Ramin Bayramlı: Üçüncü doza vaksinin vurulması üçün tədqiqatlar aparılır
“Üçüncü doza vaksin ehtiyacı dünyada müzakirə edilir. Bu istiqamətdə Azərbaycanda da elmi tədqiqatlar aparılır”.
Valyuta.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.
O bildirib ki, operativ qərargah çərçivəsində ölkəmizdə də tədqiqat aparılır, laboratoriyalarımız bütün zəruri cihaz və avadanlıqlarla təchiz edilib:
“Laboratoriyalarda elmi tədqiqatlar və dünya təcrübəsindən əldə edilən məlumatlar əsasında tədqiqatlar aparılır. Tədqiqatlar iki istiqamətdə - homoral immunitet və hüceyrəvi immunitetin miqdarının ölçülməsi ilə bağlıdır. Belə ki, ilk olaraq laboratoriya nəticələrində humoral immunitetin nə qədər olacağını gözləyirik. Eyni zamanda hüceyrəvi immunitetin də miqdarı önəmlidir. Elmi tədqiqatların nəticəsi onu göstərir ki, humoral immunitet zamanla zəifləsə də hüceyrəvi immunitet qanda qalır. Bu isə yaxşı göstəricidir. Bu o deməkdir ki, biz müəyyən müddətdən bir xatırladıcı vaksin vurmaqla hüceyrəvi immunitetə daha da təkan verə bilərik.
Bütün bunlar barədə elmi məlumatlar toplanıb komissiya tərəfindən müzakirə ediləcək. Yaxın zamanda yekun qərar qəbul ediləndən sonra bilinəcək ki, iki doza eyni vaksin vurulan şəxsə yenə həmin vaksin vurulacaq, yoxsa başqası. COVID-19 xəstəliyini keçirənlərə xatırlatma dozası neçə aydan sonra vurulsa yaxşıdır və hansı vaksindən istifadə olunsa, nəticə yaxşı olar. Bu məlumatlar barədə tədqiqatların sonunda ictimaiyyətə ətraflı məlumat veriləcək”.
R.Bayramlı onu da əlavə edib ki, bu gün bizim qarşımızdakı əsas məqsəd iki dozada vaksinasiya prosesini vaksinasiya strategiyasına uyğun şəkildə tamamlamaqdır:
"Bu gün hər dörd vaksin ölkəmizdə əlçatandır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay