Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət dəyişir
Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət dəyişir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, “Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsinə görə vəzifəli şəxslər 4 min manatdan 6 min manatadək məbləğdə cərimə ediləcək.
Satınalan təşkilat tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyacları üçün alınan ərzaq məhsulları istisna olmaqla)mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutmasına görə vəzifəli şəxslər 6 min manatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcək.
Müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən “Dövlət satınalmaları haqqında” qanun ilə müəyyən edilmiş məlumatların və elanların özlərinin rəsmi internet səhifələrində yerləşdirilməməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.
“Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, açıq tender və ya ikimərhələli tenderdən yayınmaq və (və ya) təchizatçılar arasında rəqabəti məhdudlaşdırmaq məqsədilə eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma predmetlərinin təsnifat kodları üzrə eyni sinifdə olan oxşar satınalma predmetinin ayrı-ayrı hissələrə (müqavilələrə) bölünməsinə görə vəzifəli şəxslər 2 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
“Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalma komissiyası tərəfindən təchizatçıların satınalmalarda iştirakının məhdudlaşdırılmasına, habelə onlar arasında ayrı-seçkilik yaradan tələblərin, meyarların və prosedurların müəyyənləşdirilməsinə görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək. “Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, hemin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsinə görə vəzifəli şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə olunacaq.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətlərdə:
– satınalan təşkilatın qalib təchizatçının təklifini aksept etməməsinə və ya satınalma müqaviləsini imzalamamasına;
– satınalan təşkilat tərəfindən satınalma müqaviləsi üzrə ödəmələrin (o cümlədən avans ödənişinin) aparılmamasına;
– satınalan təşkilat tərəfindən təchizatçıların şikayətlərinin və müraciətlərinin araşdırılaraq müvafiq qərarın qəbul edilməməsinə və həmin qərarın şikayət edən və ya müraciət edən təchizatçıya göndərilməməsinə görə –
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimələnəcək.
Satınalma müqaviləsinin icrasına başlanılması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) razılıq (müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulan icazələr istisna olmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat tərəfindən belə icazələrin müqavilə imzalanana qədər əldə olunmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək. Nəzarət orqanının satınalma predmetine (onun icrasına) baxış keçirə bilməsi üçün satınalan təşkilat tərəfindən lazımi şərait yaradılmamasına görə vəzifəli şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimələnəcək. Satınalmaların həyata keçirilməsi zamanı satınalan təşkilat tərəfindən nəzarət orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə olunacaq.
Göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Qüvvədə olan qanuna əsasən, satınalma metodlarının tətbiqi şərtlərinin pozulmasına, yəni:
– satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərinin xərclənməsinə;
– satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından (vasitəsindən) qanunsuz istifadə etmə ilə həyata keçirilməsinə;
– satınalan təşkilat tərəfindən hər hansı digər satınalma metodlarından istifadə etmək üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasının ayrı-ayrı müqavilələrə bölünməsinə;
– satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilməsinə;
– satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı barədə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə –
vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
“Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş əsaslar olmadan satınalan təşkilat tərəfindən tender təklifinin kənarlaşdırılmasına və ya həmin Qanunun tələblərinin pozulması ilə tender təklifinin qalib elan edilməsinə görə –
vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Malgöndərənlərin (podratçıların) ixtisası ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına, yəni:
– satınalan təşkilat tərəfindən malgöndərənin (podratçının) ixtisasına dair “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmayan tələblərin irəli sürülməsinə;
– ixtisas göstəriciləri “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş meyarlara uyğun gəlməyən malgöndərənə (podratçıya) satınalan təşkilat tərəfindən dəvətlərin göndərilməsi və ya bu təşkilatlarla müqavilələrin bağlanılmasına görə –
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Satınalmaların təşkili və tender prosedurları ilə bağlı qaydaların pozulmasına, yəni:
– satınalan təşkilat tərəfindən tender elanının (dəvətin) məzmununun və tenderin əsas şərtlər toplusunun “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun tərtib edilməməsinə;
– dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri, habelə tender nəticəsində bağlanılmış satınalma müqaviləsi barədə məlumatların “Dövlət satınalmaları haqqında” qanun ilə müəyyən edilmiş müddətlərdə dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə və ya yanlış məlumatların yerləşdirilməsinə, habelə həmin qanunda satınalmaların təşkili və tender prosedurları ilə bağlı nəzərdə tutulmuş müddətlərlə əlaqədar tələblərə riayət edilməməsinə;
– satınalmalarda iddiaçı kimi çıxış edən malgöndərəndən (podratçıdan) “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş qaydada maliyyə vəziyyəti barədə sənədlərin və tender təklifinin təminatının satınalan təşkilat tərəfindən alınmamasına;
– satınalan təşkilat tərəfindən tender və xidmət təkliflərinin qiymətləndirilməsi və müqayisəsi zamanı tenderin əsas şərtlər toplusunda və xidmət təklifləri sorğusunda nəzərdə tutulmuş tələblərə cavab verən yerli mallar (işlər və ya xidmətlər) üzrə tender və ya xidmət təkliflərinin xeyrinə “Dövlət satınalmaları haqqında” qanuna uyğun güzəştli düzəlişin edilməməsinə;
– satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin tender zərflərinin açıldığı günədək satınalan təşkilat tərəfindən məxfi saxlanılmamasına görə –
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Malgöndərən (podratçı) tərəfindən dövlət satınalma prosedurlarında iştirak üçün satınalan təşkilata maliyyə vəziyyəti barədə yanlış məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Satınalan təşkilat tərəfindən “Dövlət satınalmaları haqqında” qanunda satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına, yəni satınalma müqaviləsi üzrə ödəmələrin tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada, məbləğdə və müddətdə həyata keçirilməməsinə, o cümlədən satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra ödənilməli məbləğin satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilməməsinə, habelə ödənişin gecikdirilməsinə görə satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmış faizlərin əsassız olaraq malgöndərənə (podratçıya) ödənilməməsinə görə vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Qüvvədə olan qanuna əsasən, göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
©APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay