
İş yerində diqqət dağınıqlığı - 7 üsulla xilas ola bilərik - SƏHƏR OXUSU
Müasir dövrdə diqqətin dağılması tamamilə normal bir haldır. İş zamanı fikriniz tez-tez yayınırsa, siz tək deyilsiniz. İş yerində bu problem iki qat təsir edir, çünki işçilərin məhsuldarlığı azalır. Bəs bu problemdən necə xilas ola bilərik?
Valyuta.az xəbər verir ki, Klinik psixoloq doktor Karen Keo diqqət və fokuslanma problemləri ilə bağlı araşdırmalar aparıb və bu istiqamətdə 7 praktik çıxış yolunu təqdim edib. Onun sözlərinə görə, beynimizin “konsentrasiya əzələsi”ni gücləndirmək mümkündür. Yetər ki, bunun üçün uyğun şərait və düzgün vərdişlər formalaşdırılsın.
Bioloji əsasları unutmayın
Əgər bədəniniz yorğundursa, acdırsa və ya xəstədirsə, beyniniz diqqət toplamaq üçün kifayət qədər güc sərf edə bilməz. Yaxşı konsentrasiya üçün yuxu, düzgün qidalanma, su balansı və rahat fiziki mühit əsas şərtdir. Otaq çox isti və ya çox soyuq olarsa, diqqət yalnız həmin narahatlığa yönələcək.
Fiziki mühitinizi düzənləyin
Dağınıq masa və həddindən artıq səs diqqət yayındırıcılarıdır. Masanızı sadələşdirin, lazım gələrsə “narahat etməyin” işarəsindən istifadə edin və ya musiqi vasitəsilə ətraf səsləri azaldın. İnsanın fərdi xüsusiyyətlərinə uyğun olaraq instrumental və ya tanış mahnılar diqqət toplamağa kömək edə bilər.
Diqqətli yanaşma tətbiq edin
Diqqət toplama məşqləri, xüsusilə nəfəsə yönəlmiş qısa meditasiya diqqəti bərpa etməyə kömək edir. Hər dəfə fikriniz yayınanda, nəfəsinizə qayıtmaqla beyninizə “indi və burada” olmaq vərdişi qazandıra bilərsiniz. Bu, impulsiv reaksiyaları da azaltmağa kömək edir.
Zamanı düzgün bölün
“Pomodoro” texnikası kimi metodlarla iş vaxtınızı 25 dəqiqəlik bloklara ayırıb 5 dəqiqə fasilə vermək diqqətinizi qorumağa kömək edə bilər. Kimisi üçün mikro fasilələr (hər 30 dəqiqədən bir 1-2 dəqiqəlik pauza) daha uyğun olur. Müxtəlif üsulları sınaqdan keçirin və sizə ən uyğun ritmi tapın.
Tapşırıq müxtəlifliyi yaradın
Multitasking, yəni eyni anda bir neçə işi görmək effektiv deyil. Əvəzində, müəyyən fasilələrlə iş dəyişmək və ya gündəlik tapşırıqları bloklara bölmək beyin üçün yenilənmə effekti yaradır və əvvəlki işə daha təzə baxış imkanı verir.
Bədən hərəkəti ilə beyni oyadın
Əgər diqqətinizi toplamaq çətindirsə, sadəcə qalxıb gəzin və ya yüngül hərəkətlər edin. Hərəkət zamanı beyin fərqli rejimə keçir və bu, sizə enerji verir. Eyni zamanda stres hormonları azalır, bu isə fokuslanmanı asanlaşdırır.
Özünüzü tənqid etməyin, mükafatlandırın
Qısa müddətli də olsa, diqqətinizi topladığınız zaman özünüzə kiçik mükafatlar verin. Bu istər sevdiyiniz bir qəlyanaltı, istər 5 dəqiqəlik telefon baxışı, istərsə də bir jurnal oxumaq olsun – beyniniz bu “nəticə = mükafat” bağlantısını qurur. İcra etdiyiniz işləri siyahıya alıb işarələmək belə psixoloji mükafat rolunu oynayır.
Əgər diqqət çatışmazlığı davamlı və güclüdürsə, tibbi səbəbləri araşdırmaq vacibdir. Lakin gündəlik çətinliklər üçün bu sadə üsullar sizə kömək edə bilər. Əsas məsələ isə – özünüzə qarşı anlayışlı olmaqdır. Fokuslanma bir bacarıqdır və bu bacarığı zamanla gücləndirmək mümkündür.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay