Hava səyahətləri tendensiyaları və qənaət imkanları
Yanacağın dəyərinin və əməliyyat xərclərinin artması qlobal hava nəqliyyatı qiymətlərinin yüksəlməsinə gətirir ki, bu da sərnişinlər üçün əlverişli və sərfəli tariflərlə səyahət etmək imkanı məsələsini prioritetə çevirir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, son bir ildə təyyarə yanacağının qiyməti təxminən 150% artıb. Bu artım qaçılmaz olaraq aviabiletlərin bahalaşmasına səbəb olub, çünki aviaşirkətlər artan yanacaq xərclərini kompensasiya etməyə çalışırlar.
Bununla belə, Bloomberg-in son təhlilinə görə, aviabilet qiymətlərindəki artım tendensiyası bazarda yeganə tendensiya deyil. Pandemiyadan sonra hava nəqliyyatının bərpası və uçuşların sayının artırılması ilə aviaşirkətlər biletlərin tariflərini aşağı salmağa başlayıblar. Bu meyllər artan rəqabət və daha çox sərnişin cəlb etmək istəyi ilə şərtlənir. 2024-cü ilin birinci yarısında beynəlxalq tariflər ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalıb.
Daha sərfəli səyahət variantlarının təmin edilməsində loukosterlər də əsas rol oynayırlar. Onlar əlavə xidmətləri minimuma endirməklə və əməliyyat proseslərini optimallaşdırmaqla tariflərin aşağı salınmasına nail olurlar.
Bu kontekstdə, Bakından necə və hara sərfəli səyahət etmək mümkündür sualına aydınlıq gətirək. Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərə 36 aviadaşıyıcı tərəfindən xidmət göstərilir ki, onlardan 17-si aşağıbüdcəli aviaşirkətlərdir.
Bakından loukosterlərin təklif etdiyi birbaşa uçuşlar müxtəlif bölgələri əhatə edir: Yaxın Şərq, Avropa, Asiya ölkələri və regional marşrutlar. Məsələn, “Fly Dubai” və “Air Arabia” kimi aşağıbüdcəli aviaşirkətlər Dubay, Şarja və Əbu-Dabiyə uçuşlar həyata keçirərək, bu əsas biznes və turizm mərkəzlərinə səyahətləri daha sərfəli edir. “Wizz Air” və “Pegasus” Budapeşt, Roma və İstanbul da daxil olmaqla Avropaya uçuşlar təklif edir, “Indigo” və “Israir” isə Dehli və Təl-Əvivə birbaşa reyslər yerinə yetirir. “FlyArystan” və “Georgian Wings” avidaşıyıcıları Bakını Astana, Aktau və Tbilisi ilə birləşdirir.
Standart tariflərdən başqa, bir çox aviaşirkətlər aksiya və endirim kampaniyaları keçirir ki, bununla da aviabiletlərin dəyəri daha da aşağı düşür. Məsələn, “Wizz Air” və “Fly Dubai” kimi aşağıbüdcəli aviaşirkətlər müntəzəm olaraq erkən bron endirimləri təklif edirlər.
Səyahətimizi sərfəli planlaşdırarkən bir neçə əsas amili nəzərə almaq vacibdir. Məsələn, erkən bron çox vaxt əhəmiyyətli qənaətə gətirib çıxara bilər, çünki aviaşirkətlər uçuşa bir neçə ay qalmış endirimlər təklif edirlər. Tarixlərindəki çeviklik daha yaxşı səyahət imkanları, aviaşirkətlərin loyallıq proqramları isə bəzən pulsuz baqaj və ya prioritet təyyarəyə minmə kimi üstünlüklər təqdim edə bilər. O cümlədən, minimal baqajla səyahət etmək də əlavə xərclərdən qaçmağa imkan yaradır.
Bununla belə, nəzərə almaq lazımdır ki, loukosterlər adətən baqaj, oturacaq seçimi və yemək üçün əlavə rüsumlar tətbiq edirlər ki, bu da gözlənilməz və əlavə xərclərə gətirib çıxarır. Aşağı xidmət səviyyəsi və məhdud rahatlıq isə bəzən sərnişinlər üçün uyğun olmaya da bilər.
Digər tərəfdən, klassik aviaşirkətlər pulsuz yemək, baqaj və oturacaq seçimi daxil olmaqla daha yüksək səviyyəli xidmət təklif edirlər. Bununla yanaşı, onlar da öz sərnişinlərini sərfəli imkanlar yaratmaqla sevindirməyi bacarırlar, məsələn, tez-tez səyahət edən sərnişinlərə bonus proqramlarından yararlanmaq, endirimli kampaniyalar və müxtəlif aksiyalar kimi fürsətlər təklif olunur. Hətta klassik aviaşirkət olan Azərbaycanın milli aviadaşıyıcı AZAL fərqli aksiyalar keçirərək, sərnişinlərinə erkən bronlaşdırma endirimləri təklif edərək müasir bazar şərtlərinə uyğunlaşır və xidmət keyfiyyətinə xələl gətirmədən öz tariflərini daha münasib və cəlbedici edir.
Beləliklə, səyahət planlaşdırarkən yalnız aviabiletin ilkin dəyərini deyil, mümkün əlavə xərcləri və xidmət səviyyəsini də nəzərə almaq vacibdir. Loukosterlə klassik aviaşirkət arasında seçim edərkən isə fərdi üstünlükləri, büdcənizi və komfort tələblərinizi, ən əsası isə təhlükəsizliyinizi nəzərə almalısınız.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay