Pandemiya istirahət planlarına necə təsir edib? – SORĞU
Karantin şərtlərinin yumşaldıldığını nəzərə alaraq, insanların yay istirahəti ilə bağlı planlarını öyrənmək və pandemiyanın səyahət planlarına təsirini müəyyənləşdirmək üçün MTM (Media Təhlil Mərkəzi) tərəfindən 12 – 16 iyun tarixlərində sorğu keçirilib.
Valyuta.az Mərkəzə istinadən xəbər verir ki, sorğuda iştirak edən 760 respondentin 48%-ni qadınlar, 52%-ni kişilər təşkil edib.
İlk suala verilən cavablar əsasında məlum olub ki, respondentlərin 47,5%-nin yay ayları üçün istirahət planı yoxdur. Cavab verənlərin 36,7%-i bölgələrə, 8%-i xarici ölkəyə səyahət edəcəyini bildirsə də, 7,8%-i isə yayı bağ evində keçirəcəyini qeyd edib.
Sorğuya əsasən, insanların daha çox hansı bölgələrdə istirahətə üstünlük verdiyini müəyyənləşdirmək mümkün olub. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin cavabları aşağıdakı kimidir:
Lənkəran – 33%;
Şəki-Zaqatala – 32%;
Quba-Xaçmaz – 29%;
Qarabağ – 29%;
Bölgələrə getməyi planlaşdırmıram – 29%;
Gəncə-Qazax – 19%;
Aran – 18%;
Şirvan – 8%;
Naxçıvan – 5%.
Cavab verənlərin 35%-i dost və ya qohumuna məxsus avtomobillə ölkə daxilində səyahət etdiklərini söyləyiblər. Bölgələrə şəxsi maşını ilə gedənlər cavab verənlərin 29%-ni təşkil edib. Sərnişin avtobusu ilə səyahət edənlər sorğu iştirakçılarının 22%-ni, müxtəlif turlara qoşulanlar 13%-ni əhatə edib. Respondentlərin 1%-i isə təyyarə ilə səyahətə üstünlük verdiyini bildirib.
Pandemiya bitənədək xarici ölkəyə səyahət planlarını təxirə salanlar respondentlərin 12%-ni təşkil edib. Sorğu iştirakçılarının 28%-i bildirib ki, qadağaların davam etdiyi müddətdə ölkə xaricində istirahətdən həzz almaq olmur. Respondentlərin 10%-i xarici ölkəyə səyahətə məhdudiyyət qoymadığını, 50%-i isə əvvəllər də xaricə səyahət etmədiyi üçün hazırkı vəziyyətin istirahət planlarına heç bir təsirinin olmadığını dilə gətiriblər.
Respondentlərin 67%-i yay istirahətinə 300-500 AZN, 15%-i 500-700 AZN, 9%-i 700-1000 AZN, 9%-i isə 1000 AZN-dən çox vəsait ayırdığını qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay