"Türkiyə sığorta bazarından öyrənəcəyimiz çox şey var" - MÜSAHİBƏ
"Azərbaycanın da iştirakı ilə türk dünyasını əhatə edən Turan sığortaçılığı yaradılır"
Qeyri-formal məşğulluğun rəsmiləşdirilməsi ilə rəsmi qeydiyyata alınmış işçilərin icbari sığortalanması tələbatı yarandı. Bu da təbii olaraq sığorta yığımlarının artmasına gətirib çıxarıb. Amma pandemiyanın mənfi təsiri sığorta bazarından da yan keçməyib. Mənfi təsir daha çox nəqliyyat vasitəsi sahiblərinin icbari sığortası və səfər sığortalarının yığımlarına olub. Nəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımlarda 15% azalma qeydə alınıb. Daha böyük mənfi təsirə məruz qalan səfər sığortası yığımlarında isə sərhədlərin bağlanması və uçuşların ləğv olunması səbəbi ilə ötən il ilə müqayisədə 2.5 dəfə azalma, yük sığortasında isə əksinə 2 dəfədən çox artım müşahidə olunub.
Valyuta.Az Azərbaycan sığorta bazarının bugünkü vəziyyətini sığorta eksperti Əli Bayramovla müzakirə edir:
- Əli bəy, sığorta bazarında hazırki vəziyyəti necə qiymətləndirisiniz?
- Azərbaycanda 700 milyon manat həcmində sığorta bazarı var. Sığorta vasitəçilərinin, sığorta agentlərinin rolu bu bazarın inkişafında danılmazdır. Buna görə də, hesab edirəm biz agent bazarını böyütməliyik və əhalinin sığorta üzrə maarifləndirilməsini təşkil etməliyik. İnsanların sığorta şirkətlərinə etibarı yüksək deyil. Bu da sığorta hadisələri zamanı sığorta ödənişlərinin verilməsində yaradılan süni maneələrlə bağlıdır. Azərbaycanın sığorta sektorunda bəzi sahələr inkişaf etmiş sığorta ölkələri ilə eyni həddə çatdrılıb. Məsələn, Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası o qədər keyfiyyətlə rəqəmsal şəkilə salınıb ki, qardaş Türkiyədə belə, bu istiqamət belə rəqəmsallaşdırılmayıb.
Dediyim kimi, əhalinin sığorta məlumatlılığı yetərli deyil. Sığortanın dərinlikləri açıqlanmalıdır, insanlar buna əlavə xərc kimi yox, həyatlarının ayrılmaz hissəsi kimi baxmağı öyrənməldiirlər. Sığorta insanlarımızı bütün risklərdən olmasa da, əhəmiyyətli dərəcədə böyük risklərdən qoruya bilər. Bu anlamda sığorta şirkətləri özləri maraqlı olmaldırlar. Öz marketinq büdcələrini korporativ sosial məsuliyyət yönümlü marketinq addımlarına yönəltməlidirlər. Sığorta baxımından məlumatsız kütlələri maarifləndirmək yönündə işlər aparmalıdırlar.
- Müharibədən sonra qardaş Türkiyə ilə bir sıra sazişlər bağlandı, o cümlədən Azərbaycan Sığortaçılar Assosasiyası qardaş ölkə ilə saziş imzaladı. Türkiyənin sığorta bazarının Azərbaycana hansı təsiri olacaq?
- Bir neçə aydır Türkiyə Sığorta Birliyi ilə Azərbaycan Sığortaçılar Assosasiyası arasında memorandum imzalanıb. Türkiyə bazarından öyrəniləcək çox şey var. Türkiyə sığorta bazarında xarici investorlara böyük şərait yaradılıb. Xarici kapitallı sığorta şirkətləri Türkiyə bazarlarında özlərinə yer alıblar. Onların gətirdikləri yeni layihələr, mükəmməl yanaşmalar Türkiyə bazarının inkişafına gətirib çıxarıb və bu istiqamətdə bizim Türkiyə sığortaçılarından öyrənəcəyimiz çox şey var. Onlar bu sahədə bizdən daha dərin və təcrübəlidirlər. Türkiyə Azərbaycan arasında sığorta körpüsü qurulub və nailiyyətlər var. 2 aydır türkiyəli həmkalarımız bizə pulsuz təlimlər keçirlər, eyni zamanda bazarımızda yeni sığorta məhsullarının hazırlanması üzərində işləyirik. Agent bazarının strukturlaşdırılması artıq başlayıb. İndiyə qədər ölkəmizdə sığorta agentləri ilə bağlı br qurum yox idi.
- Bu nəyi dəyişəcək?
- Agentlərin bir yerdə cəmlənməsi yeni fikirlər, yeni ideyalar yaranmasına səbəb olacaq. Sığorta agentlərinə satmaq üçün yeni məhsullar vermək lazımdır. Sığorta məhsullarının satılması üçün sığorta satış kanalları təqdim etmək lazımdır. Biz müvafiq təkrar sığorta təminatı üzərində çalışırıq ki, bazara tam hazır məhsul təqdim edək, nəticədə agentlərimiz istifadə etsin, bazar inkişaf etsin.
- Yeni məhsulların bazara çıxarılmasında, yoxsa təqdimatında problem var?
- Məhsulun təqdimatında deyərdim. Alıcı yaxşı bilməlidir ki, o bu sığorta məhsulunu alarsa, hansı xidmətləri əldə edəcək. Sığortayla bağlı biliklər artırılmaldır. Yalnız Bakıda deyil, həm də regionlarda. Yadınızdadırsa, Zaqatalada baş verən zəlzələdən sonra əmlakın icbari sığortası məsələsi gündəmə gəlmişdi və vətəndaşlar bunun vacibliyini dərk etmişdilər. Təəssüf ki, bu sahə bizdə hələ də yaxşı inkişaf etməyib. Baxmayaraq ki, Prezident bu barədə göstəriş verib. Bizim hesablamalarımız göstərir ki, siqaret çəkən adam gündəlik bir ədədə siqaret az çəksə, öz əmlakını sığortalada bilər.
- Türkiyə ilə təlimlər bizə nə öyrədəcək? Bizdə əsasən kasko və icbari sığorta populyardır.
- Artıq nəticələr var. Biz dəyişirik. Hətta sığortaçı olaraq mən özüm də dəyişirəm. Sığortaçılarımız əksərən tipik sığorta növləri ilə məşğul olurlar. Türkiyə ilə əlaqələrin bizə yeni nəfəs gətirəcəyinə əminəm. Motivasiya olacaq. Əminəm ki, çox qısa zamanda yeni nəticələri müzakirə edəcəyik.
- Bir müddət öncə Turan sığortaçılığı barədə danışıldı, onun yaradılması realdırmı?
- Artıq Türkiyənin dəstəyi ilə türk sığorta bazarından yararlanma platforma halına gətirlib və bu platforma 2 aydır Azərbaycanda da fəaliyyət göstərir. O cümlədən, Qazaxıstan, Qırğızısan və Özbəkistanda da nümayəndəlikləri açılıb. Buraya İraqda yaşayan 3 milyondan çox türk və macarların da dəvət edilməsi gözlənilir. Məqsəd sığortaçılar arasında fikir mübadiləsi aparmaq və müvafiq bazarları inkişaf etdirməkdir.
İlhamə
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay