Deputatdan əhaliyə müjdə: Əmək haqları artırılacaq!
"Müəyyən məhsulların qiymətində artım var. Amma bu, kütləvi deyil. Hətta kommunal xidmətlər artmasa belə, müxtəlif malların qiyməti həmişə artır”.
Valyuta.Az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
O əlavə edib ki, satışda olan malların böyük əksəriyyəti xaricdən gətirilmədir:
"Xarici ölkədə malın maya dəyərinin artması və ya hansısa məhsulun qıtlığı onun qiymətinin dünya bazarında artmasına səbəb olur. Mən özüm gündəlik marketlərdən alış-veriş edirəm, müəyyən mallarda artım müşahidə edirəm. Bu mallar xarici ölkələrdən gətirilir, yerində müəyyən qədər qiyməti artmış olur.
Bu iqtisadi izahın sadə vətəndaş üçün əhəmiyyəti yoxdur. O, birbaşa istehlak səbətində bu və ya digər məhsulun qiymətinin artmasını görür.
Dövlət tərəfindən minimum əmək haqqı və pensiyaların artması üçün böyük işlər görülür. Eyni zamanda iş yerlərinin artması üçün də ciddi addımlar atılır. İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan uzun müddət əsas problemi olan işğal altındakı torpaqların azad edilməsi üçün ciddi hazırlıq görüb.
Biz istəsək də, istəməsək də büdcəmizin əhəmiyyətli hissəsi hərbi sahəyə gedib. Bundan sonra qeyri-hərbi sahədə iş yerlərinin açılması və əmək haqlarının artırılmasına diqqət yetiriləcək. Uzun çəkməyən dövrdən sonra minimum əmək haqlarının artmasının xəbərini eşidəcəyik”.
Millət vəkili əlavə edib ki, koronavirus pandemiyası zamanı da insanların güzəranına ciddi olmasa da, əhəmiyyətli təsirləri olub:
"İş yerlərinin məcburi surətdə bağlanması, sərhədlərin qapadılması və bu səbəbdən xaricə mal çıxarılması və alınması da qiymətlərin artması və iş yerlərinin azalmasına səbəb olub.
Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ problemi həll olunub. Hərbi sahəyə cəlb olunan vəsait tədricən mülki sahəyə yönələcək. Koronavirusa yoluxma sayının günü-gündən azalması artıq məhdudiyyətlərin götürülməsi, işçi qüvvəsi və əmtəənin sərbəst hərəkəti ilə nəticələnəcək.
Cənab prezident də müəyyən sahə üzrə rəhbər təyin etdikdə və auditoriya qarşısında çıxış etdikdə hər zaman əməkhaqqı, iş yerlərinin artırılması, insanların sosial rifahının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Müəyyən problemlər var və insanların narahatlığını bölüşürük. Bununla bağlı biz parlamentdə vaxtaşırı müəyyən təkliflər irəli sürmüşük. Şəxsən özüm belə bir təklif etmişəm ki, ölkəmizdə işsizliyin səviyyəsi yüksək olan müəyyən regionlarında vergilər azaldılsın. Bununla sahibkarlar daha çox qazanmağa və iş yerləri yaratmağa maraqlı ola bilər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay