
Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı
Fransa imperatoru Napoleonun şəxsi sifarişi ilə hazırlanmış qılınc Parisdə keçirilən hərracda satılıb.
Valyuta.az xəbər verir ki, qılınc 4,7 milyon avroya alıcı tapıb.
Bu məbləğ ilkin qiyməti bir neçə dəfə üstələyərək Napoleona aid artefaktlar üzrə rekord göstəriciyə yaxınlaşıb.
"Drouot" hərrac evindən verilən məlumata görə, 1802-ci ildə hazırlanmış bu qılınc 4,66 milyon avroya (5,27 milyon ABŞ dolları) satılıb. Hərrac "Giquello" şirkətinin təşkilatçılığı ilə "Drouot"un binasında baş tutub. İlkin qiymət 700 min – 1 milyon avro arasında dəyərləndirilmişdi.
Qeyd edək ki, 2007-ci ildə Napoleonun Marengo döyüşündə istifadə etdiyi digər qılınc 4,8 milyon avroya satılmışdı. Yeni satış həmin rekorda çox yaxın olub.
Napoleon bu qılıncı yaxın müttəfiqi Emmanuel de Qruşiyə (Emmanuel de Grouchy) hədiyyə etmiş və onu imperiyanın son marşalı təyin etmişdi. Qılınc 1815-ci ildən bəri Qruşi ailəsinin mülkiyyətində olub.
Bu qılıncın eyni nüsxəsi hazırda Rusiyanın Sankt-Peterburq şəhərindəki "Ermitaj" Muzeyində saxlanılır.
Fransada Napoleonun şəxsi əşyalarına kolleksiyaçılar tərəfindən böyük maraq var. 2023-cü ilin iyulunda onun intihar məqsədilə istifadə etməyi planlaşdırdığı iki tapança 1,7 milyon avroya, noyabrda isə məşhur "bikorn" papaqlarından biri 1,9 milyon avroya satılmışdı. 2024-cü ilin aprelində isə Napoleonun Papa VII Piyusun oğurlanmasında iştirakını inkar etdiyi əl yazısı məktubu 26.360 avroya alıcı tapıb.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay