Kardioloq: "COVID-19 keçirənlərin kardioloji müayinələrdən keçməsi vacibdir"
“COVID-19 xəstəliyi keçirən insanların kardioloji müayinələrdən keçməsi olduqca vacibdir”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Gömrük Hospitalının kardioloqu Emin Hacıbalayev deyib.
O bildirib ki, hazırda pandemiya ilə bağlı 1 il təxirə salınan futbol üzrə Avropa çempionatı keçirilir:
“Sevindirici haldır ki, bu oyunların bir qismi Azərbaycanda baş tutur. İyun ayının əvvəlində AVRO 2020 futbol oyunlarının birinin sonunda Danimarka futbolçusu Kristian Erikson qəflətən meydançada yıxıldı və tibb işçilərinin vaxtında müdaxiləsi onun həyatını xilas edə bildi. – Bəs nə baş vermişdi? Peşəkar futbolçu Kristian Erikson hər il kardioloji müayinələrdən keçir və fiziki yüklə tolerantlığı yoxlanılır. Yalnız müayinədən sonra futbol meydançasına buraxılır. Bu dəfə isə meydançada futbolçunun fiziki yüklənməsi nəticəsində oyunun sonuna yaxın onun ürəyinin ritm pozulması, mədəcik fibrilyasiyası və sonra isə ürək dayanması baş verib. Kardio-reanimatoloji tədbirlərlə qısa müddətdə ürəyin ritmini bərpa etmək mümkün olub. Futbolçu hospitala aparılaraq vəziyyəti stabilləşdirildikdən sonra kardioloji müayinələr yerinə yetirilib”.
Həkim qeyd edib ki, hipertrofik kardiomiopatiya, sağ mədəcəyin aritmogen displaziyası, Bruqada sindromu, uzun QT sindromu kimi nisbətən nadir rast gəlinən səbəblər daha əvvəl müyinələr zamanı aşkar olunmayan səbəblər içindədir:
“İlk növbədə EKQ və EXO müayinələri aparılıb. Ürək dayanmasından sonra edilən koronar angio müayinəsi təsdiq edib ki, damarlarda tıxanma olmadığı halda ürək dayanması baş verib və bundan sonra növbəti adddımlar – qan analizləri, genetik analizlər, troponin səviyyəsinin müəyyən edilməsi və ürəyin MRT müayinəsi diaqnozu qoymağa kömək edib. MRT nəticəsində ürək əzələsinin iltihabı – miokardit aşkar olunub.
Miokarditin etiologiyası infeksion, toksik, revmatoloji və allergik ola bilər. Aşkar olunub ki, virus infeksiyası ürəyin iltihabına gətirib çıxarıb. Virus infeksiyası kimi ilkin olaraq simptomsuz keçən COVID-19 xəstəliyi düşünülür. Miokardit ürək əzələsinin zədələnib çapıq toxuma ilə əvəz olunmasına gətirib çıxarır. Bu isə fiziki yüklənmə zamanı tez yorulma, zəiflik, sinədə ağrı kimi əlamətlərin yaranmasına, aritmiyalara, ürəyin böyüməsinə və ən ağır formada isə ölümə gətirib çıxara bilər”.
Onun sözlərinə görə, müalicə iltihaba səbəb olmuş əsas xəstəliyin müalicəsi, simptomatik və kardio protektiv dərmanların təyini ilə aparılır. 6 aya qədər fiziki məşqlərə qadağa qoyulur:
“Kristian Eriksona isə qəfləti ölümün qabağını almaq üçün kardioverter-defibrilyator (ICD) implantasiyası məsləhət olunub. COVID-19 xəstəliyinin belə ağır fəsadlaşmalara səbəb olduğunu nəzərə alaraq, pandemiya zamanı özünü qorumaq üçün karantin qaydalarına ciddi riayət etmək, peyvənd olunmaq və COVID-19 xəstəliyi keçirmiş insanların kardioloji müayinələrdən keçməsi olduqca vacibdir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay