Bu qaydanı pozanlar avtomobillə “İçərişəhər”ə girə bilməyəcəklər
Bakıda, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində parklanma qaydasını pozan sürücülərə avtomobili ilə 1 həftə əraziyə girmək məhdudlaşdırılır.
Valyuta.az xəbər verir ki, BAKU.WS-in məlumatına görə, qanunun icrası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilir.
Belə ki, son 1 ildə parklanma qaydasını ilk dəfə pozan sürücülərin avtomobili ilə əraziyə girişinə 1 həftəlik, 2-ci dəfə 1 aylıq qadağa qoyulur. Əgər sözügedən hal üçüncü dəfə təkrarlanarsa sürücü əraziyə 1 il müddətində avtomobili ilə girə bilməz.
Onu da qeyd edək ki, müvafiq qayda pozuntusu ilə bağlı pul cəzası tətbiq olunmur.
Xatırladaq ki, bu barədə məlumat, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnaməyə edilən dəyişiklikdə öz əksini tapır.
Əli Əsədovun qərarına əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib. Belə ki, qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə biləcək.
Dəyişikliyə qədər isə sözügedən hallarda İdarə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldıra bilərdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay