Vətəndaşların hər gün şikayət etdikləri internet xidmətləri - Problem nədir? (ŞƏRH)
Bu gün ölkədə bir çox internet provayderlərinin fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən müxtəlif şikayətlər səsləndirilir. Şikayət edən vətəndaşların əksəriyyəti ödədikləri pulun qarşılığında internetin sürətini tam ala bilmədiklərini, gün ərzində internetin verilməsi ilə bağlı fasilələrin olduğunu bildirirlər. Bu şikayətlər isə təkcə bir provayderdən deyil.
Doğurdanmı ölkədə internetin verilməsində belə ciddi problemlər var?
Bununla bağlı Valyuta.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov bildirb ki, hazırda Azərbaycanda internetin sürəti ilə bağlı şikayət olmamalıdır. Ən azından ölkənin 66 faizi fiberoptikləşib, 44 faizi mis kabel ilə işləyir:
"Bu isə o deməkdir ki, keçən illərə nəzərən bu il 66 faiz insanın internet şikayəti olmamalıdır. İnternetdən şikayət varsa, bu subprovayderlərin keyfiyyətsizliyindəndir. Ölkənin fundamental olaraq internet infrastrukturu yaxşılaşıb. Bunu həm beynəlxalq statistikalar göstərir, həm də daxildə məsələlər daim nəzarətdə saxlanılır".
Azərbaycanda internet xidmətinin yaxşılaşdırılması yolunda atılan addımlardan da danışan Elvin Abbasov bildirib ki, onlayn çərçivədə ümumölkə üzrə kütləvi olaraq fiberoptikləşmə gedir:
"Yəni, ənənəvi mis kabeldən çıxılır. Mis kabellərin mənfi cəhəti var idi. Belə ki, hava şəraiti və ya başqa səbəblərdən internet pisləşə bilirdi. Küləkli, qarlı, yağışlı havalarda baxırdıq ki, internetin keyfiyyəti aşağı düşür. İnternetlə bağlı problem yaşanır və ya həmin kabellər digər təsirlərə məruz qalanda, köhnələndə xətlər qarışır və s. problem olurdu. Lakin hazırda 2 milyona yaxın ev təsərrüfatı fiberoptik kabelləşib. Bu isə o deməkdir ki, artıq vətəndaşın evinin yanına qədər fiberoptik interneti gətiriblər, vətəndaş isə seçim etməlidir. O müəyyənləşdirməlidir ki, fiberoptik, yoxsa əvvəlki texnologiyalardan istifadə etmək istəyir. Bu gün Bakıdan mis kabellər demək olar ki, yığışdırılıb. Fiberoptik internetin keyfiyyətində isə problem yaşana bilməz. Çünki fiberoptik texnologiyası heç nədən təsirlənmir. Amma burda hələ də şikayət varsa, bu o deməkdir ki, subprovayder də problem var".
"Subprovayderlər kimdir, nədir onların funksiyaları" sualına cavab olaraq ekspert bildirib ki, onlar "Delta Telecom"dan interneti alır, özləri subprovayder kimi interneti satırlar:
"Bu subpravayderlərin texnologiyaları, onların qoyduğu investisiyalar, binalara yerləşdirdikləri komunikasiya avadanlıqları, xidməti necə apardıqları, interneti insanlara necə vermələri və s. məsələlər ilə bağlı Azərbaycanda hələ də bir standart yoxdur. İnternetin sürəti hazırda 35.25 mqbit beynəlxalq standartlarda görünür. Hansı ki, o standartların Azərbaycanla heç bir əlaqəsi yoxdur. Hər ay beynəlxq statistika ölkələrdə internetlə bağlı statistik məlumatlar yayır. Keçən ilin cari ayında baxsaq görərik ki, Azərbaycanda 30 mqbit internet sürəti yüksəlib. Cari vəziyyətdə isə görürük ki, beynəlxalq statistika 35.25 mqbit sürət göstərir. Dövlət bu sahəyə böyük investisya qoydu, Mərkəzi Bankdan kredit götürüldü və s. kimi işlərdən sonra subpravayderlərin necə xidmət aparması əsasdır. Bizə də maraqlıdır ki, Azərbaycanda dövlət buna bir standart qoyacaqmı, yoxsa bu subpravayderlər istədikləri kimi fəaliyyət göstərəcək".
Ekspert deyir ki, Azərbaycanda bu sahəyə nəzarət edən qurum var:
"İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) nəzarət edir. İKT Agentliyi yaxşı xidmət yaradıb. Subprovayderlərlə bağlı vətəndaşlar onlayn olaraq şikayətlərini bildirə bilərlər. Bu şikayətlər araşdırılır, lazım olduqda bu subprovayderlər reysterdən çıxarılır. Azərbaycanda internetlə əlaqəli problemi olan insanlar şikayətlərini bildirə bilərlər. Bundan əlavə, vətəndaşlar üçün seçim hüquq da olmalıdır. Ölkədə bir neçə ildir vətəndaşların seçim hüquqi ilə bağlı müzakirələr gedir. Onlar bir provayderdən asılı qalmamalıdır, bu da doğru deyil. Narazı qalınan pravayderin alternativini seçmək hüququ olmalıdır".
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay