
SEC "Binance"a qarşı qaldırdığı iddianı geri çəkdi
ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC), kriptovalyuta bazarının ən böyük iştirakçılarından biri olan "Binance"a qarşı açdığı qaldırdığı iddianı könüllü şəkildə dayandırıb. SEC ilə "Binance" və şirkətin qurucusu Çanpenq Çjao (Changpeng Zhao) arasında aparılan hüquqi proses çərçivəsində tərəflərin vəkilləri tərəfindən imzalanmış birgə imtina ərizəsi Vaşinqtondakı federal məhkəməyə təqdim edilib.
Qurumun yaydığı açıqlamada, iddianın dayandırılmasının SEC-in öz qərarı və siyasəti çərçivəsində verildiyi bildirilib. Eyni zamanda qeyd olunub ki, bu addım digər kriptovalyuta işlərinə və ya investorların müdafiəsi prinsiplərinə dair ümumi yanaşmanı əks etdirmir. İddianın "with prejudice" (yenidən açılmamaq şərti ilə) dayandırılması isə SEC-in gələcəkdə eyni mövzu üzrə yenidən iddia qaldıra bilməyəcəyi anlamına gəlir.
SEC-dən kriptovalyutalara yeni yanaşma
SEC-in bu addımı, ABŞ Prezidenti Donald Trampın ikinci dəfə Ağ Evə qayıtmasından sonra tənzimləyici qurumun kriptovalyuta sektoruna yanaşmasında dəyişiklik baş verdiyinin növbəti göstəricisi kimi qiymətləndirilir. Tramp administrasiyasının bazar dostu tənzimləmələr tətbiq etməyə meylli olması, kriptovalyuta sahəsində daha çevik bir mühitin yaranmasına zəmin yaradır.
"Binance" tərəfi isə SEC-in bu qərarını “bir dönüş nöqtəsi” kimi dəyərləndirib. Şirkətin sözçüsü tərəfindən verilən açıqlamada, qərarın həm sektor, həm də "Binance" üçün əhəmiyyətli bir mərhələnin başlandığını simvolizə etdiyi bildirilib. SEC-in bu məsələdə geri addım atması, "Binance"ın mövcud hüquqi strategiyaları baxımından da müsbət bir hadisə kimi dəyərləndirilib.
Kriptovalyuta tənzimləmələrində yeni dövr başlayır
SEC-in "Binance"ə qarşı iddianı geri çəkməsi, kriptovalyutaların hüquqi statusu ilə bağlı aparılan müzakirələrdə önəmli bir dönüş nöqtəsi kimi qiymətləndirilir. Tənzimləyici qurumun bu qərarı, ümumi tənzimləmə siyasətinin yenidən formalaşdığına dair güclü siqnal kimi qəbul olunur.
Bununla belə, SEC bu qərarın digər kriptovalyuta şirkətləri ilə aparılan məhkəmə proseslərinə təsirinin məhdud olduğunu bildirib və kriptovalyuta bazarlarına tamamilə fərqli münasibət göstəriləcəyinə dair qəti nəticə çıxarılmaması gərəkdiyini vurğulayıb. Qurum, sektor üzrə fərdi qiymətləndirmələr və siyasət yönümlü addımlarla prosesə davam edəcəyini qeyd edib.
Çjaodan SEC qərarına ironik reaksiya: “Kripto hələ də buradadır”
"Binance"ın keçmiş baş direktoru Çanpenq Çjao, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının ona və "Binance"a qarşı qaldırdığı iddianı “with prejudice” şərti ilə (yenidən açıla bilməyəcək şəkildə) dayandırmasından sonra sosial şəbəkədə diqqətçəkən paylaşım edib. Çjao, sabiq SEC sədri Qari Qenslerin (Gary Gensler) qırmızı kloun burnu taxdığı bir görüntünü paylaşaraq prosesə göndərmə edib və şəklin yanında sadəcə “Kripto hələ də buradadır” ifadəsinə yer verib.
Çjaonun paylaşımı, SEC-in yeni rəhbərliyi ilə birlikdə sektora qarşı daha yumşaq mövqe sərgiləməsinin ardından kriptovalyuta sənayesinə ruhlandırıcı mesaj kimi dəyərləndirilib. Xüsusilə SEC sədri Pol Etkinsin (Paul Atkins) və Tramp administrasiyasının “həddindən artıq tətbiq yönümlü tənzimləmələr”ə qarşı duruşu "Binance" tərəfindən də müsbət qarşılanıb.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay