Ötən ay 1 milyon 300 mindən çox tibbi xidmət göstərilib
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin iyun ayı ərzində 58 şəhər və rayonda 347 646 vətəndaşa 1 304 300 tibbi xidmət göstərilib.
Agentlikdən Valyuta.az-a verilən məlumata görə, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 586 443 müraciət daxil olub:
Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 134 721-i ambulator, 169 579-u isə stasionar şəraitdə göstərilib. Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (444), Şirvan (199) şəhərləri, Yevlax (180), Ağdaş rayonları (172), Gəncə şəhəri (158), Qax (158), Qəbələ (153), Beyləqan (152), Şabran (148) və Göygöl rayonları (148).
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (140 371), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (109 788), Xaçmaz (64 069), Yevlax (56 734), Quba (40 670), Bərdə (38 103), Şəki (36 940), Göyçay (35 844), Ağdaş (35 240) rayon mərkəzi xəstəxanaları və Siyəzən Müalicə-Diaqnostika Mərkəzi (34 101).
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Xaçmaz, Yevlax, Quba, Bərdə rayon mərkəzi xəstəxanaları, Siyəzən Müalicə-Diaqnostika Mərkəzi, Şəki, Ağdaş və Göyçay rayon mərkəzi xəstəxanaları.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Qusar rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Şəki, Göyçay, Bərdə, Quba və Salyan rayon mərkəzi xəstəxanaları.
58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, habelə, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya ilə bağlı olub.
2021-ci ilin iyun ayı ərzində 11 tibbi ərazi bölməsi (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar).
Bərdə-Yevlax TƏB (287 376), Quba-Xaçmaz TƏB (199 039), Şəki-Zaqatala TƏB (170 949), Gəncə TƏB (166 986), Şəmkir-Tovuz TƏB (89 021), Göyçay-Kürdəmir TƏB (88 957), Dağlıq Şirvan TƏB (82 028), Ağdam-Ağcabədi TƏB (76 720), İmişli-Sabirabad TƏB (59 578), Lənkəran TƏB (48 324) və Cəlilabad-Salyan TƏB (35 322).
01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.
Bütün ölkə üzrə iyun ayı ərzində 592 990 nəfərə 1 004 000 müraciət üzrə 2 076 467 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 756 245-i ambulator, 320 222-si isə stasionar şəraitdə göstərilib.
İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-aprel ayları ərzində ölkə üzrə 2 444 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 102 nəfərini uşaqlar təşkil edib.
Ürək və damar cərrahiyyəsi üzrə 1467, oftalmologiya üzrə 357, urologiya üzrə 251, neyrocərrahiyyə üzrə 185, travmatologiya üzrə 125, digər sahələr üzrə isə 59 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 66 nəfər isə 18 yaşdan aşağı şəxslər olub.
Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay