Prezident nazirə 3 yeni müavin təyin etdi - Onlar kimdir? (DOSYE)
Səhiyyə naziri Teymur Musayevə 3 yeni müavin təyin olunub.
Səhiyyə Nazirliyindən Valyuta.Az-a verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti müvafiq sərəncamlar imzalayıb.
3 fevral 2022-ci il tarixli sərəncamlarla İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.
Dövlət başçısının digər sərəncamları ilə Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.
Nadir Zeynalov, İlqar Qasımov və Rasim İsmayılov
Qeyd edək ki, Qasımov İlqar Əbülfəz oğlu 12.04.1965-ci il tarixdə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Tibb İnstitutunun müalicə-işi fakultəsinə daxil olmuş, 1988-ci ildə oranı bitirib. 1989-cu il tarixdən 1990-cı il tarixə kimi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda “Travmatologiya və ortopediya” ixtisası üzrə internatura keçmişdir. İnternaturanı bitirdikdən sonra 1999-cu il tarixdən həmin institutda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb.
1994-cü il tarixdə Priorov adına Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda tibb elmləri namizədliyi, 1996-cı ildən 2000-ci il tarixədək Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda doktoranturada olmuş və tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 2000-ci il tarixdən 2004-cü il tarixə kimi Moskva şəhərinin Priorov adına Moskva ETTOİ-da İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində, 2004-2006-cı il tarixə kimi Rusiya Tibb Akademiyasının Diplomdan sonrakı Təkmilləşdirmə İnstitutunda Travmatologiya və Ortopediya kafedrasının elmi işçisi, 2006-cı il tarixdən 2017-ci il tarixədək Bakı şəhərinin bir neçə özəl klinikalarında fəaliyyət göstərib.
17.08.2017-ci il tarixdən Səhiyyə Nazirliyinin göndərişi əsasında Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Eyni zamanda, 2019-cu il tarixdən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Ailəlidir, 2 övladı var.
Zeynalov Nadir Azər oğlu 24.10.1976-cı il tarixdə Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini Bakı şəhəri 20 nömrəli məktəbdə alıb. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonrakı əmək fəaliyyəti ATU-nun I cərrahi xəstəliklər kafedrası ilə bağlı olub: 1999-2001-ci illərdə klinik ordinator, 2001-2004-cü illərdə aspirant, 2005-2013-cü illərdə assistent, 2013-cü ildən hazıradək həmin kafedranın dosenti vəzifəsində çalışır.
2006-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2021-ci ildə cərrahlıq üzrə dosent elmi adını almışdır. 2015-ci ildən başlayaraq inzibati vəzifələrdə çalışmışdır. Belə ki, 2015-2016-cı illərdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2016-2019-cu illərdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, 2019-2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Rus, ingilis və türk dillərini sərbəst bilir.
Ailəlidir, 3 övladı var.
İsmayılov Rasim Miskin oğlu 21 may 1973-cü ildə Bakı şəhərində anadan olub.
1980-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı məktəbin 1-ci sinifinə getmiş və 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirərək Səbail rayonu 2 saylı H.Mahmudbəyov adına texniki – humanitar liseyin 9-cu sinifinə qəbul olunub. 1990-cı ildə həmin liseyi bitirərək N.A. Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun kommersiya fakultəsini fərqlənmə diplomu ilə bitirib.
İnstitutu bitirdikdən sonra 2001-ci ilin sentyabr ayınadək Respublika Gigiyena və Epidemiologiya mərkəzində 1-ci dərəcəli mühasib-təftişçi, ali dərəcəli mühasib-təftişçi və aparıcı iqtisadçı vəzifələrində çalışıb.
2001-ci ilin sentyabr ayında Muğan Kommersiya bankında valyuta əməliyyatları üzrə mütəxəssis kimi fəaliyyətə başlamışdır. 2002-ci ilin dekabr ayında həmin bankın müştərilərə xidmət departamentinin rəis müavini, 2003-cü ilin noyabr ayında əməliyyat idarəsinin rəisi və 2005-ci ilin dekabr ayında bankın İdarə heyətinin sədr müavini təyin olunmuş və 2017-ci ilin aprel ayınadək həmin vəzifədə işləyib.
2017-ci ilin aprel ayından avqust ayınadək “Baker Tilly Azərbaycan” audit şirkətində qiymətləndirmə üzrə məsləhət xidmətləri təqdim edib.
2017-ci ilin avqust ayından 2018-ci ilin oktyabr ayınadək Polşa Respublikasında fəaliyyət göstərən, xarici ticarətlə məşğul olan Fertiz S.A şirkətində baş direktorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində işləyib.
2018-ci ilin oktyabr ayından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Ailəlidir, 2 övladı var.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay