Azərbaycanda “Trendyol” bağlana bilər?
“Məhdudiyyətlərlə problem həll olunmur, əksinə rəqabətlə problem həll olunur. İndi rəqabətli mühit yaranıbsa, bundan istifadə etmək laızmdır. Azərbaycandan əgər 5 milyon insan “Trendyol”dan istifadə edibsə, deməli onların ciddi bazar payı var. Buna da qarşılıq olaraq Azərbaycanın onlayn satış platforması yaransın və rəqabət aparmağı öyrənsin”.
Bunu Valyuta.az-a iqtisadçı Natiq Cəfərli son günlər “Trendyol” onlayn satış platforması ilə bağlı yayılan məlumatlar fonunda “Azərbaycanda “Trendyol” bağlana bilərmi” sualına cavab verərkən deyib.
Natiq Cəfərli bildirib ki, istənilən hökumətin birinci vəzifəsi vətəndaş məmnuniyyətidir:
“Əgər Azərbaycanda 5 milyon insan “Trendyol”dan istifadədən məmnundursa, 5 milyon dəfə istifadə edilibsə, deməli bu daha uğurludur. Vətəndaşların üstünlüklərini məhdudlaşdırmaq olmaz. Vətəndaş məmnun qalmalıdır. O, “Trendyol”dan istifadədən məmnundursa, burda məhdudlaşma yox, təşviqedici işlər görmək lazımdır”.
İqtisadçı deyib ki, bununla bağlı narazılıqlarını bildirən iş adamlarını da anlamaq mümkündür. Amma onlar özləri də 21-ci əsrin onlayn satış əsri olacağını anlamalı, başqa metodlar tapmalıdır:
“Məsələn, yerli onlayn platformaların qurulmasında iştirak etməlidir, onlayn birgə satışlar həyata keçirtmək haqqında düşünməlidir. Hansısa bir qurum, assosiasiya yaradıb kompleks şəkildə məsələlərin həllində hökumətlə danışıqlar aparmalıdırlar. Bu məsələdə məhdudlaşdırıcı yox, bazarda rəqabəti artıracaq addımlara ehtiyac var.
Bir neçə ildən sonra gördüyümüz ənənəvi alış-veriş mərkəzləri dünyanın heç yerində olmayacaq. Bu dövr qapanır, yenisi gəlir. Elə ölkələr var ki, onlayn ticarət illik ümumi ticarət dövriyyəsinin yarıdan çoxunu təşkil edir. Bizdə bu qədr müzakirə olunmağına baxmayaraq, onlayn ticarətin bazar payı 1/5-ə çatmayıb. Lakin elə vaxt gələcək ki, bu yarıdan çox olacaq. O zaman iş adamları, pərakəndə satışla məşğul olanlar nə edəcək? İndidən bu problemlər görülüb, 21-ci əsirə ayaq uydurulmalıdır. Bəlkə də onların şəhərin mərkəzində böyük mağazalar saxlayıb minlərlə manat icarə pulu verməyinə ehtiyac yoxdur”.
“Yerli sahibkarlara ölkəyə məhsul gətirmək, daha ucuz qiymətə öz məhsullarını təklif edə bilmələri üçün vergi və gömrük güzəştləri ola bilərmi” sualına cavab olaraq Natiq Cəfərli bildirib ki, çox ölkədə vergi və gömrük güzəştləri son nəticədə qiymətlərin ucuzlaşmasına səbəb olur:
“Əgər yerli sahibkarlar da bunu istəyirlərsə, hökumətlə dioloq qurmaq üçün bir assosiasiya yarada bilərlər. Məsələn, Türkiyədə belə assosiasiyalar var. Azərbaycanda da bu ənənələrin yaradılmasının vaxtı çatıb”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay