
Vergi güzəştlərindən yararlanacaq şirkətlər kimlərindir? - ARAŞDIRMA
"Balaxanı Sənaye Parkı”nda son qeydiyyata alınan 3 rezidentlə bağlı iqtisadçı Toğrul Vəliyev araşdırma aparıb.
Valyuta.Az xəbər verir ki, iqtisadçı 7 il ərzində vergi güzəştlərindən yararlanacaq şirkətlərin əsl sahiblərinin kimliyinin gizli saxlanılmasından narahatlığını ifadə edib:
"Birincisi Horeca MMC-dir.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, kimyəvi təmizlik vasitələri və kağız məhsulları istehsalı ilə məşğul olacaq Horeca MMC xammal kimi kimyəvi maddələr və kağız tullantılarından istifadə edəcək. İl ərzində 1000 ton kimyəvi təmizlik vasitələri və 1500 ton kağız məhsullarının istehsalını nəzərdə tutan layihənin dəyəri 2,4 milyon manatdır. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaq.
Horeca MMC-yə mən bir neçə dəfə dövlət satınalmalar reyestrində rast gəlmişəm. Reyestrin məlumatına görə, şirkət 2020-ci ildə 104 min manatlıq 5 müqavilə imzalayıb. Müqavilələrin üçü Bakı Sağlamlıq Mərkəzi ilə bağlanmışdı. Bütün müqavilələrə görə şirkət "təsərrüfat (təmizlik) malları" çatdırmalı idi. Müqavilələrin birinə görə Bulvar idarəsi 8,1 min manatlıq "mətbəx salfetka (Zet, böyük)" əldə edib.
Şirkətin sahiblərinə gəldikdə isə, şirkət 2011-ci il avqustun 17-də qeydiyyata alınıb. Şirkətin saytı da var (Azərbaycan reallığında bu, ən azı şirkətin fəaliyyət göstərdiyi deməkdir). Faktiki ünvanı Adore Plazadır, amma hüquqi ünvanı 4-cü mikrorayonda yerləşir. Şirkət təsis olunan müddətdə Azərbaycanda kommersiya hüquqi şəxslərin reyestri açıq olduğu üçün, ən azı təsis dövründə sahiblərini bilirik: MİRUAŞVİLİ JUMBER NAZAROVİÇ (Gürcüstan Respublikası), QARAŞLI RƏŞXAN NƏCƏF OĞLU və İBRAHİMOV ANAR AKİF OĞLU. Şirkət o vaxtdan bəri nə hüquqi ünvanını, nə də nizamnamə kapitalını dəyişdirib. Amma təsis sənədlərində 2021-ci ilin martında hansısa dəyişiklik baş verib. Nə baş verib - bilmirik - bəlkə də direktor dəyişib (qabaqlar başqa şəxs idi. Təsis olunanda ümumiyyətlə, Gürcüstan vətəndaşı nümayəndə idi). İndiki direktor (daha doğrusu, qanuni nümayəndə) Daşqın İbişovdur. Açıq mənbələrdə olan məlumata görə, Horeca MMC-nin direktor müavinidir. Eyni adda insan Engin Ltd şirkətində də çalışıb. Eyni zamanda atası ilə eyni adda olan insan 2020-ci ilin noyabrın 4-də prezidentə Yardımlı əhalisi adından minnətdarlıq bildirib.
- İkincisi "Buta Project” MMC-dir.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, hidroizolyasiya və dam örtükləri istehsal etməyi planlaşdırır. Dəyəri 1 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 3,2 milyon kvadratmetr izolyasiya materialı istehsal ediləcək. Şirkət 2020-ci il mayın 22-də qeydiyyata alınıb. Eyni ünvan üzrə və eyni qanuni təmsilçi ilə "Buta Distribution Limited" MMC də qeydiyyatdan keçib. Bu şirkət də 2020-ci ildə qeydiyyata alınıb. Eyni qanuni təmsilçiyə malik digər şirkət isə "Alat Seaport Services Group" adlanır. O da 2020-ci ilin sentyabrında qeydiyyata alınıb. Hər hansı fəaliyyəti barədə məlumat tapa bilmədim. Amma qanuni təmsilçi deyəsən özü şirkətlərin işi ilə məşğuldur. Ən azı Vergi Xidmətinin saytında müvafiq suallar da yazıb.
- Üçüncüsü isə "Chameleon Group” MMC-dir.
İqtisadiyyat Nazirliyinin məlumatına görə polietilen tullantıların emalı nəticəsində qranul istehsalı üzrə ixtisaslaşacaq şirkət, il ərzində 1000 ton məhsul istehsal edərək əsasən daxili bazarı təmin etməyi nəzərdə tutur. Layihənin ümumi dəyəri 250 min manatdır. Şirkət 2013-cü ilin iyulunda qeydiyyata alınıb. Qanuni nümayəndəsi qismində isə Elqar Bağırov çıxış edir. Eyniadlı şəxs isə "Caspian Energy USA"nın baş icraçı direktorudur. Report.az-ın məlumatına görə 2007-ci ildə "Times Consulting" şirkətinin əsasını qoyub. 2015-ci ildən "BT Project" şirkətinin həmtəsisçisi, Gate 25 brendinin sahibidir. 2017-ci ildən "Caspian European Club"un idarə heyətinin üzvüdür, klubun Kiçik və Orta Biznes üzrə Komitəsinə rəhbərlik edir.
Bunu yazmağımın əsas məqsədi şəffaflıqdır. Məsələ ondan ibarətdir ki, Balaxanı Sənaye Parkında rezident olan şirkətlər bir sıra güzəştlərdən istifadə etmək hüququna malikdir. Bu güzəştlər arasında 7 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azadolunma, sənaye parkında istehsal sahəsinin qurulması və məhsul istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular ƏDV-dən və idxal rüsumundan azad edilir. Yəni başqa sözlə, dövlət büdcəsi hesabına birbaşa da olmasa, dolayısı yolla subsidiya alırlar. Əgər dövlət büdcəsi hesabına dəstək alırlarsa, bu şirkətlər barədə məlumat tam açıq və şəffaf olmalıdır...”
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay