İdxalına ən çox pul xərclənən yeyinti məhsulları
Azərbaycanın yeyinti məhsullarının idxalına xərclədiyi pul ilbəil artır. 2019-ci ildə yeyinti məhsullarının idxalına 1,64 milyard dollar xərcləndiyi halda ötən il 2,16 milyard dollar pul xərclənib. Qısa müddətdə xaricdən alınan yeyinti məhsullarının idxalına çəkilən xərc 520 milyon dollar artıb.
Valyuta.az Gundem.az-a istinadən xəbər verir ki, yeyinti məhsulu dedikdə həm heyvan yemləri, həm də insanlar tərəfindən istehlak edilən qida məhsulları nəzərdə tutulur.
Ölkəmizə yeyinti məhsullarının idxalının davamlı artmasının bir neçə səbəbi var. Əsas səbəblər əhalinin sayının artması, yeyinti məhsullarının bahalaşması və yerli istehsalın daxili tələbatı tam ödəyə bilməməsidir.
Yeyinti məhsullarının tərkibinə baxdıqda görürük ki, Azərbaycan bütün növ əsas qida məhsullarını idxal edir. Amma bəzi qida məhsulları var ki, ölkəmizdə həmin məhsullara tələb böyük olduğundan onların idxalı da xeyli çox olur.
Bəs qida məhsullarının idxalında hansı məhsullar üstünlük təşkil edir, daha çox pul hansı qida məhsullarına xərclənir?
2023-cü ilin genişləndirilmiş xarici ticarət göstəricilərinə əsasən, bir neçə məhsul var ki, ölkəmiz həmin məhsulların alışına daha çox pul xərcləyir.
Yeyinti məhsullarının idxalında ən çox pul buğdanın alışına sərf edilir. Azərbaycan özünü buğda ilə 65-70 faiz təmin etdiyindən məhsulun qalanı xaricdən gətirilir. Ötən ilin məlumatına əsasən, idxal buğdasına 304 milyon dollar xərclənib. İdxal edilən buğda əsasən un istehsalında istifadə edilir. Buğdadan başqa 20,9 milyon dollar dəyərində buğda unu da idxal olunub.
Diri heyvanların idxalına çəkilən xərc də çoxdur. Bu məqsədlə bir il ərzində 115 milyon dollardan çox pul sərf edilib. İribuynuzlu ev heyvanlarına, o cümlədən düyə və inəklərin idxalına 19,4 milyon dollar, digər iribuynuzlu heyvanların alışına 57 milyon dollar, diri qoyunların alışına 25,1 milyon dollar, diri ev toyuqlarının idxalına 12,6 milyon dollar xərclənib.
Heyvan ətlərinin (iribuynuzlu, donuz, qoyun, ev toyuğu, hindtoyuğu əti) idxalına da çox vəsait sərf edilir. Heyvan ətlərinin idxalına ümumilikdə 87 milyon dollara yaxın pul sərf olunub.
Digər qida məhsulları arasında çox pul şəkərə, yağlara, meyvə və tərəvəzlərə xərclənib. Azərbaycan bir ildə xam şəkərin alışına 185 milyon dollar, çörək-bulka və unlu qənnadı məmulatlarının alışına 111 milyon dollar (peçenyeyə 40 milyon dollar, vafliyə 19 milyon dollar), şokalad məmulatlarına 108 milyon dollar, qənnadı məmulatlarına 49 milyon dollar pul sərf edib.
Yağlara ayrılan pulun məbləği 200 milyon manatı ötür. Ən çox pul kərə yağına xərclənir. Bir ildə kərə yağına 88,9 milyon dollar, müxtəlif növ digər yağlara 183 milyon dollar (palma yağına 53 milyon dollar, günəbaxan yağına 53 milyon dollar, qarğıdalı yağına 25 milyon dollar və s.) ayrılıb.
Bunlardan başqa meyvələrə (təzə və qurudulmuş) 152 milyon dollar, tərəvəzlərə 78 milyon dollar, əlavə olaraq kartofa 44 milyon dollar xərclənib.
Həmçinin süd və süd məhsullarına (o cümlədən pendirlərə) 84 milyon dollar, çaya 70,5 milyon dollar, düyüyə 50 milyon dollar, balıq və dəniz məhsullarına təxminən 40 milyon dollar vəsait ayrılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay