcə başlayın.

- 20 il ərzində sizinlə çalışıb gedənlər olubmu? Hansı ki, getsinlər öz şirkətlərini yaratsınlar? 

- Çoxusu şirkət yaratmır, xaricə gedir. Bizim 30 nəfərdən 15-i dünyadadır. Coviddən sonra anladıq ki, çox yaxşı orqanizə olmuşuq. Onlar 7 il burada işləyiblər. Bizim üçün problem yoxdur. İşçi idarə bilirsə problem yoxdur. 9-dan 6-ya kimi otur prinsipi ilə yanaşmırıq. İnsanın mənəvi idarəetməsi olmalıdır. Saat saymaq yox, nəticə önəmlidir. 

- Bəs siz özünüz mentorluq edirsinizmi?

- Əslində özüm də öyrənirəm. Elə çox öyrəniləsi şey var ki. Hər gün yeni texnologiyalar,  metodlar yaranır.  Səhər 6-da durmalısan, daim öz üzərində işləməlisən. Əgər dayansan, geri düşürsən. Tək yol irəliləməkdir.


Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...