
Qeydiyyatsız evlər necə sənədləşdiriləcək? - ŞƏRH
Vüqar Bayramov: “Bu sahədə Rusiya modelindən istifadə olunması məqsədə uyğun olardı”
Bir neçə il öncə inventarlaşdırılmasına başlanılan qeydiyyatsız evlərin rəsmilləşdirilməsi ilə bağlı proseduraların hazırlanması prosesinin bu il intensivləşəcəyi gözlənilir.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, indiyədək Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb:
“Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanması, qeydiyyat prosesinə başlanılması iqtisadi baxımdan da vacibdir. İlkin qiymətləndirmələrə görə, Azərbaycanda 500 minə yaxın sənədsiz tikili var. Onlardan 400 mini Bakı və Bakıətrafı ərazilərdədir. Bizim qiymətləndirmələr göstərir ki, sənədsiz tikililərin təxminən 60 mini təhlükəli və ya qanunla inşaata icazə verilməyən ərazilərdə yerləşir. Bunlar əsasən neft buruqları, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaza yaxın olan ərazilərdə inşa edilən evlərdir”.
Evlərin bir qisminin kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edildiyini söyləyən iqtisadçı-deputat əlavə edib ki, həmin torpaqlarda evlərin inşa edilməsi qanunla qadağan hesab edilir: “Kənd təsərrüfartına yararlı torpaq sahələrindəki tikintilərə gəldikdə isə, bir ərazidə kütləvi şəkildə evlər inşa edilibsə, o zaman həmin torpaqların təyinatı dəyişilməsi məqsədə uyğun olardı. Əgər həmin ərazidə kütləvi deyilsə, o zaman onlara ayrıca baxılıb qərar verilə bilər. Eyni zamanda, evlər yüksək gərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümükündürsə, o zaman burda sənədləşmə ilə bağlı heç bir problem yaratmaya bilər”.
Onun sözlərinə görə, növbəti mərhələdə qeydiyyatsız evlərin sənədləşməsinə başlanılacağı gözlənilir: “Bu sahədə Rusiya modelindən istifadə olunması məqsədə uyğun olardı. Yəni nisbətən aşağı ödənişli dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilə və həmin şəxslərin mülkiyyət hüquqlarının tanına bilər. Bu eyni zamanda, fiskal ödənişlərin artırılması baxımdan da vacibdir”.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay