Vaxtı ölçmək üçün yeni üsul tapıldı - Başlanğıc nöqtəsi tələb etmir
İsveçin Uppsala Universitetindən alimlər başlanğıc nöqtəsinə ehtiyac duymayan unikal zaman ölçmə metodu hazırlayıblar. Fiziklər bu məqsədlə Ridberq vəziyyətlərində olan atomların xüsusiyyətlərindən istifadə edərək “kvant zaman izi” adlı üsulu yaradıblar.
Valyuta.az xəbər verir ki, tədqiqatın nəticələri "Physical Review Research" jurnalında dərc olunub.
Ridberq vəziyyətləri - atomların yüksək enerji səviyyələri olub, bu zaman elektronlar nüvədən xeyli məsafədə yerləşirlər. Belə atomlar lazerlərin köməyi ilə yaradılır və kvant mühəndisliyində geniş istifadə edilir. Ridberq vəziyyətlərinin dalğaları qarşılıqlı təsirə girdikdə, izlərə bənzəyən unikal interferensiya naxışları yaranır. Bu “kvant zaman izləri” hadisələrin başlanğıc nöqtəsi olmadan onların müddətini qeyd edə bilir.
Tədqiqatçılar lazerlərdən istifadə edərək helium atomlarını Ridberq vəziyyətlərinə gətirib və onların interferensiya naxışlarını müşahidə ediblər. Hər bir iz müəyyən bir zamana uyğun olub, məsələn, “4 nanosaniyə keçdi” kimi göstərilib.
“Bu, qaçış yarışında atletin sürətini digər iştirakçıların məlum sürətləri ilə müqayisə etməyə bənzəyir. Burada start vaxtını dəqiq bilməyə ehtiyac yoxdur", deyə tədqiqatın həmmüəllifi Marta Berholts bildirib.
Yeni metod 1,7 trilyonuncu saniyə payına qədər olan çox qısa zaman aralıqlarını ölçmək üçün istifadə edilə bilər. Alimlər gələcəkdə digər elementlərdən və ya müxtəlif enerji səviyyəsinə malik lazerlərdən istifadə edərək metodu yeni şəraitə uyğunlaşdırmağı planlaşdırırlar. Bu kəşf, ənənəvi zaman ölçmə üsullarının işləmədiyi kvant miqyaslı hadisələrin öyrənilməsi üçün xüsusilə vacibdir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay