Sosial sığorta haqqı, yoxsa həyatın yığım sığortası? - ŞƏRH
İlkin İbrahimov: “Sığorta şirkətində toplanan vəsait bütün hallarda vətəndaşın özünə qaytarılır”
Pensiya təyinatı ilə bağlı qanunvericilikdə son illərdə aparılan dəyişikliklər yenidən gündəmdədir. “Əmək pensiyaları haqqında” qanunun tələbinə görə, əmək qabiliyyətli şəxslərin pensiyaya çıxması üçün 25 il iş staji və pensiya kapitalı tələb olunur. Pensiya kapitalının məbləği isə vaxtaşırı minimum pensiya həddi ilə indeksasiya edilərək artırılır. Bu günədək həmin məbləğ 28 min 800 manatdır. Beləliklə, qanunvericiliyin tələbinə uyğun olaraq 25 iş stajı və fərdi hesabında 28 min 800 manat kapitalı olan şəxslər əmək pensiyasına çıxa bilərlər. Burada güzəştli qruplar üçün istisnalar nəzərə tutulub. Ancaq mövcud əmək şərtləri və əməkhaqqı ödənişlərində tətbiq edilən “qara mühasibatlıq” ənənəsi bir çoxlarını bu ödənişlərdən məhrum edir.
Pensiya kapitalı işçilərin və fərdi sahibkarların gəlirlərindən tutulan məcburi dövlət sosial sığorta haqqı hesabına formalaşır. Yəni, bu ödəniş hər kəsin fərdi hesabında toplanır və indiki tələbə uyğun olaraq 28 min 800 manata çatdıqda pensiyaya çıxmaq hüququ yaranır. Məcburi dövlət sosial sığorta haqqının məbləği isə şəxslərin dövlət və qeyri-dövlət sektorunda, tikinti, ticarət, kənd təsərrüfatı sahələrində çalışmasından asılı olaraq dəyişir.
Onu da deyək ki, minimum pensiya məbləği artdıqca pensiya kapitalına tələb də artır. Hazırda minimum pensiya məbləği 200 manat müəyyən edilib. Hesablamalara görə, əgər minimum pensiya məbləği 250 manat olarsa, o zaman minimum pensiya kapitalı 36 min manata, 300 manata qədər artırlarsa isə həmin kapitalın məbləği 43 min 200 manata qalxa bilər. Həmin tələbi ödəyə bilmədikdə isə işləyib-işləməməsindən, az da olsa pensiya kapitalı toplamasından asılı olmayaraq vətəndaşlar pensiya yaşı çatanda ancaq yaşa görə müavinət ala bilər. Hazırda onun məbləği 130 manatdır.
Bu halda işləyənlərlə işləməyənlərin fərqləndirilməməsi insanların ciddi narazılığına səbəb olub. Mütəxəssislər bununla bağlı qanunvericiliyin liberallaşdırılmasını, pensiya kapitalı ilə bağlı tələbin yumşaldılmasını təklif edirlər. Onların bir qrupu isə pensiya kapitalına bərabər tutulan və istifadəsi daha rahat görünən həyatın yığım sığortasına üstünük verirlər.
Sığorta mütəxəssisi İlkin İbrahimov Valyuta.az-a açıqlamasında, ölkəmizdə Dövlət Sosial Müdafiə Fonduna köçürmələrin məcburi olduğunu və qanunla tənzimləndiyini deyib:
“Biz hər ay öz əmək haqqımızın müəyyən faizini məcburi qaydada həmin Fonda köçürürük ki, gələcəkdə qocalanda hansısa məbləği dövlət bizə aylıq sosial dəstək kimi versin. Sağlamlığın itirilməsi, pensiya kapitalının yığılması və müəyyən yaşa çatdıqda və ya əlilliklə bağlı da dövlət sosial muavinət təyin edir. Qeyd etmək istərdim ki, həmin məbləğin yığılması və idarə olunması üçün dövlət minlərlə işçi cəlb edir, əmlaklar alır və ya icarəyə götürür. Hətta xidmətin idarə olunmasına görə xidmət haqqı da tutulur. Dünya təcrübəsində sosial fondlar həm də özəl fondlar kimi fəaliyyət göstərir. Yəni, yığılan pula xidmət və idarə olunmasına görə fərqli məbləğlər təyin olunur ki, vətəndaş seçim hüququndan istifadə edərək özünə sərfəli olan variantı seçsin”.
Qeyd edək ki, hazırda Azərbaycanda özəl pensiya fondları fəaliyyət göstərmir, lakin qanunvericilik bunu qadağan etməyib. Sadəcə bu barədə əhalinin məlumatlılığı aşağı səviyyədə olduğundan belə bir xidmətə maraq göstərilmir. Lakin həyat sığortası edən şirkətlər belə bir xidmət təklif edirlər.
Bu barədə danışan İ.İbrahimov, şirkətlərdə pensiya kapitalına oxşar könüllü yığım sığortalarının tətbiq olunduğunu və Azərbaycanda da həyat sığorta şirkətlərinın bu cür həyatın yığım sığortası etdiklərini deyib: “Qanunvericiliyə əsasən, vətəndaşların bütün əməkhaqqını könüllü yığım sığortasına yönəltmək hüququ vardır. Lakin 2017-ci ildə Vergi Məcəlləsinə edilən dəyişikliklə əməkhaqqının yalnız 500 manata qədər olan hissəsini könüllü olaraq həyat yığım sığortasına ötürmək hüququ verildi. Bildiyimiz kimi, ölkəmizdə sığorta sektorunun əsas sığorta haqqı da həyat sığortasıdır. Bu qaydaya görə, həm işəgötürən, həm də işçinin razılığı ilə onun əməkhaqqının 500 manata qədər hissəsini həyatın yığım sığortasına yönəldilir”.
Sığortaçı vurğulayıb ki, pensiya kapitalından fərqli olaraq, sığorta şirkətində toplanan həmin vəsait müqaviləyə uyğun olaraq bütün hallarda vətəndaşın özünə qaytarılır: "İşçi əmək müqaviləsi bağladığı müddətdə sağlamlığını tam və ya qismən itirildiyi, ölüm halında sığorta kompensasiyasını ala bilər. Sığorta hadisəsi baş vermədiyi təqdirdə isə müqavilənin sonunda yığılan məbləğ vətəndaşa qaytarılır".
Belə müqavilələrin adətən 5 ilə kimi müddətə bağlandığını deyən İ.İbrahimov, vətəndaşın istədiyi zaman müqavilədən çıxaraq pulunu geri götürmək hüququnun olduğunu da vurğulayıb: “Bu sizin üçün seçimdir; ya 62-65 yaşadək gözləyib təqaüd ala bilərsiz, ya da 3-5 ildən bir yığılan məbləği götürə bilərsiz”.
Onu da deyək ki, həyatın yığım sığortası vərəsəlik qaydasında da ödənilə bilir. Tutaq ki, həmin sığortanın alıcısı olan ailə başçısı bədbəxt hadisə nəticədə gözlənilmədən dünyasını dəyişərsə, şığorta şirkəti ona məxsus olan vəsaiti ailə üzvlərinə ödəyir. Bu zaman ailə üzvü aylıq və ya birdəfəlik ödəniş ala bilər.
Beləliklə, təhlillər göstərir ki, həyatın yığım sığortası bir çox tərəfləri və aktuallığı ilə məcburi dövlət sosial sığorta yığımlarını üstələyir. Hələlik ölkəmizdə özəl pensiya fondları olmasa da vətəndaşlar gələcəklərini sığortalamaq üçün aylıq gəlirlərini məhz həmin yığımlara yönləndirə bilərlər.
Valyuta.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay