Təhsil
17.08.2024 / 17:39
Oksfordun azərbaycanlı tələbəsi: "Məqsədim Nobel mükafatını gətirməkdir" (FOTOLAR)
53876
1995-ci ildə Bakıda anadan olub. 2012-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub. Universitetdə təhsil aldığı müddətdə yüksək təhsil göstəriciləri, həmçinin ictimai fəallığına görə 2013-2015-ci illərdə "İlin ən yaxşı tələbəsi” adına layiq görülüb, fəxri fərmanla təltif edilib.
2016-cı ildə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun molekulyar biologiya ixtisası üzrə magistratura pilləsinə qəbul olub. Elmi fəaliyyətdə fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif olunub. 2018-2019-cu illərdə İslam İnkişaf Bankının PHD doktorantura təhsili üzrə təqaüd proqramının qalibi seçilib.
Müsahibimiz İngiltərənin Oksford Universitetində Onkologiya ixtisası üzrə təhsil alan yeganə azərbaycanlı tələbə Gülnar Abdullayevadır. O, doktorantura təhsilini bu il bitirib.
Müsahibimizin uğurları bununla da bitmir. 2019-cu ildə gənc bioloqların qış məktəbində birinci yeri tutub. Eyni zamanda, "FameLab" beynəlxalq elm müsabiqəsində Oksford Region finalçısı seçilib. HelloBio "Science Snapshots" adlı yarışmada mikroskop altında çəkdiyi şəklə görə birinci yerə layiq görülüb. 2023-cü ildə mühüm elmi nəticələr əldə etdiyinə görə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən "ilin gənc alimi” diplomu ilə təltif olunub. Bununla yanaşı, Oksford Universitetinin iki il müddətində St Cross Kollecində Tələbə Nümayəndələr Komitəsinin vitse-prezidenti vəzifəsində çalışıb. İngiltərədə Azərbaycan Qadınlar Assosiasiyasının üzvüdür. 2024-cü ildə elm sahəsində xüsusi fərqləndiyinə görə gənclər üçün Prezident mükafatına layiq görülüb.
- Gülnar xanım, elmə olan marağınız haradan qaynaqlanır?
- Elmə olan marağım ailəmdən gəlir. Ailəmlə daima mütaliə etmişik, mənə maraqlı nağıllar, kiçik hekayələr danışıblar. Məktəb mühitində də müəllimlərimin verdiyi təlim-tərbiyə elmə olan marağımı daha da artırıb. Düşünürəm ki, həm mühit, həm də ailə bu prosesdə xüsusi rol oynayır. Məktəbdə texniki fənlərə çox böyük marağım olmasına baxmayaraq, humanitar fənləri və xarici dilləri də yaxşı oxuyurdum. Hətta müəllimlərim məni həvəsləndirirdilər ki, humanitar sahəyə yönəlim. Amma sonda qərar verdim ki, texniki sahəni seçməliyəm.
- Bəzən təhsil sistemimizin geri qaldığını deyirlər, necə düşünürsünüz, sizcə haqlıdırlar?
- Elə düşünmürəm. Çünki bakalavr və magistr təhsilim zamanı qazandığım bilik və bacarıqlar həyatımda çox böyük rol oynayır. Bakı Dövlət Universitetində bakalavr təhsilim zamanı məndə Molekulyar Biologiya ixtisasına qarşı xüsusi maraq akademik İradə Hüseynovanın bizə tədris etdiyi mühazirələr və təşkil etdiyi seminarlar sayəsində yarandı. Bununla, mən magistratura pilləsində Molekulyar Biologiya istiqamətini seçməyi qərar verdim. Təhsil müddətində əldə etdiyim biliklər, məlumatlar sayəsində imtahanlardan, müsahibələrdən uğurla keçərək dünyanın müxtəlif nüfuzlu universitetlərinə qəbul əldə etdim. Azərbaycanda aldığım bilik bazasının, elm bünövrəsinin möhkəm olmasının nəticəsində Oksford universitetində doktorantura təhsilimi müvəffəqiyyətlə tamamladım. Azərbaycanda təhsil sistemi çox yüksəkdir.
- Tədqiqatçı alim olaraq ilkin tədqiqatlarınızın mövzusu nə olub?
- İlkin tədqiqatlara Bakı Dövlət Universitetində bakalavr təhsili zamanı başlamışam. Mütəmadi tədqiqat işlərim magistratura pilləsində Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında həyata keçirilib. Mənim magistr dissertasiya mövzum Azərbaycanın buğda genotiplərindən DREB transkripsiya faktoru geninin ayrılması və xarakterizə olunmasına həsr olunub. Magistratura tədqiqat işimdə əldə etdiyim nəticələr müxtəlif nüfuzlu elmi jurnallarda nəşr olunub.
- Doktorantura pilləsində onkologiya ixtisasını seçməyinizin xüsusi səbəbi varmı?
- Magistratura pilləsində təhsil aldığım zaman insan xəstəliklərinin molekulyar və genetik əsaslarının öyrənilməsinə çox böyük maraq göstərirdim. Magistraturanı bitirdikdən sonra qarşıma məqsəd qoydum ki, bu sahə üzrə təkmilləşəcəyəm və qazandığım bilik-bacarıqları azərbaycanlı tələbələrlə paylaşacağam. Əsas maraq sahəm xərçəng xəstəliyinin inkişafına səbəb olan tənzimləyici yolların molekulyar mexanizmlərinin öyrənilməsi istiqamətində idi. Bu sahədə bir çox alimlərin elmi fəaliyyətləri ilə maraqlanmağa başladım. Professor Volter Bodmerin tədqiqat işləri ilə yaxından tanış olduqdan sonra qərara gəldim ki, məhz bu laboratoriyada fəaliyyətimi davam etdirmək istəyirəm. Test müsahibələrindən və mərhələli intervyulardan keçərək professor Volter Bodmerin rəhbərlik etdiyi "Xərçəng və İmmunogenetika” laboratoriyasında doktoranturada pilləsində təhsil almaq və tədqiqat işi aparmaq imkanı qazandım. Bu, mənim üçün çox qürurverici bir haldır.
- Volter Bodmerin laboratoriyasında tədqiqatlar aparmaq, xərçəng xəstəliyini araşdırmaq sizə hansı bilikləri qatdı?
- Oksford Universitetində elmi rəhbərim professor Volter Bodmer onkologiya sahəsində nəinki İngiltərədə, bütün dünyada tanınmış alimdir. Onun rəhbərlik etdiyi laboratoriya iki əsas istiqamətdə fəaliyyət göstərir. Birincisi yoğun bağırsaq xərçənginin molekulyar və genetik əsaslarının öyrənilməsi, ikinci istiqamət isə yoğun bağırsaq xərçənginin müalicəsində immunoterapiya üsullarının tədqiqidir. Doktorantura mövzum yoğun bağırsaq xərçəngində hüceyrə differensiasiyasının molekulyar əsaslarının öyrənilməsinə həsr olunub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yoğun bağırsaq xərçəngi dünyada ən çox yayılan üçüncü xərçəng tipidir və dünyada xərçənglə əlaqəli ölümlərin ikinci aparıcı səbəbi kimi yer alır. Doktorantura təhsilim zamanı xərçəng xəstəliyinin öyrənilməsində və müalicəsində tətbiq edilən ən müasir metodlara yiyələnərək tədqiqatlar aparmışam və mühüm nəticələr əldə etmişəm.
- Tədqiqatlar sayəsində əldə etdiyiniz kəşflərdən, uğurlardan bəhs etdiniz. Bəs bu sahədə heç uğursuzluqlar olmur?
- Müəyyən bir məqsədə doğru gedəndə həmişə maneələr olur və bu, normaldır. Amma bu problemləri sırf təcrübə kimi qəbul edəndə, onların öhdəsindən asanlıqla gəlirsən. Səbir və əzmkarlıq əsas şərtlərdəndir. Laboratoriya şəraitində hər təcrübə istədiyimiz nəticəni vermir. Amma təcrübə mühitinin özəlliyi də budur. Hər uğursuzluqda təcrübənin müxtəlif variantlarının verdiyi nəticələrlə tanış olursan. Əgər təcrübə ilk dəfədən alınsa, bu zaman hər kəs hər şeyi asanlıqla kəşf edər. Elmin sirləri də hər kəsə açıq olar. Məsələn, doktoranturada oxuduğum müddətdə bir eksperimentin aylarla təslim olmadan müxtəlif variantlarını sınayaraq sonda çox uğurlu nəticəyə gəlib çatdım. Yoxladığım təcrübə variantlarını digər laboratoriya əməkdaşlarım ilə də paylaşaraq, eksperimental işin sürətlənməsinə vəsilə oldum.
- Dayanmadan öyrənmək, təcrübələr aparmaq sizi yormur?
- İnformasiya çoxluğu bəzən insanda stress yarada bilir. Amma onlar müəyyən müddətlik çətinliklərdir ki, səni məqsədinə daha da yaxınlaşdırır. Həmişə öyrəndiyim biliklər mənə az kimi görünür. Öyrənmə aclığı həmişə mənimlədir. Yaş artdıqca, böyüdükcə, o da böyüyür. Çünki öyrəndikcə başqa suallar yaranır. Hər yeni məlumatda "niyə”lər daha da artır.
- Elm sahəsində təhsilini davam etdirmək istəyən xanım tədqiqatçı olaraq hansı çətinliklər yaşadınız?
- Əsas çətinliyim maliyyə ilə bağlı idi. Çünki xaricdə təhsil çox yüksək məbləğ tələb edir. Həm təhsilhaqqı, həm tədqiqat ödənişi, viza prosesi çox bahadır. İstər Azərbaycanda, istərsə də Oksford Universitetində təhsil aldığım müddətdə mənə həm maddi, həm də mənəvi dəstək olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Ailəm elmə olan marağımı daima yüksək qiymətləndirib və mənə həmişə dəstək olub. Bu, mənim həyatımda çox mühüm amildir. Xaricdə təhsil almaq, orada sərbəst yaşamaq, mühitə adaptasiya həm ailəmdən, həm də müəllimlərimdən gələn dəstək sayəsində mümkün oldu. Bu dəstək sayəsində mən uğurlarımı davam etdirirəm.
- İngiltərədə Azərbaycan Qadınlar Assosiasiyasının üzvüsünüz. Qadınların cəmiyyətdəki rolunu necə görürsünüz?
- Qadınların həyatımızın hər sahəsində böyük rolu var. Bu assosiasiyaya qatılmaqda əsas məqsədim Azərbaycan qadınlarının həyatımızın müxtəlif sahələrində uğurlu fəaliyyətləri ilə tanış olmaq və öz təcrübələrimi də onlarla paylaşmaq idi. Elm sahəsində qadınların böyük xidmətlərinə aid çoxsaylı nümunələr gətirmək olar. İki dəfə Nobel mükafatına layiq görülmüş Meri Küri mənim ilham aldığım qadınlardandır. Düşünürəm ki, qadınlara potensiallarının üzə çıxması və istədikləri məqsədlərə doğru çatmaqda həm ailə üzvləri, həm də cəmiyyət daima dəstək olmalıdır.
- Elm sahəsi ilə yanaşı, həmçinin könüllü sahədə də fəalsınız...
- Könüllülük fəaliyyətim zamanı qazandığım təcrübələrin mənim həyatımda xüsusi rolu var. 2022-ci ildən Oksford Keen təşkilatında könüllü olaraq fəaliyyət göstərirəm. Qurumun əsas məqsədi xüsusi məhdudiyyətli insanların cəmiyyətə adaptasiyası ilə bağlıdır. Bu təşkilatda aktiv fəaliyyətimə görə medal və sertifikatla təltif olunmuşam. Eyni zamanda, Oksford Universitetində tələbə elmi cəmiyyətinin vitse-prezidenti kimi fəaliyyətim mənə müxtəlif ixtisaslarda təhsil alan tələbələrlə birbaşa ünsiyyət qurmaqda və onlara Azərbaycanın tarixi həqiqətləri, mədəniyyəti, milli adət-ənənələri, və bayramları haqqında məlumat verməyimdə çox mühüm rol oynadı.
- Gələcəkdə elmi təcrübənizi necə daha da paylaşmağı düşünürsünüz?
- 2024-cü ildə elm sahəsində xüsusi fərqləndiyimə görə gənclər üçün prezident mükafatına layiq görüldükdə çox böyük qürur və sevinc hissi keçirdim. Gələcək hədəflərim sırasında həm Azərbaycan universitetlərində, həm də Oksford Universitetində tədris və elmi-tədqiqat sahəsində fəaliyyət göstərmək istəyirəm. Əsas məqsədim elm sahəsində Azərbaycana Nobel mükafatını gətirmək, cəmiyyətə töhfə vermək və ölkəmizin adını daha da yüksəklərə qaldırmaqdır.
Mənbə: "Kaspi" qəzeti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay