Azərbaycanda lift təsərrüfatı özəl sektora idarəetməyə verilə bilərmi?
Bakıda köhnə yaşayış binalarındakı liftlərə özəl şirkətlərin xidmət göstərməsi halları getdikcə artmaqdadır.
Vətəndaşlar özəl sektorun xidmətindən istifadə etmələrini onun dövlət sektoru, daha dəqiq desək, Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyi ilə müqayisədə daha yaxşı xidmət göstərməsi ilə izah edirlər.
İnsanların sözlərinə görə, xarab olmuş lifti özəl şirkətin nümayəndəsi elə həmin gün düzəldə bilirsə, dövlət qurumunun nümayəndəsinin etdiyi təmir bir neçə gün çəkə bilər. Bu da xüsusilə yuxarı mərtəbələrdə yaşayan insanlar üçün həssas məsələdir.
Bir sözlə, Azərbaycanda lift təsərrüfatı rəsmən özəl sektora idarəetməyə verilməsə də, qeyri-rəsmi olaraq özəl şirkətlər bu sahədə fəaliyyətdədir. Bəs onlar rəsmi qaydada idarəetməyə cəlb oluna bilərmi? “Report” mövzunu ekspertlərlə müzakirə edib.
Onlardan biri - Ramil Qasımzadə - lift təsərrüfatının özəl sektora idarəetməyə verilməsini mümkün sayır:
“Mən hətta deyərdim ki, bu məsələ zəruridir. Çünki biz yeni tikilmiş çoxmənzilli binalardakı liftlərə özəl şirkətlərin xidmət göstərdiklərini görürük. Onların arasında əməlli-başlı rəqabət də var. Hər hansı Mənzil-Tikinti Kooperativi və yaxud mənzil mülkiyyətçiləri bir şirkətdən narazı qalırlarsa, müqaviləyə xitam verib digər şirkətə müraciət edirlər. Təəssüf ki, köhnə yaşayış binalarında bunu rəsmi qaydada etmək hələ ki mümkün deyil və xidməti yalnız “Lifttəmir” İstehsalat Birliyi göstərir. Onların isə xidmətindən əksər vətəndaşlar narazıdırlar. Son nəticədə sakinlərdən lift pulunun yığılması da asan olmur. Çünki insanlar verdikləri pulun qarşılığında normal xidmət görmək istəyirlər. Vəziyyətdən çıxış yolu isə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ola bilər. Yalnız bu cəmiyyət binaya özəl şirkətin xidmət göstərməsinə nail ola bilər”.
“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elnur Azadov da hesab edir ki, həm yeni, həm də köhnə binalarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmaqla liftlə bağlı problemlərə son qoymaq olar:
“Lifttəmir” İstehsalat Birliyinin, hətta Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları vətəndaşlardan lift pulu yığsalar da, bunun heç bir hüquqi əsası yoxdur. Çünki onlar sakinlərlə liftə xidmət göstərilməsinə dair müqavilə bağlamırlar. Qanuna görə isə iki və daha çox mənzilli köhnə və ya yeni binalarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır, onun idarəetmə üsulu seçilməlidir. Bir sıra xidmətlər, o cümlədən lift xidməti cəmiyyətin ümumi yığıncağında qəbul edilmiş qərarlar əsasında əldə edilməlidir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay