2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı
"WIRED" jurnalının ekspertləri 2024-cü ilin sonuna yaxın bazarda mövcud olan ucuz "iPhone" və "Android" smartfonlarını qeyd ediblər. Müəlliflər konkret reytinq tərtib etməyib və cihazları yerlərə bölməyiblər, amma hər büdcə üçün ən yaxşı modelləri seçiblər.
Valyuta.az xəbər verir ki, bununla belə, bir favorit modeli vurğulayıblar - öz sinfində "ən yaxşıların ən yaxşısı". Bu cihaz "Pixel 8a" modelidir və 500 dollara qədər büdcə ilə ala biləcəyiniz ən yaxşı smartfondur.
Bu qiymətə siz çox şey əldə edirsiniz: simsiz enerji yükləmədən güclü prosessora və əla foto çəkmə qabiliyyətlərinə qədər. Üstəlik, bu model uzun müddət dəstək alacaq - "Pixel 8a" 2030-cu ilə qədər "Android" yenilikləri əldə edəcək.
Amma müəlliflərin bu "Pixel" modelini tövsiyə etməsinin əsas səbəbi süni intellekt funksiyalarıdır. Onlar vurğulayırlar ki, 500 dollardan ucuz heç bir digər smartfon belə imkanlar təklif etmir.
Əgər sizə mütləq "iPhone" lazımdırsa, "iPhone SE (2022)" ən doğru seçimdir. Bu model köhnə dizaynı müasir texnologiyalarla birləşdirir. O, "Apple A15" çipi və 5G şəbəkə dəstəyi kimi qabaqcıl xüsusiyyətlərə malikdir. Bundan əlavə, "iPhone SE (2022)" bazarda mövcud olan ən kompakt smartfonlardan biridir - ekran ölçüsü cəmi 4.7 düymdür.
Bu modelin üstünlüklərindən biri də onun yenilənmə müddətinin uzun olmasıdır. Ən azı daha üç il ərzində "iOS" yeniləmələri alacaq, buna görə də yaxın zamanda köhnəlməsi gözlənilmir. Alternativ olaraq, dəstəklənmiş (istifadə olunmuş) "iPhone 14" modelini də nəzərdən keçirə bilərsiniz.
Texnologiya icmalçıları büdcəyə uyğun smartfonlar arasında aşağıdakı modelləri tövsiyə ediblər:
* "OnePlus 12R": Bu model yüksək batareya ömrü ilə seçilir. 5500 mAh tutumlu batareyası adi istifadə zamanı iki tam gün işləyir. Bundan əlavə, cihaz inanılmaz dərəcədə sürətlə enerji yığır - cəmi 30 dəqiqədə 100%-ə çatır.
* "Nothing Phone (2a)": Dizayn baxımından ən dəbli büdcəli modeldir. Arxa panelindəki "Glyph" işıq sistemi cihazı digər modellərdən fərqləndirir. Bu işıqlar müxtəlif vəziyyətlərdə fərqli cür yanır, məsələn, enerji yığımı, bildirişlər və ya zənglər zamanı.
* "Moto G Power": 300 dollara qədər büdcəsi olanlar üçün ən yaxşı seçimdir. Telefonun toxunuşda premium hissi verən və adi plastikdən daha keyfiyyətli görünən vegan dəridən hazırlanmış teksturalı arxa paneli var.
* "CMF Phone 1": 200 dollardan ucuz büdcəli smartfon axtaranlar üçün əla seçimdir. Bu cihaz 120 Hz OLED ekran, uzun batareya ömrü və sökülə bilən korpus kimi xüsusiyyətlərə malikdir.
* "Motorola Razr (2023)": İlk qatlanan smartfonunu almaq istəyənlər üçün ideal seçimdir. Böyük xarici ekranı olmasa da, istifadədə unikal təcrübə təqdim edir.
Mütəxəssislərin fikrincə, 2024-cü ilin sonuna doğru ən uzun batareya ömrü ilə seçilən smartfonlar sırasında "Asus" modelləri liderlik edir. Şirkət bu sahədə rekordlar qırmağa davam edir. Bununla yanaşı, "iPhone" modelləri hətta ən yaxşı üçlükdə belə yer almır.
Eyni zamanda, yaxın həftələrdə "Redmi K80" və "K80 Pro" modellərinin təqdimatı gözlənilir. Şayiələrə görə, bu cihazlar "Snapdragon 8 Elite" prosessoruna sahib olan ən ucuz smartfonlar olacaq. Bu, yeni seriyanın güclü performans və münasib qiymət təqdim edəcəyinə işarə edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay