ABŞ-də təhsil almaq istəyənlər üçün sərgi təşkil olunub - FOTO
Amerika Birləşmiş Ştatlarında təhsil almağa maraqlı olan orta məktəb şagirdləri və universitet tələbələri, eləcə də onların valideynləri üçün “EducationUSA” məzun sərgisi təşkil olunub.
Trend xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara təhsil proqramı seçiminin vacibliyinə diqqət çəkib: “Bu səbəbdən sərginin icraçılarına təşəkkür edirəm. Bir valideyn kimi övladımız üçün doğru universitet seçimi etmək olduqca çətindir. 2022-2023-cü tədris ilində 900-dən çox azərbaycanlı tələbə ABŞ-da təhsil alıb. Bu rəqəm ötən illərlə müqayisədə 25 faizdən çoxdur. Düşünürəm ki, sərgidə maraqlandığınız bütün sualların cavabını əldə edəcəksiniz”.
Sonra çıxış edən Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Azərbaycandakı nümayəndəsi Jordan Troisi deyib: “Burada iştirak edən hər kəs ABŞ təhsilinin gətirə biləcək uğurlarının canlı sübutudur. 2022-2023-ci tədris ili ərzində ABŞ-da azərbaycanlı tələbələrin 45 faizi magistratura, qalanı isə bakalavriat səviyyəsində təhsil alıb”.
Qeyd edək ki, sərgi ABŞ-ın Bakıdakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
“EducationUSA” məzun sərgisi ABŞ-da təhsil ilə maraqlanan şəxslər üçün böyük imkanlar təqdim edir. Sərgidə ABŞ səfirliyinin mübadilə proqramları və 35-dən çox ABŞ universiteti təmsil olunub. Həmçinin səfirliyin konsulluq xidmətinin əməkdaşları iştirakçılara tələbə vizaları ilə bağlı məlumat veriblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay