BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
36843

Bu gün gördüyümüz bir çox qlobal şirkətlər vaxtilə startap olublar. O ideyanın gələcəyini görüb maddi olaraq dəstəkləyənlər - mələk investorları isə böyük maliyyə sahibidirlər. Təbii ki müəyyən qədər investisiya imkanı olan hər kəs istəyir ki, eyni taleyi yaşasın və zamanla dünyada mələk investisiya sahəsi genişlənir.

Azərbaycan təcrübəsinə gəlsək, bu istiqamətdə bir neçə ildir ki, müəyyən fikirlər eşidirik, ancaq hələ ki o mühit formalaşmayıb. Çox az sayda mələk investor var.

Bu yaxınlarda isə “Technovate - Sabah Mələk İnvestorlar Klubu” Mələk İnvestorlar Məktəbini (Angel İnvestor Schoolwww.aneglinvestor.az) təsis etdi.

“Technovate - Sabah Mələk İnvestorlar Klubu”nun həmtəsisçisi Fərid İsmayılzadə yeni yaratdıqları Mələk İnvestorlar Məktəbi, mələk investisiya və mələk investorlarla bağlı Valyuta.az-ın suallarını cavablandırdı.

Qeyd: Mələk İnvestorlar Məktəbinə ödəniş zamanı ‘Valyuta.az’ promo kodunu daxil etməklə daha 30% endirim əldə etmək mümkündür.

- Fərid bəy, Azərbaycanda startapçılar deyirlər ki, ideyamız var, mələk investor yoxdur, maliyyəsi olan şəxslər isə maraqlı layihə problemi olduğunu iddia edirlər. Azərbaycanda bu istiqamətdə hazırda vəziyyət necədir?

- Bu bir az “Toyuq, yoxsa yumurta öncə yaranıb” sualı kimidir. Bir tərəfdən yaxşı startaplar olmalıdır ki, investorları cəlb etsin, digər tərəfdən isə investorlar olmalıdır ki, ideyaları olanlar müraciət edə bilsinlər. Startapçılar da haqlıdırlar, investorlar da. Çıxış yolu olaraq atılan addımlar da daha çox startap tərəfinin inkişafına fokusludur. Ancaq tək bir tərəflə olmur, eyni zamanda investisiya mühiti inkişaf etməli, investorların məlumatlılığı artmalıdır. Məhz bu səbəbdən biz bu məktəbi təsis etdik.

“Azərbaycanda məlumatlı mələk investorların sayı azdır”

- Məktəb formasında başlanğıcın səbəbi nə oldu?

- Məktəbin rolu bir növ mələk investorlar klubuna (Technovate-Sabah Mələk İnvestorlar Klubuna) üzvlər gətirmək rolunu daşıyır, amma bu sahədə nəzəri bilikləri olan şəxslər olması vacibdir. Biz kluba ilkin cəlb etdiyimiz şəxsləri məktəbdən keçirməmişdik. Onların sayı hazırda 25 nəfərdir. Ancaq gördük ki, məlumatlılıq vacibdir. Araşdırdım və məlum oldu ki, gürcülər və qazaxlar mələk investorlar klubuna gətirəcəkləri şəxsə öncə nəzəri məlumatlar verirlər, sonra kluba gətirirlər. Gürcülər, qazaxlar bu sahədə çox irəli gediblər. O təcrübəni tətbiq etmək qərarı verdim. Məktəbi bitirən şəxslərə klubumuza bir illik pulsuz abunəlik verəcəyik. Bu da onlara nəzəri öyrəndiklərini praktikada tətbiq etməyə imkan verəcək. Bir il sonra isə onlar klubda davam və ya tamam qərarı verəcəklər.

- Azərbaycan bazarı üçün investor yetişdirmək istəyirsinizsə, niyə bəs qlobal bazara yatırıma fokuslanılır?

- Azərbaycanda da arada sırada investsiyaya layiq startaplar olur, ancaq startap ekosistemi inkişaf etmiş ölkələrlə müqayisədə, onların sayı o qədər də çox deyil. Azərbaycan bazarında məlumatlı mələk investorların da sayı azdır. Bizim məqsədimiz onlara qlobal bazarlarda startap mühitini görtərmək, təcrübə qazandırmaqdır. Öz bazarımızda da kifayət qədər yaxşı startaplar yarandıqca, o investorlar öz bazarımıza da meyillənəcəklər. Azərbaycan bazarına təcrübəli mələk investorlar lazımdır. İstəyirəm ki, Azərbaycanda ekosistem inkişaf edəndə, güclü ideyalı startaplar çıxanda, ölkədə onları dəyərləndirə biləcək mələk investorlar olsun.

Gəliriniz ildə 5000 manat investisiyaya imkan verməlidir

- Məktəbin yaradılmasına reaksiya necə oldu?

- İlkin reaksiya əladır. İlk ayda 60-70 müraciət oldu. Tədrisə başlamaq üçün hədəfimiz 100-dür. Məqsəd 2024-cü ilin sonuna kimi 300 nəfər mələk investor yetişdirməkdir.

- Azərbaycanda mələk investor olmaq istəyənlər kimlərdir?

- İş adamları da var, yüksək maaş alıb investisiya etmək istəyənlər də. Xanımlar da var, bəylər də. Bu tip investisiyalara meyl edənlər o adamlardır ki, gəlirləri ildə ən azı 5000 manatı risk edib yatırıma yönəltməyə imkan verir.

- Təlimçiləriniz amerikalılardır. Bu seçim nəyə əsasən edilib?

- İki nəfər amerikalı mütəxəssis, mən və Məmməd Kərim olacaq. Amerikalı təlimçilərimiz bəlkə də 100-200 startapa investisiya ediblər. Çalışdım ki, təlimçilər nəzəriyyəçi deyil, praktiki yöndə bilikli adamlar olsun. Nəzəriyyə də olsun, amma təcrübəyə çox önəm verirəm. 100-200 startapa yatırım etmiş şəxslərdən öyrəniləcək məsələ daha çox olacaq. Bu iş heç bir təlimçinin əsas qazanc yeri deyil. Biz hamımız bunu Azərbaycan üçün edirik. Amerikanlılar belə başqa bir ölkənin ekosisteminə müsbət təsir edə biləcəklərinə görə bu işi səmimi olaraq edirlər. Təlimlər ingiliscə olacaq. Onsuz da biz qlobal startaplardan danışırıq. Ona görə də indiki mərhələdə ingiliscə bilən potensial investorlar önəmlidir.

- Məktəbə gəldim, bitirdim, sonra məni kluba üzv etdiniz. Sonra proses necə olacaq?

- Ayda bir dəfə klubun görüşü təyin ediləcək. Hər ayın deyək ki, 4-cü həftəsinin 4-cü günü axşam saat 9-da hamı bilir ki, klubun görüşü olur. Hər kəs də vaxtını ona uyğun təyin edir. Bu görüşdə ABŞ startapçıları öz layihələrinin təqdimatını edəcəklər. Hər dəfə 3-5 startap təqdimat edir. Hər klub üzvü də fərdi olaraq yatırım edib-etməmək qərarını özü verir. Məsələn, deyək ki, 20 nəfər 5000 dollarda yatırım etmək qərarı verdi, onları birləşdiririk, 100 000 dollar şəklində o startapa yatırım edəcəyik. Çünki ABŞ startaplarına adətən, minimum yatırımlar 50 min dollardan yüksək olur.

“Startap təcrübəsi olmayan şəxsləri investorlarımızın qarşısına çıxarmaq istəmirəm”

- İnvestorların qarşısına çıxacaq layihələr necə seçiləcək?

- 2024-cü il üçün o startapları özüm və Bakıdakı işlər üzrə köməkçim Ziyadxan analiz edəcək, süzgəcdən keçirəcəyik. Elələrini seçəcəm ki, bizim mələklərə maraqlı olsun. Çalışıram ki, Amerikadakı mələk investor klubları ilə xüsusi əlaqələr yaradım. Bizdə təqdimat edən startap artıq hansısa investor klubundan maliyyə alanlar olsun. Bizim investorlar görsünlər ki, onlardan qat-qat təcrübəli investorlar bu layihəyə 200 min, 300 min yatırıblar, orda 100 min çatmır, gəlin biz də 100 min dollar yatıraq və s. Heç bir maliyyə cəlb etməyən, ümumiyyətlə, əvvəllər startap təcrübəsi olmayan şəxsləri investorlarımızın qarşısına çıxarmaq istəmirəm.

Bir də məktəbə qoşulub sonra kluba üzv olan şəxslərin layihələrə yatırım etməkləri könüllüdür. Kluba üzv olarsan, amma heç bir startap xoşuna gəlməsə, maliyyə yatırmaya bilərsən. İlin sonunda maraqlı gəlməsə, davam etməyə də bilərsən. Yəni məcburi deyil.

- İnvestisiyanı yatırdılar, sonra artıq gözləyirlər, yoxsa prosesdə iştirak da mümkündür?

- Aktiv və passiv investor yanaşması var. Aktiv investor olmaq istəyən şəxs odur ki, prosesin içində olur, davamlı gedişatı izləyir, passiv investor isə investisiyanı yatırır və gözləyir ki, komanda işini görsün. Nəticə uğurlu olsa, o da qazanacaq.

Aktiv, yoxsa passiv investor olmaq yatırdıqları məbləğdən və şəxsi yanaşmalarından asılıdır. Deyək ki, mələk investor tikinti şirkətlərindən birində yaxşı vəzifədə işləyir. Keçmişdə mühəndis olub, boyalarla maraqlanır. İnvestisiya cəlb etmək istəyən startap da yeni növ boyadır. Bu zaman bizim tikinti işində olan mələk investorumuz həvəsi varsa, gedər Amerikaya, orda boyanın test mərhələsində iştirak edər, onunla ciddi-ciddi maraqlanar və tövsiyələr verər və s. Adam da olar deyər ki, ideya yaxşıdır, araşdırdım, yatırım edirəm, amma işin içində olmayacam. Seçim məsələsidir. Mən aktiv investoram. Bütün layihələrin içindəyəm.

“Burada heç bir maliyyə qazanmaq məqsədimiz yoxdur”

- Kluba qoşulub yatırım etdik, bir startap uğurlu oldu və yaxşı gəlir qazandı. Gəlir necə bölünəcək?

- Deyək ki, 10 nəfər razılaşdı, hərəsi 10 min dollardan bir startapa 100 min dollar investisiya yatırdı. Onlayn olaraq Amerikada 10 nəfərin bərabər pay sahibi olduğu bir şirkət yaradılır. 100 min dollar həmin şirkətin hesabına köçürülür. Hər kəs də o şirkətdə 10 faiz pay sahibi olur. O 100 min dollar şirkət adından startapın hesabına köçürülür. Deyək ki, şirkət bu startapın 5 faiz sahibi oldu. İndi həmin startap partladı, 1 milyard dollara satıldı. 5 faizlik gəlir 10 nəfərin sahibi olduğu şirkətin hesabına köçürülür və 10 nəfər arasında bərabər bölünür.

- Klub burada hər hansı pay sahibi olmur?

- Klub tamamilə sosial məsuliyyət layihəsidir. Mənim ölkəyə qatmaq istədiyim paydır. Bu işlər sadəcə Azərbaycana fayda vermək məqsədi daşıyır. Burada heç bir maliyyə qazanmaq məqsədimiz yoxdur.

- Gələk kimlərin mələk investor ola biləcəyinə...

- Ümumi anlamda mələk investor, yenilik və texnoloji olan startaplara kiçik miqdarda sərmayə yatıranlara deyirik. Maddi yöndən danışsaq, mələk investorların yatırım məbləğləri ölkədən-ölkəyə şəhərdən-şəhərə dəyişir. Məsələn, ABŞ-da bir mələk investor tərəfindən edilən yatırım məbləği 20-100 min dollar arası dəyişir. Bəzən 200 min dollara qədər qalxa bilir. Azərbaycan bazarında isə biz 5-10 min dollarla başlaya biləcəyimizi təxmin edirəm.

“Məni hər səhər oyadan dünyada nəyisə dəyişmək istəyidir”

- Maddidən başqa digər yönlər hansılardır? Məsələn, xarakterin önəmi var?

- Mələk investor həm də xarakter işidir. Ən böyük xarakter risk etməkdən zövq alan adam olmalısan. Böyük oynamaq həvəsi olmalıdır. Elon Maska baxın, o qədər maliyyəsi, “Space X”, “Tesla”sı var, amma “Twitter”i aldı. 50 yaşı var, dayanmır. Burada iş maliyyədə deyil, o, daxilən bu şeyləri istəyir, həvəs, maraq söhbətidir. Mələk investor başa düşməlidir ki, 15 startapa investisiya yatıracaq, onun 14-ü alınmayacaq, amma 1-i elə uğurlu ola bilər ki, 14-nün pulu da çıxarar, hətta böyük məbləğlər də qazandıra bilər. Bu tip riski sevən adam olmalıdır. Ümumilikdə, texnologiyanı, yenilikləri sevən olmaldır. Bir də daxilində ölkəni, dünyanı dəyişmək, insanlığa töhfə vermək istəyi, həvəsi olmalıdır. Məni hər səhər oyadan dünyada nəyisə dəyişmək istəyidir. Bunun üçün risk etməkdən zövq alıram. Azərbaycanda satdığım şirkətdən əldə etdiyim gəlirləri demək olar ki hamısını startaplara yatırmışam.

- Hansı məbləğləri risk etmisiniz?

- 3-4 ildir bu istiqamətə köklənmişəm. Bir neçə yüz min dollar investisiya etmişəm.

- 3-4 il elə də uzun müddət deyil, amma yenə də maraqlıdır, geri dönüş aldığınız olub?

- Mən mələk investisiyaya “GoldenPay”i, “hesab.az”ı və “eMobile”ı satandan sonra başlamışam. Geri dönüş gözləmək üçün 3-4 il qısa müddətdir. Startapdan geri qayıdış adətən 8 ildir. Bəzən daha tez bəzən də daha gec ola bilir. Ya hamısı batacaq, heç nə olmayacaq, ya da içində uğurluları çıxacaq və milyardlar qazana biləcəm. Orta bir şeylər də ola bilər. Mən hər nəticəyə hazıram.

- Gözə alma səbəbi nədir?

- Gözə almaq üçün səbəbim odur ki, uğursuzluq mənim üçün dünyanın sonu olmayacaq. Ən pis halda mənim üçün əla təcrübədir. Azərbaycanla Amerikanın fərqi ondadır ki, Azərbaycanda gördüyün işdə uğursuzluq olanda, alnına “bacarmadı” damğası vurulur və bu bəzən o adam üçün dünyanın sonu ola bilər. Amerikada isə uğursuzluğun yaxşı təcrübə hesab edilir. Deməli, cəhd etmisən, alınmayıb, amma əmindirlər ki, sənə öyrətdiyi şeylər çoxdur və sən o öyrəndiklərini işə qatacaqsan. Ona görə də bu işlər alınmasa, mənim üçün dünyanın sonu deyil. Amerika imkanlar ölkəsidir.

“Bəzən investor da startapçını yanılda bilir”

- Fərid bəy, məktəbin yaradılmasından danışanda, mələk investorların məlumatlılıq məsələsinin önəmini vurğuladınız. Məlumatlı investorlar nələri bilməlidirlər?

- Bizim məktəbin məğzi investorlara məhz bunları öyrətməkdir. Məsələn, startapın ideyası. İdeya nə qədər çox insanın həyatına müsbət mənada təsir edə bilərsə, o qədər yaxşıdır. “GoldenPay” Azərbaycandakı insanların həyatını yaxşılaşdırmaq üçün idi. “PayPal” ideyası isə ABŞ, dünya əhalisinin həyatını dəyişdi. Ona görə də “GoldenPay”in dəyəri milyonlarla ölçülürdüsə, “PayPal”ın dəyəri milyardlarla ölçülür. Yəni mələk investor startapın ideyasının nə qədər çox dünyəvi olduğuna baxmalıdır.

Ola bilər ki, ideya çox gözəldir, xoşunuza gəldi, bunda bir gələcək görürsünüz. Bəs komanda kimlərdən ibarətdir? Keçmişlərində nə var? Əgər keçmişlərində hansısa təcrübə yoxdursa, artıq intuisiyanı işə salaraq komandanı analiz etməlisən.

Diqqət edilməli nüanslar çoxdur. Məktəbdə bunların hamısına aydınlıq gətiriləcək.

- Mələk investorlar ən çox ideyada səhv edirlər, yoxsa komandada?

- Birincisi, ideya seçimi deyərdim. Bu iş “ideya xoşuma gəldi” deyib qərar verməklə olmur. Qulağa xoş gələn o qədər ideya var ki. İdeya nə qədər gözəl səslənsə də, araşdırmaq çox önəmlidir.

İkincisi, komanda ilə bağlı yanılmalar ola bilir. İdeya yaxşı olanda, düşünürlər ki, yaxşı olacaq. Komandanı araşdırmaq, analiz etmək lazımdır.

Biznes planla bağlı da yanılmalar çox olur. Məsələn, startap təqdim etdiyi biznes planda bəzən 1 ilə çox böyük hədəflər götürür. Sən analiz etməlisən ki, bu hədəf 1 ildə nə dərəcədə real ola bilər? Biznes planda qısa müddətdə böyük gəlirlər yazılanda, investorlara cəlbedici gəlir və yanıla bilirlər.

Startapçının təqdimatı, danışığının analizi kimi incəliklər çoxdur. Bəzən investor da startapçını yanılda bilir. Bunu belə öyrənmək lazımdır.

- İnvestor startapçını necə yanılda bilər?

- Məsələn, bəzən mələk investorlar startapçı qarşısında öz imkanlarını yüksək göstərirlər. Bu, daha çox investisiya mühiti çox inkişaf etməyən ölkələrdə olur. Azərbaycandakı karyeramda başıma gəlib. Məsələn, mənə deyirdilər ki, filan işləri biz sənin üçün bir zəngə həll edərik, sənə filan şirkətlərlə və ya adamlarla əlaqələr qurmaqda və s. köməklik edəcəm. Sonra mənə bu əlaqələr lazım olanda, onlar vədlərinə əməl etmirlər. Bu cür hərəkətlər startapçının planını pozur.

“5 ildə 15 startapda pay sahibi olmaq yaxşı olar”

- Görünən odur ki, bu işdə də təcrübə çox önəmlidir. Sizin öz təcrübənizdən bəlkə müqayisəli də danışa bilərik. İlk yatırım etdiyiniz startap və ən son etdiyiniz startapa yatırımlarınıza yanaşmanızda fərq oldumu?

- Yatırım etdiklərim arasında hələ ki uğursuz olan, fəaliyyəti dayanan startap olmayıb, ancaq ilk yatırım etdiyim startapla sonuncunu müqayisə edə bilərəm. Məsələn, birincidə təcrübəm olsaydı, ona yatırdığım məbləği 3 fərqli startapa yatırardım. Birinci də uğursuz deyil, sadəcə müqayisədə deyirəm.

- Son olaraq mələk investor olmaq istəyənlərə nə demək istərdiniz? Çünki bu istiqamətdə suallar çoxdur.

- Suallar çoxdur, biz müraciət edənlərin fərqli suallarını cavablayırıq. Ancaq bəzən belə sual da verənlər olur ki, bizim yatıracağımız investisiya sığortalanır? Dünyanın heç yerində investisiya sığortalanmır. İnvestisiya riskdir.

Bir startapa yatırım etdim, görək nə olur? - kimi düşüncə ilə də bu sahəyə gəlmək bir az doğru yanaşma deyil. 8 il sonra o investisiya bata bilər. Portfolio yaratmaq lazımdır. Məsələn, 5 ildə 15 startapda pay sahibi olmaq yaxşı olar.

Yaxud biri uğursuz alınan kimi “startaplar uğursuz olur” kimi deyib geri çəkilənlər üçün də deyil bu sahə. Mələk investorda bu tip qorxu olmamalıdır. Bilməlisən ki, alınmaya da bilər.

Aygün Asimqızı // VALYUTA.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Ən varlı rusiyalıların sərvəti bu il 15,8 milyard dollar artıb

"Həzi Aslanov-2" metro stansiyasının tikintisi niyə yubanır? (AÇIQLAMA)

SOCAR İstiqrazlarının 10-cu kupon ödənişi edilib

Taleh Kazımov "Naxçıvan Bank"la bağlı məsələyə aydınlıq gətirib

Mərkəzi Bank sədri xarici valyutaya tələbin artmasının səbəblərini açıqladı

Mərkəzi Bank sədri xarici valyutaya tələbin artmasının səbəblərini açıqladı

"Azərenerji"nin ixrac gəlirləri 7 dəfə azalıb

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Ölkəmizdə duru yağ istehsalı artıb, marqarin istehsalı azalıb

Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın ®

Almaniyada asanlıqla iş tapa biləcəyiniz 10 peşə

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək

Nigar Rüstəmliyə TƏBİB-də vəzifə verildi

Nigar Rüstəmliyə TƏBİB-də vəzifə verildi

Sabah hava necə olacaq?

Az qazanıb çox xərcəməyin yolu

“Apple”in süni intellektin inkişafı ilə bağlı “gizli” tədqiqat laboratoriyası var

Yeni gələn işçiyə daha çox maaş verilir?

Uçot dərəcəsinin azaldılması inflyasiyaya necə təsir edəcək?

Üç ayda kolbasa istehsalı 400 tona yaxın artıb

Yerli avtomobillərin istehsalının artması qiymətlərə necə təsir edəcək?

Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? – ARAŞDIRMA

Sübhi Kazımov işdən çıxarıldı

Gələn il Azərbaycanda internetin sürəti 50 Mbit/s-yə çatacaq

Rəhbər öz komandasına, işçisi kimi deyil, öncə insan kimi yanaşmalıdır - Mütəxəssis

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri cəzalandırıldı

“Aqrar Sığorta”da geri sayım davam edir - Yığımlar 2,2 mln. manatdan çox azalıb

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin