
Deputata məxsus olduğu deyilən şirkət 10 milyonluq tender uddu
İnnovasiya və Təchizat Mərkəzi “Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması ilə bağlı keçirdiyi tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi "Azəri Med" QSC seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 10 milyon 640 min 098 manatdır.
"Azəri Med” QSC 2004-cü ildə 10 000 manatlıq nizamnamı kapitalı ilə təsis edilib. Tibbi avadanlıqların satışını həyata keçirən QSC bu sahədə inhisarçı şirkətlərdən hesab edilir.
Bu şirkətin deputat Kamaləddin Qafarova məxsus olması barədə iddialar var. Şirkətlə bağlı məlumatları təhlil etdikdə bu iddiaların əsassız olmadığı qənaəti yaranır.
"Azəri Med" QSC-nin 2009-2013-cü illərdə qanuni təmsilçisi olmuş Qafarov Hüsaməddin Şəmsəddin oğlu Kamaləddin Qafarovun yaxın qohumudur.
Bundan başqa, reyster məlumatlarında şirkətin hüquqi ünvanı kimi qeyd edilən Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də deputatın ailə üzvlərinin qeydiyyatda olduğu bildirilir.
Kamaləddin Qafarov deputat olmamışdan əvvəl MOM direktor müavini vəzifəsində çalışıb. "Azəri Med" QSC-nin MOM-un keçirdiyi tenderlərin dəyişməz qalibi olması da bununla əlaqələndirilir.
Azərbaycan qanunvericiliyi deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay