Neft Fondu “AzerGold”-dan il ərzində nə qədər saf qızıl alıb?
2020-ci ildə “AzerGold” QSC hasil edilən metalların dünya bazarlarında ixracı ilə yanaşı ölkənin qızıl ehtiyatlarının Azərbaycan qızılı hesabına da formalaşması işinin təşkili istiqamətində fəaliyyətini davam etdirib.
“AzerGold” QSC-dən bildirilib ki, ötən il də şirkət tərəfindən hasil olunan qızılın Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən alışı təşkil edilib.
Məlumata görə, 2020-ci ildə Fonda 17,9 min unsiya saf qızılın satışı həyata keçirilib ki, bu da Cəmiyyət tərəfindən ötən il həyata keçirilən qızıl satışının ümumi həcminin 30 %-i təşkil edir.
2021-ci planları:
2021-ci il ərzində “AzerGold” QSC-nin qızıl üzrə hasilat planı 55,2 min unsiya, gümüş üzrə 86,6 min unsiya təşkil edir.
“AzerGold”dan “Report"a verilən məlumata görə, qiymətli metalların dünya birjalarında satış hədəflərinə gəlincə isə bu, qızıl üzrə 55 min unsiya, gümüş üzrə isə 93 min unsiyadır.
“AzerGold”un 2021-ci il üçün hasilat proqnozu 2020-ci illə müqayisədə qızıl hasilatı üzrə 8 %, gümüş hasilatı üzrə isə 28,43 % azdır.
Ötən il cəmiyyətin dünya bazarlarına çıxardığı qızıl və gümüşün həcmi artıb. Belə ki, “AzerGold” 59,4 min unsiya qızıl, 119,4 min unsiya gümüş ixrac edib. Bu, bu ilin proqnozu ilə müqayisə müvafiq olaraq 7,4 % az və 22,1 % çoxdur. Bu qiymətli metalların satışından dövlət şirkəti ötən il ölkə iqtisadiyyatına ümumilikdə 186,5 milyon manat məbləğində vəsait cəlb edilib.
Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı əsasında 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 37 milyon manatdır. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay