"Şinkar Holdinq" üçün 25 min manatlıq cərimə təhlükəsi
"Şinkar Holdinq" MMC barəsində inzibati protokol tərtib edilib.
Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
192.1-ci maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
İnşaat şirkəti olan "Şinkar Holdinq" ötən il keçmiş işçisi Namazzadə Ravil Azər oğlu tərəfindən məhkəməyə verilmişdi. Açıq mənbələrdə bu işin nəticəsi barədə heç bir məlumat yoxdur.
Bundan əvvəl isə şirkət ölüm hadisəsi ilə gündəmə gəlmişdi. Olayla bağlı yayılan məlumatlarda bildirilirdi ki, Şinkar Holding MMC-yə məxsus yük avtomobillərin müvəqqəti dayanacağında 1976-ci il təvəllüdlü Nazim Babaverdi oğlu Abdulxalıqov təkər təmiri işləri aparan zaman ehtiyatsızlıqdan yük avtomobilinin təkərində sıxılmış havanın partlaması nəticəsində hadisə yerində ölüb.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay