Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO
Yaz-yay mövsümünün gəlişi ilə əlaqədar insanlar istirahət etmək üçün açıq məkanlara, xüsusilə, Dənizkənarı Milli Park ərazisində yerləşən kafe və restoranlara üz tutur. Hələ ki havalar tam isinməsə də, bulvardakı kafe, restoranlarda çay və çay dəstgahlarının qiyməti indidən od tutub yanır.
Valyuta.az xəbər verir ki, “Report”un əməkdaşları vəziyyətlə yaxından tanış olmaq üçün Dənizkənarı Milli Park ərazisində yerləşən məkanlarda olublar.
Sadə çay içmək üçün həmin məkanlardan birinə yaxınlaşırıq. Getdiyimiz ilk obyektdə çayın yalnız dəstgah formasında təqdim olunduğunu dedilər. Çay dəstgahının kifayət qədər baha - 28-33 manata təklif olunması bir yana, məkanda müştərilərin qiymətlərlə tanış olmaları üçün onlara menyu da təqdim edilmir.
Müşahidə aparmaq üçün getdiyimiz digər məkanda da oxşar vəziyyətlə qarşılaşırıq. Hətta burada qiymətlər müştərilərin divanda və ya stulda əyləşmələrinə görə dəyişir.
Düzdü, azad biznes mühiti çərçivəsində dövlət orqanları sahibkarların iş prinsiplərinə, o cümlədən qiymətin müəyyənləşməsinə müdaxilə edə bilmirlər.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi mövzu ilə bağlı bildirir ki, haqqında danışılan problemlə əlaqədar iaşə və istirahət məkanlarında effektli tənzimləmələr aparılmır:
“Dövlət qurumlarının bir çoxu deyir ki, biz biznesin işinə qarışmırıq. Aydın məsələdir ki, azad bazar şəraitində qiymətlər tələb və təklif əsasında formalaşır. Amma bu o demək deyil ki, qiymətləri necə gəldi müəyyənləşdirə bilərlər”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyir ki, bu cür halların olması istehlakçı hüququnun pozulması və onun seçim hüququndan məhrum edilməsi deməkdir:
“Bu məsələ Azərbaycanda turizmin inkişafına da mənfi təsir göstərir. Təəssüf ki, sahibkarlar Azərbaycan hökumətinin biznes qurumları üçün yaratdığı rahat toxunulmazlıq mühitindən sui-istifadəyə yol verilər. Belə ki, yerli və xarici istehlakçılarla bu cür kobud davranılır. Nazirlər Kabinetinin qərarında da qeyd olunub ki, restoranlarda mütləq menyu olmalı və orada qiymətlər göstərilməlidir. Düşünürəm ki, Dənizkənarı Bulvar İdarəsi və İdarənin yanında İctimai Şura bu işlərlə ciddi məşğul olmalı, belə hallara son qoyulmalıdır”.
Dənizkənarı Bulvar İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən iaşə obyektlərində qiymətlər hər yerdə olduğu kimi sahibkarların özləri tərəfindən müəyyən edilir. Bununla belə, yaz-yay mövsümünün gəlişi ilə əlaqədar insanların Milli Parka axınının daha da artmasını nəzərə alaraq Dənizkənarı Bulvar İdarəsinin səlahiyyətləri çərçivəsində sahibkarlarla iş aparılır. İaşə obyektlərində əsassız depozitlərin ləğvi, menyuların təqdim edilməsi, çayın dəstgahsız təklif olunması kimi məsələlərin sahibkarlar tərəfindən həll edilməsi ilə bağlı razılığa gəlinib. İaşə obyektlərində qiymətlərin əlçatanlığı, ümumi xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində isə işlər davam etdirilir.
Daha ətraflı videomaterialı təqdim edirik:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay