Bu obyektlər 6 min manat cərimə olunacaq - DİQQƏT!
Bütün dünya artıq müasir dövrlə ayaqlaşmağa çalışsa da, ölkəmizdə bəzi obyektlərdə hələ də POS-terminal problemi davam edir. Hərçənd bəziləri ödənişi nağdsız şəkildə həyata keçirməkdən ötrü kartdan karta göndərmə üsuluna əl atsalar da, bu zaman da müəyyən nüanslar problemə çevrilir və hər iki tərəfin narazılığına səbəb olur.
Bəs POS-terminalı olmayan obyektlər necə cəzalandırılır?
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Roman Qaraşov Bizim.Media-ya bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na əsasən, ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı müəyyən edilib:
“- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
- rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);
- hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri;
- vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.
Vergi Məcəlləsinə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay