Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 23 iyun 2024-cü il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.
DİM-dən Valyuta.az-a verilən xəbərə görə, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1373 namizəddən 59 nəfəri imtahana gəlməyib. 436 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib. Müsabiqə şərtini ödəyənlərdən 246 nəfər 4 və ya 5-ci kurs tələbələridir.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.
İyunun 23-də keçirilən imtahanda 84 nəfər bu ilin, 106 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 190 namizəd ikinci mərhələyə buraxılıb.
Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 442 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 25 iyun saat 10:00-dan 26 iyun saat 17:00-dək müraciət edə bilərlər.
Qeyd edilib ki, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 4-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay