Cənubi Koreya təhsil sistemi yenilənir: Süni intellekt əsaslı dərsliklər təsdiq olundu
Cənubi Koreya təhsilin səviyyəsinə görə "QS" reytinqində 9-cu yerdədir. Lakin bu vəziyyət yaxın gələcəkdə dəyişə bilər - hələ ki bu dəyişikliyin hansı istiqamətdə olacağı bəlli deyil.
Valyuta.az "IThome" portalına istinadən xəbər verir ki, Cənubi Koreyanın Təhsil Nazirliyi ilk dəfə olaraq süni intellekt texnologiyası əsasında hazırlanmış 76 rəqəmsal dərsliyi təsdiq edib. Bu yeni dərsliklər ibtidai və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.
Ağıllı süni intellekt dərslikləri tədris proqramına 2025-ci ilə qədər daxil ediləcək. Bu dərsliklər vasitəsilə riyaziyyat, Koreya dili, ingilis dili və informatika fənləri tədris olunacaq. 2028-ci ildən isə şagirdlər tarix, cəmiyyətşünaslıq, təbiət elmləri (biologiya, coğrafiya) və texnologiya kimi fənləri də bu dərsliklərlə öyrənəcəklər.
Cənubi Koreyada süni intellekt əsasında hazırlanmış dərsliklərin yaradılması və istehsalı "Samsung" və "LG" şirkətləri tərəfindən birgə həyata keçiriləcək. Bu interaktiv dərsliklər çoxdilli tərcümə və subtitrləri dəstəkləməklə yanaşı, şagirdlərin biliklərini süni intellekt vasitəsilə qiymətləndirə biləcək.
"IThome" yazır ki, süni intellektin ümumi təhsil sistemində tətbiqi onun yalnız kommersiya məqsədləri üçün istifadə edilmədiyini göstərir. Aydın olur ki, neyron şəbəkələr vasitəsilə hətta bələdiyyə səviyyəsində belə effektiv tədris mümkün ola bilər. Bu yeniliyin digər ölkələr tərəfindən də mənimsənilməsi ehtimalı yüksəkdir.
"Google" yaxın vaxtlarda süni intellektin enerji tələbatını ödəmək məqsədilə nüvə enerjisinə investisiya qoyub. Eyni zamanda, "Microsoft" ABŞ tarixində ilk dəfə olaraq bağlanmış atom elektrik stansiyasını yenidən işə salıb. Bu stansiya tamamilə şirkətin süni intellekt serverlərini enerji ilə təmin edir.
Bundan əlavə, "OpenAI" qış aylarında yeni süni intellekt modelini təqdim etməyi planlaşdırır. Mütəxəssislərin gözləntilərinə görə, bu model ümumi süni intellekt (AGI) səviyyəsinə çatacaq və onunla ünsiyyət real insanla danışmağa bənzəyəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay