Nazir müavini “Yüksəliş” müsabiqəsi ilə bağlı maraqlı detalları açıqladı - MÜSAHİBƏ
“Yüksəliş” müsabiqəsinə qeydiyyat 2019-cu ilin dekabr ayının 27-də başlayıb və ümumilikdə qeydiyyat üçün 11 min 760 nəfər müraciət edib. Müraciət edənlərdən 9775 nəfər müsabiqəyə qəbul edilib.
İstedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə təşkil edilən müsabiqədə iştirak edənlər arasında gedən rəqabətin əyani mərhələ üzrə nəticələri gələn həftə bəlli olacaq. Hər kəsi maraqlandıran məsələ isə müsabiqənin nə zaman yekunlaşacağı, qaliblərin necə seçiləcəyidir. Kadr ehtiyatının inkişafı proqramında intellekti ilə rəqiblərinə qalib gələnlər, ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq imkanını qazananlar barədə isə Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyevlə həmsöhbət olduq.
Valyuta.Az oxu.az-a istinadıa “Yüksəliş” müsabiqəsi ilə bağlı yaradılan işçi qrupunun rəhbəri, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyevlə müsahibəni təqdim edir.
- Bu müsabiqə idarəetmə bacarıqları və intellektual səviyyəsi yüksək olan şəxslərin kəşf olunduğu və inkişafına dəstək verilən müsabiqədir. “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti nədən ibarətdir?
- Onu deyim ki, “Yüksəliş” müsabiqəsi idarəçilik potensialını sınamaq istəyənlər üçün yeni bir layihədir. Müsabiqə Prezident İlham Əliyevin sərəncamı ilə 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.
Bununla yanaşı, istər dövlət strukturlarında, istərsə də özəl təşkilatlarda peşəkar kadrların qiymətləndirilməsi, diqqətdən kənarda qalmaması, dövlətin xüsusi dəstəyini hiss etməsinə zəmin yaradır. Müsabiqənin Təşkilat Komitəsi tərəfindən tərtib edilən sistem, seçim qaydaları potensial kadrların üzə çıxarılmasına fokuslanıb. Eyni zamanda xüsusilə vurğulamaq istərdim ki, həmin şəxslərin idarəçilik keyfiyyətlərinin dəyərləndirilməsi, onların bilik və bacarıqlarının ölkəmizdə faydalı ola biləcəyini müxtəlif sahələrə yönləndirilməsinə kömək edən bir layihədir.
- “Yüksəliş”ə doğru addımlamaq istəyən nə qədər kadr müraciət edib?
- “Yüksəliş” müsabiqəsinə qeydiyyat 2019-cu il dekabrın 27-dən başlayıb. Bu müsabiqəyə ölkə üzrə, eləcə də xaricdən gələn kifayət qədər müraciətlər olub. Deyə bilərəm ki, format olaraq bir ilk olan bu müsabiqə böyük maraqla qarşılandı. Şərtlərə müvafiq olaraq yaşı 21-51 arası olan ali təhsilli və idarəçilik sahəsində 2 il iş təcrübəsi olan Azərbaycan vətəndaşları, eləcə də tələbəlik dövründə hər hansı təşkilatda layihə rəhbəri və ya idarəçilik funksiyasını yerinə yetirə biləcək postda təcrübəsi olanlar müraciət edə bilərdi. Belə ki, ümumilikdə qeydiyyat üçün 11 min 760 nəfər müraciət edib. Onlardan müsabiqənin şərtlərinə cavab verən 9 775 nəfər ilkin mərhələdən keçərək müsabiqəyə qəbul olunublar.
Hətta sizə deyim ki, bölgələrdən gələn müraciətlər çox olduğu üçün “Yüksəliş”in səyyar qeydiyyat avtobusları bölgələrə səfər edərək müraciət etmək istəyənlərin qeydiyyatdan keçməsinə dəstək olub.
- İlkin mərhələdən 9775 nəfərin keçdiyini dediniz. Müsabiqə neçə mərhələdən ibarətdir?
- “Yüksəliş” müsabiqəsi özü 5 mərhələdən ibarətdir - müsabiqəyə qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və final mərhələləri. Biz artıq üç mərhələni geridə qoymuşuq. Qarşıda bizi yarımfinal və final mərhələləri gözləyir. 9775 nəfərdən əyani imtahanları başa vuraraq əyani mərhələyə 728 nəfər vəsiqə qazana bilib. Qarşıda bizi gözləyən yarımfinal mərhələsinə isə 300-dək şəxs vəsiqə qazanacaq. Hazırda əyani imtahanların nəticələrinin hesablanması aparılır.
Qeydiyyat mərhələsində iştirakçılarımızın (9775 nəfər) 50%-i universitetlərə qəbul zamanı 300-dən yuxarı bal toplayanlardan ibarət olub. Əyani mərhələyə keçən iştirakçıların (940) isə 50%-i 500-dən çox bal toplayanlardır. Bu, onu göstərir ki, biz doğru yolda irəliləyirik.
Yarımfinal mərhələsindən sonra final mərhələsinə onlardan ən güclü idarəçilik keyfiyyətlərinə malik olan cəmi 100 nəfər vəsiqə qazanacaq. Müsabiqənin sonunda 20 nəfər qalib seçiləcək. Qaliblərin hər birini 20 min manat dəyərində pul mükafatı gözləyir. Bu mükafatın da müəyyən şərtləri var.
- 20 min manatla bağlı şərt deyərkən, tam olaraq nə nəzərdə tutulur?
- Müsahibənin 20 qalibinə veriləcək 20 min manatlıq pul mükafatında əsas şərt həmin məbləğin 10 min manatının bilavasitə şəxsi inkişaf və karyeraya xərclənməsidir. Bununla bağlı iştirakçılardan hesabat tələb olunacaq. Məqsədimiz layihədən sonra peşəkar kadrların bu sahədə öz üzərində çalışması və daha böyük uğurlar əldə etməsidir. Digər 10 min manatın isə qalib tərəfindən istifadəsi sərbəstdir.
- Ölkə xaricindən də müraciətlərin olduğunu vurğuladınız, bununla bağlı statistik rəqəmlər varmı?
- Bəli, biz bu istiqamətdə statistika aparırıq. Xaricdən Əyani mərhələnin son imtahanında 11 nəfər iştirakçı qatılıb. Müsabiqədə yaş faktoru ilə yanaşı xanımların aktivliyini də qeyd etmək istərdim. Belə ki, Son imtahanda (İdarəetmə bacarıqları üzrə) iştirak edən 711 namizəd arasında 95 xanım iştirakçı var. İştirakçılardan ən gəncinin 22, ən yaşlısının isə 52 yaşı var. Regionlardan isə 125 nəfər iştirakçı qatılıb.
- Hər zaman vurğulanan bir məqam var: “Yüksəliş” müsabiqəsi bir ilkə imza atır. İmtahan mərhələlərində necə, dünya təcrübələrindən istifadə olunurmu?
- Bəli, doğrudur. Dünya təcrübəsinə əsaslanan imtahan metodu ilə Azərbaycanda ilk dəfə bu qədər mütəşəkkil səviyyədə idarəçilik müsabiqəsi keçirilir. Müsabiqənin təşkilati işləri, imtahana nəzarət prosesi də böyük məsuliyyət, zəhmət tələb edir. Belə ki, müsabiqənin ilk mərhələsi onlayn olduğundan eyni anda 10 minə yaxın iştirakçının imtahan vermə təminatını təşkil etmək, eyni zamanda köçürmə və s. kimi neqativ hallara yol verilməsinin qarşısını almaq üçün çox peşəkar planlama aparılır.
Qiymətləndirmə prosesi ilk dəfə olaraq T-şkala əsasında aparılır. Ölkəmizdə bugünə qədər imtahan sistemində T-şkala əsasında qiymətləndirmə aparılmayıb. Bundan əvvəlki mərhələlərdə bal hesablamaları bu şkala əsasında aparılıb. Bəzən sual verirlər ki, nə üçün bu metoddan istifadə edilir. Çünki bu, qiymətləndirmə prosesində ən mütərəqqi sistemdir.
Bu hesablama metodunun əsas xüsusiyyəti ondan ibarətdir ki, iştirakçıların ümumi nəticələri əsasında ortaq bal müəyyən edilir. Yəni iştirakçıların göstərdiyi nəticə əsasında yaranan rəqabətlə həm ortaq bal, həm də keçid balı təyin olunur. İmtahanların təşkilində və keçirilməsində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi müştərək əməkdaşlıqla fəaliyyət göstərir.
- Heç nəticələrdən narazı qalan iştirakçılar olubmu?
- İmtahan prosesi özü-özlüyündə çox gərgin mərhələdir. Ona görə mümkün deyil ki, nəticələrdən şikayətçi olmayan iştirakçı olsun. Bizə də nəticələrindən narazılıqlarını bildirən iştirakçılarımız olub. Sadəcə olaraq araşdırma aparılıb və onlar da bütün şəffaflığı ilə nəticələrin doğru hesablandığına şahid olublar.
Çünki bizim imtahan mərhələlərinin sonunda yekun nəticələr qeyd olunur. Yəni, imtahan bitən kimi iştirakçı öz nəticələrini görür. Bu nəticələr avtomatik olaraq hesablanır və insan amili rol oynamır. Bu məsələdə subyektiv yanaşmalara yol verilmir.
“Yüksəliş” açıq müsabiqədir və ictimaiyyətin, o cümlədən medianın gedişatı izləmək imkanları var. İndiyə qədər keçirilən imtahanlarda media nümayəndələri dəfələrlə iştirak edib, onlar şəxsən özləri iştirakçılarla söhbətləşib, imtahanın gedişatı haqqında məlumat alıblar. Digər tərəfdən, müsabiqənin təşkilatçılığında bir neçə dövlət strukturu iştirak edir. Hər mərhələdə müsabiqənin qaydalara uyğun keçirilməsi üçün monitorinq aparılır, qaliblərin müəyyənləşdirilməsində obyektivliyin və qərəzsizliyin gözlənilməsi ekspertlərin nəzarəti altında həyata keçirilir. Dediyim bu proseslər, detallar müsabiqənin şəffaflığının təminatçısıdır. Ümid edək ki, “Yüksəliş” müsabiqəsi idarəçilik mexanizminə yeni tendensiyalar, inkişafa yönəlik müasir yanaşmalar qazandıracaq.
Müsabiqənin 1820 “Çağrı mərkəzi”, elektron poçt, sosial şəbəkələrdə rəsmi səhifələri (Facebook; yukselishmusabiqesi, Instagram; yukselishmusabiqesi, Twitter; yukselish_az) və iştirakçıların şəxsi elektron kabinetləri üzərindən onların müraciətləri daim izlənilir, operativ cavablandırılır.
- Şikayətlər daha çox hansı mərhələ ilə bağlı olub?
- İştirakçıların İdarə Heyətinə şikayət və apelyasiya ilə bağlı müraciət imkanı yaradılır. Şikayətlər daha çox əvvəlki imtahanlarda yaxşı nəticə göstərə bilməyib, növbəti mərhələyə keçə bilməyənlərdən gəlir. Onlar yenidən müsabiqəyə davam etməklə bağlı müraciət edirlər. Nəticələrinin zəif olmasını texniki çətinliklər, motivasiya əskikliyi və yaxud kənar amillərlə əlaqələndirib yenidən nəticələrinə baxılmağını tələb edənlər də az deyil. Lakin unutmaq lazım deyil ki, “Yüksəliş” müsabiqəsi potensial idarəçi şəxsləri aşkar etmək üçün təşkil olunan layihədir. Bu müsabiqə idarəçi şəxslərin, liderlərin müsabiqəsidir. “Yüksəliş” daim öz üzərində işləyən, bəhanələri sevməyən uğurlu şəxslərin müsabiqəsidir.
- Müsabiqənin yekunlaşacağı tarix bəllidirmi?
- Əslində biz ötən ilin yay aylarında nəticələri elan etməyi planlaşdırırdıq. Lakin bütün sahələrdə olduğu kimi, bizdə də pandemiya səbəbindən müəyyən gecikmələr oldu. Müsabiqə kütləvilik tələb edir, Nazirlər Kabinetinin müvafiq qərarlarında qeyd olunan tələblər nəzərə alınaraq bəzi mərhələləri onlayn qaydada keçirmək məcburiyyətində qaldıq.
Operativ qərargah irəliləyən zamanlarda kütləvi tədbirlər keçirilməsinə icazə versə, təbii ki, onların tələbləri əsasında yaradılacaq şəraitə uyğun 2-3 həftə ərzində müsabiqəni bitirməyə hazırıq.
- Hər kəsi maraqlandıran suallardan biri də “Yüksəliş” müsabiqəsinin davamının olub-olmayacağıdır?
- Bu, çox ciddi və məsuliyyətli layihədir. Onun davam etdirilməsi ilə bağlı məsələyə münasibət bildirmək tezdir. Əgər gələcəkdə bununla bağlı sərəncam verilərsə, bu məsələ barədə danışmaq olar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay