Azərbaycanda cərrahiyyə əməliyyatlarının qiymətləri necə formalaşır?
Azərbaycanda cərrahiyyə əməliyyatlarının qiymətlərinin yüksək olduğu kimsəyə sirr deyil.
Bəzən bu məbləğlər 10-20 min manat civarında olur ki, bu da orta statistik vətəndaşın cibinə uyğun gəlmir.
Bəs həmin qiymətlər necə formalaşır? "Report" bununla bağlı müxtəlif şəxslərin rəyini öyrənib.
"Qiymətlər həkimdən asılı olaraq dəyişir"
Tibb üzrə fəlsəfə doktoru, ümumi cərrah Adil İsayev deyir ki, əməliyyatların qiymətləri həkimdən asılı olaraq dəyişir: "Həkimlər arasında azad rəqabət olmadığı üçün hərə bir məbləğ istəyir. Hər halda, professorla yenicə universiteti bitirmiş cərrahın əməliyyat qiymətləri eyni ola bilməz. İllərin təcrübəsi öz sözünü deyir. Vahid qiymət tələb edən şəxslər gərək istədikləri cərrahı seçməsinlər, ona təqdim olunanla qane olsunlar”.
"Hər xəstəxananın öz yanaşması var"
Ürək-damar cərrahı Arzu Məmmədov isə deyir ki, əməliyyatların qiymətləri təkcə həkimdən asılı deyil, hər xəstəxananın öz yanaşması var: "Eyni əməliyyatın qiyməti klinikadan asılı olaraq dəyişə bilər, çünki fərdi yanaşma var. Bəzən sosial şəbəkələrdə kiminsə bahalı əməliyyata ehtiyacının olması barədə elanlar olur. Burda söhbət daha çox xaricdə aparılan cərrahiyyə əməliyyatından gedir. Həmin əməliyyatı bizim ölkədə etdirmək mümkün olsa da, bəzən vətəndaşlar yerli həkimlərə etibar etməyib, xaricə üz tuturlar. Orada isə müxtəlif xərcləri də üstünə gəldikdə qiymətlər çox yüksək olur. Xəstəxanalarımızda qiymətə təsir edən amillər arasında istifadə olunan avadanlıqlar, alətlər də var. Yeni işə başlayan həkim özünə güvənməyib, hər ehtimala qarşı həmin alətlərdən də istifadə edəcək ki, bu da qiymətdə öz sözünü deyəcək. Bu, sırf həkimin öz seçimidir. Keyfiyyətsiz alətlərdən istifadə etməklə ucuz əməliyyat etmək olar. Amma bu, risklidir”.
"Qiymətlərlə bağlı mənzərə aydın deyil"
Həkim-terapevt Rasif Bağırov isə hesab edir ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə cərrahiyyə əməliyyatlarının qiymətləri ilə bağlı mənzərə aydın deyil və yanlışlıq çoxdur: "Əməliyyatların dəqiq qiymətləri müəyyən olunmayıb. Buna görə də, kiminsə sağalması üçün hansısa məbləğdə pul lazım olması barədə deyilənlər ictimai rəyi çaşdırır, bəlkə də kimlərsə bundan qazanc əldə edir.
Yaxşı olardı ki, icbari tibbi sığorta paketinə bütün cərrahi proseslər daxil edilsin. Bu halda qiymətlər müəyyən edilə və dövlət onu ödəyə bilər. Yoxsa hansısa həkim istədiyi qiyməti qoyur".
"Pul təkcə həkimə çatmır"
Həkim-cərrah Mircəlal Kazımi isə deyir ki, əməliyyatların qiymətləri təkcə həkimə verilən məbləği əks etdirmir: "Pul təkcə həkimə çatmır. Bura xəstənin qalma xərcləri, lazım olan dərmanların alınmasına çəkilən xərclər, avadanlıqların alınma qiymətləri və s. də daxildir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay