Həkim maaşa əlavəni almadığını iddia edir: Agentlik isə ödədiyini deyir
Binəqədi rayonunda yerləşən 10 saylı poliklinikanın COVİD məntəqəsində işləmiş məsul həkim Aygün Əliyeva bu ilin mart, aprel və may ayları üzrə ona nəzərdə tutulmuş əməkhaqqının 3 misli məbləğində vəsaitin ödənilmədiyini bildirir.
Valyuta.az xəbər verir ki, bu barədə “Qafqazinfo.az-a müraciət edən A. Əliyeva qeyd edib ki, ötən ilin iyunundan COVİD məntəqəsində işə cəlb olunub:
“Bu ilin may ayına kimi məntəqədə fasiləsiz bayram günləri də daxil olmaqla işləmişəm. Bilirik ki, COVİD-lə mübarizə aparan tibb işçilərinə 3 qat mislində maaş verilir. Amma mart, aprel, may ayları üzrə bu məbləğ mənə ödənmədi.
Mən də prosesə etiraz olaraq Bakı şəhər Baş Səhiyyə İdarəsinə və İcbari Tibbi Sığorta Agentliyinə müraciət etdim. Agentlik bu günə kimi də şikayətimi araşdırıb mənə cavab verməyib. 3 ay üçün 900 manata yaxın pul ödənilməlidir. Məbləğ ödənilmədiyinə görə məntəqədəki işimdən ayrıldım. Hazırda poliklinikanın müalicə işləri müavini kimi fəaliyyətimi davam etdirirəm”.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyindən Qafqazinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir:
"Belə ki, Binəqədi rayonu 10 nömrəli poliklinikanın tibb işçisi Aygün Əliyeva İlqar qızına iş vaxtına/saatına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə ödənilir. Sözügedən şəxsə cari ilin mart ayı üzrə 244.64 manat, aprel ayı üzrə 205.50 manat, may ayı üzrə isə 205.50 manat müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Əlavə olaraq qeyd edək ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə müddətli əlavələr tibb müəssisəsi tərəfindən Agentliyə təqdim edilmiş iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən ödənilir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay