Həkimlər də işə imtahanla qəbul oluna bilər
Azərbaycanda həkimlər də işə qəbul zamanı imtahan oluna bilər.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Bizim.media-ya danışıb.
O qeyd edib ki, artıq aidiyyəti qurumlar tərəfindən bu barədə layihə hazırlanıb: “Azərbaycan Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasının layihəsinin hazırlanması Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə tapşırılıb. Aiddiyyəti orqanlar tərəfindən müvafiq layihə hazırlanıb və razılaşdırılması üçün Dövlət İmtahan Mərkəzinə göndərilib. Layihə ilə bağlı Mərkəzin rəy və təklifləri həmin orqanlara təqdim edilib”.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli qərarı ilə tibb mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya prosesi tibb işçilərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının müntəzəm yoxlanılması məqsədilə aparılır.
Qanunvericiliyə görə, sertifikasiyadan keçməyən həkimlər praktik tibb və əczaçılıqla məşğul ola bilməzlər. Belə hal aşkar edilərsə, onlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbirləri həyata keçirilir. Sertifikasiya imtahanından keçid balını toplamamış şəxs 6 ay müddətində iş yeri saxlanılmaqla, peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya şöbəsinə müraciət etməlidir.
“Qafqazinfo” məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə sorğu ünvanlayıb.
Bildirilib ki, TƏBİB dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasına dair təklifləri aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Nazirlər Kabinetinə təqdim edib:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 1 may 2023-cü il tarixli 2129 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təklifləri əsasında dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasına dair təklifləri aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edib. Yekun qaydanın təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətindədir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay